A

UNEC-in Rus İqtisad Məktəbinin direktoru Mənsur Bərxudarov Qazaxıstanda keçirilən beynəlxalq ixtisasartırma kursunda iştirak edib.

UNEC ilə Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universiteti arasında əməkdaşlıq çərçivəsində təşkil olunan “Rəqəmsal iqtisadiyyat və cəmiyyət kontekstində əhalinin koqnitiv potensialı” mövzusunda müəllif kursu uğurla başa çatıb.

Mayın 12-dən etibarən Şərqi Qazaxıstan Universitetinin Peşə Hazırlığı və İxtisasartırma Resurs Mərkəzində keçirilən kursun əsas məqsədi rəqəmsal iqtisadiyyatın inkişafında əhalinin koqnitiv potensialının roluna dair sistemli anlayışın formalaşdırılması, həmçinin onun qiymətləndirilməsi, idarə olunması və inkişaf etdirilməsi bacarıqlarının aşılanması olub.

9 moduldan ibarət proqram çərçivəsində koqnitiv potensialın nəzəri əsasları, rəqəmsal iqtisadiyyat və düşüncə transformasiyası, koqnitiv bacarıqların qiymətləndirilməsi, insan kapitalının inkişafı, süni intellekt və data əsaslı yanaşmalar, eləcə də təşkilati və korporativ səviyyədə koqnitiv potensialın idarə olunması mövzuları müzakirə edilib.

Kurs müddətində rəqəmsallaşmanın insan düşüncəsinə təsiri, koqnitiv kapitalın mahiyyəti, təhsil prosesində süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi kimi məsələlərə xüsusi diqqət ayrılıb.

Proqramın sonunda müəllif kursunun rəhbəri dosent Mənsur Bərxudarov universitetin müəllim heyətinə sertifikatlar təqdim edib.

Səfər çərçivəsində UNEC nümayəndə heyəti ilə Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universitetinin rəhbərliyi arasında beynəlxalq akademik tərəfdaşlığın inkişafına dair görüş də keçirilib. Görüşdə ali təhsil sahəsində beynəlxalq təcrübə mübadiləsi, elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə elmi layihələrin həyata keçirilməsi, akademik mobillik proqramlarının inkişafı, ikili diplom proqramları və beynəlxalq elmi konfransların təşkili məsələləri müzakirə olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay