A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə və mühasibat” fakültəsinin dekanı dosent Hafis Hacıyev Xocalı qətliamı zamanı şəhid olan UNEC-in məzunu Firdovsi Fazil oğlu Vəliyevin xatirə lövhəsini ziyarət edərək əziz xatirəsini yad edib.

Firdovsi Vəliyev 15 avqust 1966-cı ildə Ağdam rayonunun Şelli kəndində anadan olmuşdur. 1973-1983-cü illərdə Ağdam rayon Şelli kənd orta məktəbində təhsil alıb. 1983-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki UNEC) Mühasibat uçotu fakültəsinin qiyabi şöbəsinə qəbul olub. 1985-1987-ci illərdə hərbi xidmətdə olmuş, 1990-cı ildə universiteti bitirmişdir. 1990-cı ildən Ağdam rayonunda Şəhər İstehlak Cəmiyyətləri Birliyində mühasib vəzifəsində işə başlayır. İşlədiyi müddət ərzində bütün kollektivin hörmətini, rəğbətini qazanmışdır. 1991-ci ildə Şirin Mirzəyevin yaratdığı könüllülər batalyonuna Ağdam rayonu Şelli kəndindən ilk könüllü olaraq yazılmışdır. 1992-ci ildə Çıldıran, Qarakənd, Naxçıvanik, Əskəran, Qaraqaya döyüşlərində qəhrəmancasına iştirak etmişdir. Xocalı faciəsi baş verdiyi gün Şelli kəndi yaxınlığında olan Qaraqayada mühasirəyə düşmüş, xocalıları döyüş yoldaşları ilə birlikdə xilas etmişdir.

26 fevral 1992-ci ildə düşmənin açdığı atəş nəticəsində şəhid olmuşdur.

Göstərdiyi igidliyə görə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə (1997) təltif edilmişdir. Binəqədi-Xırdalan şossesi döngə 8-ə şəhid Firdovsi Vəliyevin adı verilib. 26 fevral 2020-ci ildə həmin küçənin girişində şəhid Firdovsi Vəliyevin xatirəsini əbədiləşdirmək üçün xatirə lövhəsi asılmışdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay