UNEC Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, Xanım Tədqiqatçılar Şurasının rəhbəri, siyasi alim i.f.d. Nərgiz Hacıyeva İsveçrədə keçiriləcək nüfuzlu beynəlxalq tədbirdə ölkəmizi təmsil edəcək.
O, Sürix Universiteti və İsveçrə Siyasi Elmlər Assosiasiyasının (SPSA) təşkilatçılığı ilə keçiriləcək “SPSA 2026 – Emosional diplomatiya” adlı illik siyasi elmlər konqresində Empirik metodlar panelinə sədrlik edəcək.
Qeyd edək ki, Nərgiz Hacıyeva 2022-ci ildən etibarən İsveçrə Siyasi Elmlər Assosiasiyasının Empirik Metodlar üzrə işçi qrupunun ilk əcnəbi həmdirektoru kimi fəaliyyət göstərir. Sözügedən işçi qrupuna onunla birlikdə Sürix Universitetinin siyasi elmlər üzrə tanınmış professoru Marco Stenbergen və Lozanna Universitetinin dosenti Jan Erik də rəhbərlik edir.
SPSA — İsveçrə Siyasi Elmlər Assosiasiyası — ölkənin bu sahədəki aparıcı elmi təşkilatlarından biridir. Hər il keçirilən konqres müxtəlif ölkələrdən olan siyasi tədqiqatçıları bir araya gətirərək, aktual mövzularda fikir mübadiləsi, şəbəkələşmə və elmi əməkdaşlıqlar üçün geniş platforma yaradır. UNEC-in nümayəndəsinin belə mühüm tədbirdə iştirak etməsi və rəhbərlik etməsi Azərbaycan elmi üçün də mühüm nailiyyət hesab olunur.
Konqresdə iştirak etmək üçün xülasələrin göndərilməsi üçün son tarix 31 iyul, 2025-ci ildir.