UNEC tələbələri Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının "Şöhrət" muzeyinə səfər ediblər.
Tələbə rektor Elmir Sadıqovun, Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Elmi Cəmiyyəti və Tələbə Gənclər Təşkilatının nümayəndələrinin iştirak etdiyi səfərdə ümumilikdə 75 nəfər muzeyi ziyarət edib. Tələbələr eksponatlarla tanış olduqdan sonra xatirə şəkli çəkdirmişlər.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının "Şöhrət" muzeyi Ümummilli Liderin xatirəsini əbədiləşdirmək, həyat və fəaliyyətinin, nəsillərə örnək olan mənalı ömür yolunun və irsinin öyrənilməsini, gələcək nəsillərə çatdırılmasını, Azərbaycan gəncliyinin Heydər Əliyev amallarına sədaqət ruhunda tərbiyə olunmasını təmin etmək məqsədilə yaradılmışdır.
Unikal məzmuna və nəfis tərtibata malik olan "Şöhrət" muzeyinin, eləcə də Ümummilli Lider Heydər Əliyevin muzey qarşısında ucaldılmış möhtəşəm abidəsinin təntənəli açılış mərasimi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2006-cı il mart ayının 27-də Akademiyaya səfəri zamanı baş tutmuşdur.