A

ikisahil.az

“UNEC-100 İnkişaf Strategiyası”na əsasən universitetin 100 yaşının tamam olacağı 2030-cu ildə dünyanın ən yaxşı 500 univeristetindən birinə çevrilmək əsas hədəflərdəndir

Ölkəmizdə yüksək ixtisaslı iqtisadçı kadrların yetişdirilməsində böyük rolu olan və 90 illik yol qət edən Azərbaycan Dövlət İqtisad Universitetinin yubileyi ilə bağlı  ali təhsil ocağının zəngin fəaliyyətinin əks olunduğu, universitetin rektorlarının, professorlarının, məzunlarının, eləcə də yubiley münasibətilə universitetə ünvanlanan təbriklərin, ali təhsil ocağı barədə  90 faktın əks olunduğu nəfis tərtibatda kitablar nəşr edilib.

Kitablar UNEC-in rektorunun əmri ilə təsdiqlənən “Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illik yubileyinin keçirilməsi haqqında” tədbirlər planı çərçivəsində “İqtisad Universiteti” nəşriyyatında çap olunub.

UNEC-in rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradovun  baş redaktorluğu əsasında ərsəyə gələn “Azərbaycan Dövlət İqtisad Universiteti-90” nəşrinin “Ön söz”ündə  bu inam ifadə edilir ki, kitab Azərbaycanda iqtisadi təhsilin tarixi, mövcud vəziyyəti və gələcək perspektivləri ilə  maraqlanan hər kəs üçün faydalı olacaq.

“Ön söz” müəllifi Ə.Muradov bildirir ki, bu gün Azərbaycanın və bütövlükdə Qafqazın mühüm ali təhsil ocaqlarından olan UNEC kifayət qədər mürəkkəb bir tarixi inkişaf yolu keçib. 1930-cu ildə yaranan universitet sovet ali təhsil siyasətinin çox vaxt anlaşılması çətin olan islahatlarına məruz qalsa da, o dövrdə də öz nüfuzunu qoruyub saxlaya bilmiş, abituriyentlərin ən çox üstünlük verdiyi ali təhsil müəssisə olmuşdur.

Universitetin rektoru  onu da qeyd edir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra UNEC-in inkişafı üçün yeni və geniş imkanlar açılmışdır. O müstəqilliyin ilk 10 ilində institut statusundan universitet statusuna yüksəlmiş, abituriyentlər arasında yüksək nüfuzu olan ali məktəblərdən biri olaraq qalmışdır.

Kitab UNEC-in 90 illik tarixi inkişaf yolunu və bu yolda əldə etdiyi əsas nəticələri özündə ehtiva edir. UNEC-in çoxsaylı müəllim kollektivi tərəfindən qələmə alınan bu kitab 5 fəsildən ibarətdir. I fəsildə 1930-cu ilə qədər, yəni Azərbaycan Dövlət İqtisad Universitetinin ilk sələfi olan ali təhsil müəssisəsinə qədər ölkədə iqtisadçı kadr hazırlığı sahəsindəki ilk təşəbbüslərdən bəhs edilir. II fəsil Azərbaycanda iqtisad yönümlü müstəqil ali təhsil ocağının formalaşması prosesinə həsr edilmişdir. III fəsildə İkinci  Dünya müharibəsi və ondan sonrakı dövrdə Azərbaycanda ali iqtisadi təhsilin əsas inkişaf xüsusiyyətləriundən bəhs olunur. Bu dövr UNEC-in tarixində həm yüksəliş, həm də tənəzzül mərhələlərini birləşdirir. Belə ki, İkinci  Dünya müharibəsi illərində universitet müstəqilliyini itirmiş, 1966-1987-ci illər arasında Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnsitutu olaraq yenidən müstəqil ali təhsil ocağı kimi inkişaf etmiş, 1987-ci ildə isə Leninqrad Maliyə-iqtisad insitutunun Bakı filialına çevrilmişdir. Bu dövrdə ümumilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsi digər sahələrdə olduğu kimi UNEC-in də tarixində sıçrayışlı inkişafla xarakterizə olunur. IV fəsildə müstəqil Azərbaycanda həyata keçirilən ali təhsil islahatları fonunda UNEC-in əsas inkişaf mərhələləri şərh edilir. Burada Azərbaycan Dövlət İqtisad İnsitutunun universitetə çevrilməsi prosesi, ölkə ali təhsil sektorunun Balonya prosesinə inteqrasiyası çərçivəsində UNEC-in əsas inkişaf istiqamətləri və ölkədə elm-təhsil-innovasiya üçbucağının fgormalaşdırılması çərçivəsində universitetdə aparılan islahatların əsas cəhətləri təqdim edilir. Bu fəsildə ümummilli lider Heydər Əliyevin 1990-cı illərin sonlarından başladığı ali təhsil islahatlarının President İlham Əliyevin və Azərbaycanın Birinci  vitse prezidenti Mehriban xanım Əlyevanın uğurla davam etdirilməsinin, ali təhsilə göstərdikləri diqqət və qayğıların nəticəsi olaraq UNEC-də baş verən modernləşmə və inkişaf prosesləri ətraflı şəkildə oxuculara təqdim edilir. V fəsildə 90 yaşında UNEC-in mövcud vəziyyəti, son illərdə əldə etdiyi uğurlar öz əksini tapıb. Bu fəsildə universitetin mövcud idarəetmə strukturu, filialları, kolleci, akademik strukturu, elm strukturu, tələbə təşkilatları, infrastrukturu və digər uğurlarından bəhs edilir.

“Ön söz”də diqqət çəkən məqam  UNEC 90 yaşını qeyd edərkən, eyni zamanda, 100 yaşının tamam olacağı 2030-cu il üçün nəzərdə tutulmuş hədəflərini də açıqlayır. “UNEC-100 İnkişaf Strategiyasi” nda öz əksini tapmış  hədəflər universitetin kollektivindən qarşıakı illərdə də gərgin əmək tələb edir. 90 ilin uğurları  kollektivin hər bir üzvü  üçün stimulverici amildir.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektorlarının, professorlarının, məzunlarının açıqlandığı kitablara diqqət yetirən hər kəs ayrı-ayrı illərin mənzərəsinin şahidi olar. 

Universitetin 90 illiyi münasibətilə ünvanına ölkəmizin dövlət idarəetmə orqanlarından, Milli Məclis üzvlərindən, yerli və xarici ali təhsil müəssisələrindən, icra hakimiyyəti orqanlarından, özəl qurumlardan və ictimaiyyət nümayəndələrindən çoxsaylı təbrik məktubları daxil olunub. Təbriklərdə qeyd olunan səmimi sözlərin, arzu və istəklərin UNEC üçün əhəmiyyəti nəzərə alınaraq kitab halında çap edilib. “90 yaşın mübarək  UNEC” sərlövhəli baş məqalədə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov bu fikirləri böyük qürur hissi ilə qeyd edir ki, qocaman və nüfuzlu universitetimizin bir hissəsi olmaq həqiqətən qürurverici, sözlərlə ifadə edilə bilməyən nüfuzlu bir universitet dəyərini daşımaq fəxarətdir. UNEC-in keçmişinə ehtiramla yanaşmaqla yanaşı, gələcəyinə böyük ümidlərlə baxırıq. İnanıram ki, universitetimizin zəngin təcrübəsini artıracaq, yeni-yeni ideyaların müəllifi olacaq, daha böyük və müasir layihələri həyata keçirəcək, elmin yeni zirvələrini fəth edəcəyik. Bu yolda hər birimiz yorulmadan çalışmağa davam edəcəyik. Çünki bu yolun sonunda bizi hədəflədiyimiz gələcək gözləyir. Hədəfimiz isə 2018-ci ildə qəbul etdiyimiz, özündə 7 strateji məqsəd və 31 strateji hədəfi ehtiva edən “UNEC-100 İnkişaf Strategiyası”na əsasən universitetin 100 yaşının tamam olacağı 2030-cu ildə dünyanın ən yaxşı 500 univeristetlərindən birinə çevrilmişdir. Qoy, 90 illiyini qeyd etdiyimiz bu gün daha böyük uğurun yeni bir başlanğıcı olsun…

Təbriklərdə  qeyd olunur ki, ümummilli lider Heydər Əliyevin hələ universitetin 70 illik yubiley təbrikindəki çıxışı zamanı kollektiv qarşısında əsas vəzifə kimi qoyduğu- ölkə iqtisadiyyatını irəli aparmaq, dünyanın mürəkkəb maliyyə, iqtisadi sisteminə qoşulmaq üçün müasir, hazırlıqlı, xarici dilləri bilən, dünya təcrübəsini mənimsəmiş gənclərin yetişdirilməsinin zəruriliyi məsələləri hazırda UNEC-in inkişaf strategiyasının əsasını təşkil edir və müvəfəqiyyətlə icra edilir. Universitetin alimləri müasir iqtisadiyyat elminin ən müxtəlif sahələri üzrə fundamental araşdırmalar aparır, müasir iqtisadi nəzəriyyənin əsaslarını hazırlayırlar. Bu ali məktəbin elmi potensialı müxtəlif sahələrdə beynəlxalq əməkdaşlığı inkişaf etdirməyə imkan verir. Təsadüfi deyil ki, univeristetin  mövcud elmi potensialı hesabına dünyanın bir sıra tanınmış təhsil mərkəzləri ilə sıx əlaqələr qurması onun dünyada şöhrət tapmasına təmin etmişdir.

UNEC barədə 90 faktın əks olunduğu kitabda universitetlə bağlı maraqlı məqamlar, reallıqlar diqqətə çatdırılır. FAKT 75-də UNEC-in Qafqazın ən böyük iqtisadi yönümlü ali məkəbi olduğu, FAKT 76-da universitetin bugünə qədər 150 mindən artıq mütəxəssis hazırladığı, FAKT 79-da ali təhsil ocağının 29 fəxri doktorunun 13-nün Nobel mükafatı laureatı,  FAKT 90-da Azərbaycanın 4 nazirinin, 11 millət vəkilinin, 3 universitet rektorunun və 4 səfirinin UNEC-in məzunları olduğu açıqlanır.

90 ilin işığında UNEC-in rektoru, professor Ədalət Muradov başda olmaqla, universitetin tələbə-müəllim heyətini, professorlarını, bütün əməkdaşlarını yubileyləri münasibətilə  təbrik edir, qarşıdakı dövr üçün müəyyənləşdirdikləri hədəflərə yüksək səviyyədə nail olmağı arzulayırıq.

Yeganə Əliyeva, “İki sahil”

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay