A

Şərəflə yaşanan ömür yolu

Sağlam və uzun ömür dəyərindən asılı olaraq bəşəri əhəmiyyətə malikdir. Bunu həyat göstərib. Elə bu yazımızın qəhrəmanının keçdiyi mənalı, dəyərli, sağlam və uzun ömür yolu da deyilən fikirləri bir daha təsdiqləyir.

Doğrudur, ömür möhlətinin qədəri insanın iradəsindən asılı deyil, lakin uzun zaman yaşamaq həm də insanın özündən asılıdır. Qocaman bir ömür sürmək hünərdir. Xüsusən yaradıcı insana ixtiyar çağlaradək yaşanan həyat bəlkə də daha artıq lazımdır. Ən əvvəl ona görə ki, onlar yalnız özləri üçün deyil, həm də başqalarından ötrü də yaşayırlar.Bütün həyatını elmə, pedaqoji fəaliyyətə həsr edən ziyalı, tarixçi alim, ölkəmizdə və dünyada baş verən hadisələri daim diqqətlə izləyən, məqamında onlara münasibət bildirən, tez-tez mətbuatda çıxış edən təcrübəli qələm sahibi, bildiklərini başqalarına öyrətməyin mənəvi həzzini yaşamağı bacaran sadə, təvazökar, dönməz əqidə sahibi, “Müəllimlər müəllimi” Məmmədəli Paşayev də tək özü üçün deyil, həm də başqaları üçün yaşayanlardan biridir. 50 ildən çox çalışdığı ali təhsil müəssisəsində yetişdirdiyi, bu gün onunla çiyin-çiyinə işləyən, saç-saqqalı bəyazlaşmış müəllimlər sırasında qocaman dağa bənzəyən Məmmədəli müəllim o zirvəyə dərəli-təpəli, enişli-yoxuşlu yolları ağlının, zəkasının, zəhmətinin, əməksevərliyinin, əqidə möhkəmliyinin, möhkəm iradəsinin hesabına aşaraq çata bilmiş, doğma kəndinin, el-obasının yol göstərəni, cığır açanı olmuşdur.

Məmmədəli İsmayıl oğlu Paşayev 1927-ci il aprel ayının 10-da Azərbaycan SSR-nin şimal-qərb bölgəsinin Zaqatala mahalının Muğanlı kəndində Alıpaşalar kimi tanınan nəslin nümayəndəsi İsmayıl Paşaoğlu və Nur Yusifqızının ailəsində anadan olub.Alıpaşalar nəsli təxminən 200-250 il əvvəl Muğanlı kəndində yurd-yuva salmış, sosial-iqtisadi sferada əməksevərliyi, təsərrüfatçılığı, elmə, təhsilə, mədəniyyətə meyilli olmaları, müxtəlif vaxtlarda kənd cəmiyyətinin idarə edilməsi işində siyasi fəallığı ilə fərqlənmiş, belə tanınmışlar. Onların səviyyələri hətta daş üzərindəki qrafik mətnlər və müəyyən arxiv sənədləri ilə də təsdiqlənir. Alıpaşalardan adı tarixə düşən ilk şəxs Məhəmməd adlı birisi olub. Onun adı nəslin əsasını qoyan şəxs qismində çəkilir. Bunu onun kənd qəbiristanlığındakı məzarına qoyulmuş başdaşı üzərindəki qrafik yazı mətni də təsdiq edir. Lakin nəslin tarixininXIX əsrin ortalarından başlayaraq ziddiyyətləri, təzadları, təlatümlü mürəkkəb mənzərələri ilə zəngin olan, XX əsrdə də davam edən hissəsi daha yaxşı izlənilir.XX əsrin 20-30-cu illərində bu nəslin təmsilçilərinin soyadları Alıpaşalar, Paşaoğlular və Paşayevlər kimi qeyd olunmuş, belə çağrılmış və sənədlərdə də belə əks olunmuşdur. Məmmədəli müəllim deyir: “Nəslin Alıpaşalar adlanması, qənaətimə görə, atamın babası olan Məhəmmədəli Alı Paşa oğlunun adı ilə bağlıdır. Belə ki, onun 1862-1863-cü illərdə ailəsi üçün inşa etdirdiyi yaşayış binasının ikinci mərtəbəsində kvadrat şəklində olan və divara oturdulan qara daşın üzərində ərəb qrafikalı yazıda soyadı, atasının adı və adı aydın oxunur. Bu qrafik mətni aşkara çıxaran görkəmli alim tarixelmləri doktoru Məşədi xanım Nemətova özünün 4 cildlik akademik əsərlərinin ikinci cildində Şəki-Zaqatala zonasında yaşayan qədim və zəngin tarixə malik xalqların tikinti, arxitektura abidələrinin yaradılması sahəsində tarixi uğurlarından heyranlıqla bəhs edərkən mənim atamın babası Məhəmmədəli Alı Paşa oğlunun (Məhəmmədəli İbn Alı Paşa İbn İsaq) adını görkəmlilərin adları sırasında üçüncü yerdə çəkir. Bu, o deməkdir ki, ulu babam Məhəmmədəli Alı Paşa oğlu digər tarixi sənədlərin də təsdiq etdiyi kimi, təkcə böyük təsərrüfatçılığı ilə deyil, həm də ictimai-siyasi fəallığı və cəmiyyətdəki danılmaz nüfuzu ilə də fərqlənmişdir. Azərbaycan Respublikasının Milli Arxivində (ARMTA) saxlanılan sənəddə 1900-cü ilin noyabrında Muğanlı kəndindən xalq məhkəməsi heyətinə iclasçı üzvü seçilən 4 nəfərin içərisində onun da adı vardır...”Alıpaşalar nəsli 30-cu illərin ortalarında 1,3-1,4 hektar torpaq sahəsinə malik idi. Bu ərazi fındıq, müxtəlif növ tut ağacları da daxil olmaqla meyvə bağlarından, əkin yerindən və arılıqdan ibarət idi. Yaşının bu çağında da iti hafizəsini işə salıb bənzərsiz uşaqlıq illərinin o məqamlarını belə xatırlayır Məmmədəli müəllim: “Arılıq adlanan ərazidə səksən-yüz təknə arı ailəsi saxlanılırdı və onlardan böyük miqdarda bal əldə edilirdi. Bu peşəni - arıçılığı atam yaxşı bacarırdı, bu, yaxşı yadımdadır. Atam dini təhsil almışdı, kənd sakinləri müxtəlif məsələlərlə bağlı ona müraciət edirdilər. Camaat arasında böyük hörməti vardı. Əkin yerində qarğıdalı, bostan, tərəvəz bitkiləri və s. əkilirdi. Ümumiyyətlə, Alıpaşalara məxsus ərazidə hər nə, hətta can dərmanı istəsən bu bitki və meyvələrdən əldə etmək olardı. Ən dəyərlisi, gövdəsinin diametri 60 sm. olan qocaman 12 tut ağacından tiyanlarla bişirilən bəhməz idi. Bəhməzlə dolu küplər evimizi bəzəyirdi”.

Bu böyük təsərrüfatı idarə etmək üçün İsmayıl kişinin ən müxtəlif təyinatlı nəqliyyat vasitələri: iki, dörd təkərli arabalar, at qoşulan, bir və çox nəfərlik faytonlar, müxtəlif ölçü və biçimdə ən müasir kənd təsərrüfatı texnikası: taxılbiçən, ot çalan, yer şumlayan, şırım açan, taxıl səpən, ot toplayan maşınları vardı. Bütün avadanlıq rus və Avropa məhsulları idi. Qızıl pula alınıb gətirilmişdi. Sovet hakimiyyəti qurulanda isə onun bütün var-dövləti müsadirə olunmuşdu. O, ömrünün sonunadək bu quruluşla barışmamış, fərdi təsərrüfatçı olaraq qalmışdı.Bu nəsildə dünyaya gəlmiş uşaqların kənd cəmiyyətinin qənaətincə deyilsə, demək olar ki, bəxti gətirmişdi. Çünki onların hər biri təsərrüfatçılıqda böyük uğur qazanmış, kifayət qədər mülk və əmlaka sahib olan bir ailənin varisləri idilər. Təəssüf ki, bu, uzun sürmədi, I Dünya Müharibəsi, onun ardınca 1917-ci il inqilabları Azərbaycanı da əsaslı şəkildə sarsıtdı. İşsizlik, bahalıq, aclıq, yoxsulluq, bütün dünyanı bürümüş yoluxucu xəstəlik Alıpaşalar nəslindən də yan keçmədi. Nəslin bütün nümayəndələri bu fəlakətin qurbanı oldu. 1933-cü ildə Nur Yusifqızı, 1936-cı ildə İsmayıl Paşa oğlu cavankən dünyalarını dəyişdilər. Bir vaxt çoxlarının qibtə etdiyi ailədə 4 kiçik yaşlı uşaq yetim qaldı. Onlardan biri də 6 yaşlı Məmmədəli idi...O, lap uşaq yaşlarından həmyaşıdlarından fərqlənirdi. Ətrafda baş verənlərə uşaq ağlı ilə baxmırdı. Həmişə tez böyüyüb bir işin qulpundan yapışmaq istəyir, öz əməksevərliyi ilə seçilirdi. Yaşı artdıqca zəhmətə bağlılığı da çoxalırdı. Ataları öləndən sonra ailənin vəziyyəti daha da pisləşmişdi. Bacı və qardaşları kimi onun da geyinməyə paltarı, ayaqqabısı yox idi. Soyuqda, qarın, buzun üstündə, tikanlı, kol-koslu torpaqda ayaqyalın gəzməkdən ayaqlarının altı qabar bağlamışdı...1936-cı ilin sentyabrında Muğanlı kəndində yeganə yeddiillik məktəbin birinci sinfinə gedən Məmmədəli ilk gündən yaxşı oxumağıyla şagirdlər arasında seçilirdi. Müəllimləri də ondan razı idilər. İctimai işlərdə fəal idi: “Bir dəfə müəllimlərim mənə mətbuatda nəşr edilmiş bir hekayəni söyləmək tapşırığını vermişdilər. Məktəb həyətindəki qovaq ağacının altında toplanmış çoxlu sayda insanın qarşısında bu tapşırığı heç bir səhvə yol vermədən yerinə yetirdim. Hamı məni alqışladı. Bu hekayə görkəmli yazıçı Mir Cəlal Paşayevin “Bostan oğrusu” hekayəsi idi”.Böyük Vətən müharibəsinin başlanması onsuz da çətin yaşayan ailənin vəziyyətini bir az da ağırlaşdırdı. 1943-cü ildə böyük qardaşları, ataları İsmayıl kişinin birinci nikahdan olan oğlu Məhəmməddən qara xəbər gələndən sonra ailə tam tənəzzülə uğradı.Nə qədər ağır, çətin yaşasalar da yeniyetməlik çağlarında çoxları kimi Məhəmmədəli də romantikanın qanadlarında uçardı. Gecələr ay işığında ağac altında oturub düşünər, götür-qoy edər, vəziyyətdən çıxış yolu axtarar, yorulanda qollarını başının altına qoyub elə torpağın üstündə uzanardı. Torpağın ətri onu məst edərdi: “İlin bütün fəsillərində gözəl olan kəndimizin gecələri daha gözəl olurdu. Apaçıq görünən, dumduru səmada gecələr ulduzlar sayrışar, bütün kənd körpə kimi mışıl-mışıl uyuyanda bu sakitlik içində düşüncələrə