A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) arasında maliyyə savadlılığının artırılması, maliyyə, mühasibat və audit ixtisasları üzrə fənn proqramları, tədris planları, daxili semestr imtahanlarının təkmilləşdirilməsi, beynəlxalq və yerli kvalifikasiyalara uyğunlaşdırılması istiqamətlərində fəaliyyətin təşkili məqsədilə 07 sentyabr 2022-ci il tarixində imzalanmış Anlaşma Memorandumu çərçivəsində Maliyyə və mühasibat fakültəsində tələbələr üçün “Peşəkar Mühasib Sertifikatı (PMS)” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, DİM-in müasir əmək bazarının tələblərinə cavab verən mühasiblərin hazırlanması istiqamətində Universitetə göstərdiyi diqqətin əhəmiyyətini vurğulayıb və belə tədbirlərin “Maliyyə” və “Mühasibat” ixtisasları üzrə təhsil alan tələbələrin peşə kompetensiyalarının formalaşmasında və karyera inkişafında önəmli rol oynadığını qeyd edib.

DİM-in aparıcı məsləhətçisi Faiq Abdullayev “Peşəkar Mühasib Sertifikatı (PMS)” mövzusunda geniş təqdimatla çıxış edərək, “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarına əsasən Peşəkar Mühasib Sertifikatının (PMS) verilməsi prosesinin təşkilinin və imtahanların keçirilməsinin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirildiyini bildirib, peşəkar mühasib anlayışına aydınlıq gətirib, onun sertifikatının növləri, imtahanların mərhələləri, hər mərhələdə istifadə olunan test tapşırıqlarının say bölgüsü barədə ətraflı məlumat verib, 2024-cü ildə keçiriləcək PMS imtahanlarında gözlənilən yeniliklər haqqında söhbət açıb və mühasibat peşəsinin bu günü və gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR