A

UNEC Kitabxana İnformasiya Mərkəzi Qarabağ mövzusunu bu dəfə WorldCat dünya kataloqunda araşdırıb.

Dünya kitabxana kolleksiyalarını özündə birləşdirən WorldCat-da kitab, məqalə, video və ya digər maraq doğuran nəşrləri tapmaq və bu nəşrlərin oxucunun yaşadığı əraziyə yaxın hansı kitabxanalarda mövcudluğunu öyrənmək mümkündür. WorldCat-a Qarabağ mövzusunda ümumilikdə 6701 sənədin biblioqrafik təsviri daxil edilib.

Onların arasında 2896 çap kitabı, 726 e-kitab, 150 dissertasiya, 2252 məqalə, 26 mikroforma, 2 əlyazma və digər nəşrlər olub. Kataloqda mövzu ilə əlaqəli mövcud sənədlərin nəşr tarixi 1834-2022-ci illəri əhatə edir. Belə ki, buradakı ən qədim nəşr Platon Aleksandroviç Zubovun 1834-cü ildə Moskvada Universitet tipoqrafiyasında çap olunan və hazırda London College Universitetində saxlanılan  «Карабахский астролог, или Основание крепости Шуши в 1752» (Ч. 1-2. М., 1834) adlı tarixi romanıdır.

XIX əsrə aid digər bir maraqlı sənəd 1888-ci ildə Tiflisdə Qafqaz Statisitika Komitəsinin nəşriyyatında çap olunan “Свод статистических данных извлеченных из посемейных списков населения Кавказа” adlı sənəddir. Sənədin 6-ci cildi Yelizavetpol quberniyasının və 8 qəza (Ərəş, Cavanşir, Yelizavetpol, Zəngəzur, Qazax,  Karyagin, Nuxa, Şuşa) əhalisinin statistik göstəricilərini əhatə edir. Kitablar ABŞ-ın Miçiqan, İllinoys, Viskonsin Universitetləri və Kanadanın Toronto Universitetlərinin kitabxanalarında mikroforma şəklində qorunub saxlanılır. Kitabda Yelizavetpol quberniyasının xəritəsi də verilmişdir.

WorldCat-da olan nəşrlərin daha çox ingilis dilindədir: ingilis (3162), erməni (795), rus (676), azərbaycan (263), fransız (261), alman (115), türk (91), fars (28),  italyan (26), ərəb (15), polyak (13), ispan (13), çex (10), ukrayna (10) və s.

Qarabağla bağlı kataloqda olan nəşrlərin 74-ü bədii ədəbiyyat, 282-si bioqrafiya, 6627-si qeyri-bədii nəşrlər olmaqla, aid olduğu elm sahələri üzrə aşağıdakı kimi təsnifləşdirmək olar: tarix elmləri (1473), dövlət sənədləri (555), siyasi elmlər (227), və s.

Kataloqda olan ən yeni nəşrlər arasında 2021-ci ildə nəşr olunmuş AR Prezidenti İlham Əliyevin  dünyanın bir sıra nüfuzlu KİV-lərinə müsahibəsi əsasında AMEA Hüquq və İnsan Hüquqları İnstitutu tərəfindən üç dildə (Azərbaycan, rus və ingilis) hazırlanmış “Diplomatiyanın 44 günlük dərsləri” kitabı “44-day lessons of diplomacy”, Musa Mərcanlının “Zəfər salnaməsi”, Elçin İsmayılın “Qanları ilə dastan yazanlar” kitablarını, AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən hazırlanan “Qırx dörd günün salnaməsi: Vətən müharibəsi” bibliografik göstəricisini və s. görmək mümkündür. 

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay