UNEC-in 90 illik yubileyi ilə bağlı tədbirlər planı çərçivəsində universitetin dünyasını dəyişmiş alim və əməkdaşlarına həsr olunan “Alimlərimizi yad edirik” rubrukasında onların həyat və yaradıcılıqları barədə materiallar təqdim olunur. Budəfəki rubrika tanınmış iqtisadçı alim, nüfuzlu pedaqoq, iqtisad elmləri doktoru, professor Telman Hüseynova həsr olunur.
Telman Əlihüseyn oğlu Hüseynov 1934-cü ilin dekabr ayının 28-də Cəbrayıl rayonunun Quycaq kəndində anadan olub.
1951-ci ildə həmin rayonda orta məktəbini bitirdikdən sonra, "Neft və qaz texnologiyası" ixtisası üzrə Bakı Neft Texnologiyası Texnikumunda ali təhsil alıb. 1955-ci ildə isə K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1959-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Sənayenin iqtisadiyyatı fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. O, institutda təhsil aldığı illərdə elmi-tədqiqat işinə meyl göstərmiş, üçüncü kursda oxuyarkən "Azərbaycan sənayesinin inkişafı" mövzusunda institutun professor-müəllim heyəti qarşısında elmi məruzə etmişdir. Elmi axtarışlar sahəsində müvəffəqiyyətlərinə görə o, 1958-ci ildə institut tələbə elmi cəmiyyətinin sədri seçilmişdir.
Telman Hüseynov institutu bitirdikdən sonra əvvəlcə Bakı fəhləsi zavodunda normallaşdırıcı, 1960-cı ildən 1962-ci ilə qədər isə keçmiş Sovetlər İttifaqında böyük nüfuza malik olan Azərbaycan Elmi-Tədqiqat Neft-Maşınqayırma İnstitutunun Texniki-iqtisadi tədqiqat şöbəsində baş iqtisadçı vəzifəsində işləmişdir.
Bu dövrdə respublikanın sənayesində keyfiyyət dəyişikliklərinə böyük ehtiyac var idi. Keçmiş SSRİ kimi nəhəng bir ölkənin iqtisadiyyatında xüsusi rol oynayan Azərbaycan neft-maşıqayırma sənayesinin iqtisadi problemlərinin tədqiqi çox aktual bir məsələ kimi qarşıda dururdu. Gənc mütəxəssis Telman Hüseynov Azərbaycanın görkəmli iqtisadçı alimlərinin rəhbərliyi altında Azərbaycan Elmi-Tədqiqat Neft-Maşınqayırma İnstitutunda sahənin iqtisadi məsələlərinə dair tədqiqatlar aparırdı.
T.Hüseynov bu dövrdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasına daxil oldu. Həmin vaxtda Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda çox maraqlı elmi işlər aparıb. 1967-ci ildə "Neftmaşınqayırma sənayesinin əsas fondları və onlardan istifadənin yaxşılaşdırılması yolları" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Onu da qeyd etmək lazımdır ki, bu illərdə iqtisadçılar arasında istehsalın səmərəliliyi, əsas istehsal fondlarından istifadə məsələsi ən aktual və az tədqiq edilmiş problemlərdən sayılırdı. Neft-maşınqayırma sənayesinin iqtisadi aspektlərinin incəliklərinə ətraflı bələd olan Telman Hüseynov namizədlik dissertasiyasında konkret faktlara əsaslanaraq istehsal fondlarından istifadənin yaxşılaşması ilə bağlı elmi və əməli əhəmiyyət kəsb edən nəticələr əldə etdi, ona görə də Elmi Şura onların neft-maşınqayırma müəssisələrində tətbiqinin zəruriliyini məqsədəuyğun saymışdır.
Namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdikdən sonra Telman Hüseynov bir müddət həmin institutda kiçik elmi işçi vəzifəsində çalışmışdır.
1967-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda baş müəllim vəzifəsində işləməyə başlamış T.Hüseynov 1968-ci ildə Azərbaycanda ilk dəfə həmin institutda yaradılmış "Maddi-texniki təchizatın iqtisadiyyatı" kafedrasına müdir vəzifəsinə seçilmiş və bu kafedrada 23 il fəaliyyət göstərmişdir. 1992-2014-ci illərdə bilavasitə “Sənayenin iqtisadiyyatı” (Müəssisənin iqtisadiyyatı) kafedrasına rəhbərlik etmişdir.
Telman Hüseynov sənayenin iqtisadiyyatı sahəsində ən yüksək professionallığı ilə fərqlənən iqtisadçı alimlərdəndir. Maşınqayırmanın respublika sənayesinin strukturunun təkmilləşdirilməsində, sosial-iqtisadi dirçəlişində rolunu çox düzgün və obyektiv qiymətləndirən Telman Hüseynov bu sahənin səmərəlilik problemlərini sistemli və kompleks şəkildə tədqiq edən ilk iqtisadçı alimlərdəndir.
Telman Hüseynovun 1989-cu ildə uğrla müdafiə etdiyi doktorluq dissertasiyasında respublikanın maşınqayırma sənayesinin inkişaf imkanları, bu sahəyə kapital qoyuluşu, onun səmərəliliyi məsələləri araşdırılır. Əsas fondlardan istifadənin iqtisadi inkişafa təsiri, sənayedə səmərəlilik probleminin metodoloji əsasları, göstəricilər sistemi, iqtisadi səmərəliliyin yüksəldilməsi məsələlərinə xüsusi diqqət yetirilir. Telman Hüseynovun doktorluq dissertasiyası keçmiş SSRİ-nin görkəmli iqtisadçı alimləri tərəfindən yüksək qiymətləndirildi. Keçmiş SSRİ Ali Attestasiya Komissiyası tərəfindən ona iqtisad elmləri doktoru alimlik dərəcəsi, bir müddətdən sonra isə professor elmi adı verildi. Onun zəngin iqtisadi, statistik materiallara, sistemli təhlilə əsaslanaraq istehsal potensialından effektli istifadə olunması istiqamətlərini özündə əks etdirən monoqrafiyası elmi ictimaiyyət və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Telman Hüseynov respublika sənayesinin konkret materialları, iqtisadi prosesləri sanballı təhlil edərək sübut edirdi ki, istehsalın səmərəliliyini artırmaq üçün təsərrüfat mexanizmi təkmilləşdirilməli, iqtisadi mexanizmlərdən, həvəsləndirmə metodlarından geniş istifadə olunmalı, sənaye yeni prinsiplər əsasında idarə olunmalıdır.
Professor Telman Hüseynovun yaradıcılıq fəaliyyətinin 50 ilə yaxın müddəti ali məktəbdə müəllimliklə bağlıdır. O, ali iqtisad məktəbində təhsil sisteminin təkminlləşməsinə böyük əmək sərf etmişdir. Belə ki,1986-cı ildə qara qüvvələrin bilavasitə köməyi ilə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu N.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun filialına çevrildi. Bu, həqiqətən, nəinki iqtisadçılar, bütünlükdə respublikamız üçün çox ağır bir hadisə idi. Telman Hüseynov bir müddət bu filialın direktorunun tədris işləri üzrə müavini təyin edilir. Elmin, təhsilin təəssübkeşləri, ziyalılarımız, hamı çalışırdı ki, respublikamızın mənafeləri baxımından Xalq Təsərrüfatı İnstitutu yenidən bərpa olunsun. 1991-ci ilin aprel ayından filialın sağlam kollektivinin gərgin əməyi sayəsində institutun statusu geri qaytarıldı. Bu işdə, tədris işləri üzrə direktor müavini kimi, professor Telman Hüseynovun xüsusi zəhməti olmuşdur.
Telman Hüseynov ali məktəbdə işlədiyi 50 ilə yaxın müddətdə professor elmi adına layiq görülmüş, kafedra müdiri, fakültə dekanı, prorektor və rektor əvəzi vəzifələrində çalışmışdır.
Professor Telman Hüseynov 1977-1987-ci illərdə nəşr olunmuş ilk "Azərbaycan Ensiklopediyası"nda sənaye iqtisadiyyatı ilə bağlı materialların hazırlanmasında da fəal iştirak etmişdir. Alim-pedaqoq uzun illər Azərbaycan Dövlət Maddi-Texniki Təchizat Komitəsinin kollegiyasının, Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunun, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutunun namizədlik və doktorluq dissertasiyalarının müdafiəsi üzrə daimi və birdəfəlik elmi şuralarının üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris Metodiki Şurasının sədri və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının sədr müavini işləmişdir.
Professor Telman Hüseynov elm sahəsində əldə etdiyi nailiyyətləri ilə respublikada iqtisad elminin inkişafına sanballı nəzəri-praktik töhfələr vermişdir. O, görkəmli alim olmaqla yanaşı, həm də gözəl pedaqoq idi. Yaradıcı ömrünü iqtisadçı mütəxəssislərin, pedaqoq və alimlərin hazırlanmasına həsr edən Telman Hüseynovun zəngin elmi-pedaqoji təcrübəsi iqtisadiyyat üzrə insan resurslarının inkişafında mühüm rol oynamışdır. Belə ki, hal-hazırda ölkə iqtisadiyyatının müxtəlif sahələrində çalışan peşəkar iqtisadçı kadrların hazırlanmasında Telman müəllimin xüsusi əməyi olmuşdur.
Respublikamızın tanınmış iqtisadçı alimlərindən biri olan Telman Hüseynov sənaye iqtisadiyyatı sahəsində, nəinki, ölkəmizdə, hətta bu sahədə çalışan MDB dövlətlərinin alimləri arasında xüsusi nüfuz qazanmışdır. Onun elmi-tədqiqat işləri Azərbaycanın milli iqtisadiyyatının formalaşmasında, inkişafında xüsusi yeri və rolu olan neftmaşınqayırma sənayesi ilə üzvi surətdə bağlı olmuşdur.
Professor Telman Hüseynov 160-a yaxın elmi və tədris-metodiki işlərin müəllifidir. Bunlardan 4-ü monoqrafiya, 3-ü dərslik və 6-sı dərs vəsaitidir. Onun “Azərbaycan neftmaşınqayırmasının əsas fondları və onlardan istifadənin yaxşılaşdırılması yolları” monoqrafiyası 1969-cu ildə SSRİ Xalq Təsərrüfatının Nailiyyətləri Sərgisinin bürünc medalı ilə mükafatlandırılmışdır. Professor Telman Hüseynovun müstəqil Azərbaycanın iqtisadi təhsilinin təşkilində mühüm əhəmiyyət kəsb edən “Sənayenin iqtisadiyyatı”, “Müəssisənin iqtisadiyyatı”, “Firmanın iqtisadiyyatı” və “Maşınqayırma istehsalının iqtisadiyyatı” adlı dərslikləri bu gün də öz aktuallığını saxlayır.
Professor Telman Hüseynov məhsuldar və yaradıcı elmi fəaliyyətin nəticəsi olaraq Azərbaycan iqtisad elminə verdiyi töhfələr ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmiş və o, 1991-ci ildə “Əməkdar iqtisadçı”, 2004-cü ildə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi”, 2006-cı ildə isə “Azərbaycan Respublikasının əməkdar müəllimi”, 2008-ci ildə “Qızıl qələm” mükafatı laureatı, 2011-ci ildə “Şöhrət” ordeninə və 2015-ci ildə “Əməkdar elm xadimi” fəxri adlarına layiq görülmüşdür.
Professor Telman Hüseynov pedaqoji fəliyyəti ilə yanaşı iqtisad üzrə fəlsəfə doktorlarına elmi rəhbərlik etmişdir.
Professor Telman Hüseynovun uzun illər çalışdığı Azərbaycan Dövlət İqtisad Universitetinin professor-müəllim heyəti, tələbələri, eləcə də çoxsaylı məzunları tərəfindən sevilməsi onun idarəçilik və pedaqoji fəaliyyətində peşəkar prinsipiallığı və yüksək insani keyfiyyətləri ilə bağlı olmuşdur. O, həmçinin qayğıkeş ailə başçısı olmuşdur.
Əli Hacıyev,
“Müəssisənin iqtisadiyyatı” kafedrasının müdiri, dosent