BP və UNEC arasında bağlanmış qrant müqaviləsi çərçivəsində universitetin tədqiqatçıları İtaliyada elmi ezamiyyətdə olublar.
Elm və innovasiya məsələləri üzrə prorektor, professor Rövnəq Rzayev ilə “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri, dosent Tural Nağıyev 12–20 may tarixlərində İtaliya Milli Tədqiqat Şurasının “Nello Carrara” Tətbiqi Fizika İnstitutunda elmi tədqiqatlar aparıblar.
Ezamiyyət çərçivəsində UNEC-in Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzində sintez edilmiş yeni material nümunələrinin quruluş, optik və elektrik xassələrinin öyrənilməsi istiqamətində genişmiqyaslı kompleks tədqiqatlar həyata keçirilib. Müasir laboratoriya avadanlıqları vasitəsilə aparılan analizlər nəticəsində əldə olunan ilkin elmi nəticələrin perspektivli olduğu vurğulanıb.
Tədqiqatlar zamanı kompozit materialların müxtəlif tətbiq sahələrində istifadəsi imkanları, onların funksional xüsusiyyətlərinin artırılması və innovativ texnologiyalarda tətbiqi istiqamətində fikir mübadiləsi aparılıb. Həmçinin tərəflər arasında elm, innovasiya və texnologiya transferi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Səfər çərçivəsində gələcəkdə UNEC və İtaliya Milli Tədqiqat Şurasının müvafiq institutları arasında birgə elmi layihələrin icrası, beynəlxalq qrant proqramlarında ortaq iştirak, elmi nəşrlərin hazırlanması və tədqiqatçı mübadiləsinin həyata keçirilməsi ilə bağlı razılıq əldə olunub. Eyni zamanda hər iki qurumun maddi-texniki bazasının imkanlarından qarşılıqlı şəkildə istifadə etməklə birgə tədqiqatların daha da genişləndirilməsi nəzərdə tutulur.