dalardım. Xəyal məni tanımadığım, bilmədiyim yerlərə aparardı. Səhər tezdən günəşin necə çıxdığını da seyr etməkdən doymazdım...”O, heç özü də bilmirdi ki, onu tanımadığı, bilmədiyi yerlərə aparan xəyal tezliklə gerçəkləşəcək və bir gün qanadlarında aparıb təhsillə, oxumaqla bağlı böyük arzusuna qovuşduracaq. Bütün məşəqqətlərə, çətinliklərə, yarıtox, yarıac həyat şəraitinə baxmayaraq 1943-cü ildə yeddiillik Muğanlı kənd məktəbini əlaçı şəhadətnaməsi ilə bitirib Zaqatala Pedaqoji Məktəbinin imtahansız birinci kursuna qəbul olundu. 1946-1950-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsində təhsil aldı, 1950-ci ilin noyabrında Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun aspirantı oldu. Çətinliklər,haqsızlıqlar onu burada da tərk etmədi. Hələ aspiranturaya qəbul olunanda götürdüyü öhdəlikləri vaxtında yerinə yetirəcəyini qarşısına məqsəd kimi qoysa da ona yalnız 20 ildən sonra 1970-ci ildə çata bildi. “1905 və 1907-ci illərdə Azərbaycanda dəmiryolçuların inqilabi hərəkatı” mövzusunda dissertasiyanı müdafiə edib adını Azərbaycan tarixşünaslığında alim kimi görmək istəyini də reallaşdırdı. Həmin ilin oktyabrında Ümumittifaq Ali Attestasiya Komissiyası tərəfindən ona tarix elmləri namizədi diplomu, bir il sonra isə dosent attestatı verildi.1959-cu ildə Elmlər Akademiyasının Tarix İnstitutunda baş laborant kimi işə düzələn Məmmədəli müəllim 1966-cı ildə yenidən fəaliyyətə başlayan Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda köçürülmə qaydasında pedaqoji fəaliyyətə başladı. Sonralardoktorluq elmi dərəcəsi almaq üçün dissertasiyası hazır olsa da onu müdafiə etməyə ehtiyac duymadı, lakin onun böyük elmi-pedaqoji fəaliyyətini və potensial imkanlarını nəzərə alaraq Məmmədəli müəllimə işlədiyi Azərbaycan Dövlət İqtisad və Odlar Yurdu Universitetlərinin rəhbərliyi Elmi Şuranın qərarı ilə professor elmi adını verdilər. Beləcə, yarım əsrə qədər bir müddətdə sevdiyi müəllimlik peşəsi ilə yanaşı, elmi-tədqiqat işini də uğurla davam etdirdi, ölkənin ictimai-siyasi həyatında fəallıq göstərdi, pillə-pillə yüksəldikcə mənsub olduğu Alıpaşalar nəslinin şaxələnməsi, populyarlaşması üçün zəmin yaratdı. Övladlarının, nəvələrinin beynəlxalq səviyyədə qazandıqları uğurlar tək bir ailəyə deyil, böyük bir nəslə başucalığı gətirdi.Minlərlə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında böyük rolu olan Məmmədəli müəllim bu gün tələbələri ilə fəxr edir. Bu illərdə o bu təhsil ocağında doqquz rektorla işləməli olub. Məmmədəli müəllim deyir: “Onların hər birinin özünəməxsus baxışları, idarəetmə, yanaşma üsulları olsa da rəhbərliyin mahiyyəti, təyinatından irəli gələn vəzifənin yerinə yetirilməsi dəyişmədi. Mən Zəfər Aslanov, Sərvər Aslanov, Zeynal Ələkbərov, Fuad Ələskərov, Şəmsəddin Hacıyevin xidmətlərini xüsusi qeyd etmək istərdim.2014-cü ildə bu vəzifəyə təyin olunan professor Ədalət Muradovun islahatçılıq yönümlü fəaliyyəti, daha çox mərkəzləşdirilmiş idarəetmə artıq öz bəhrəsini verməkdədir. Bu gün universitetimizin adının reytinq cədvəli üzrə sıralanmış 200 universitetin adı ilə yanaşı çəkilməsi təkcə onun deyil, professor-müəllim heyətinin böyük uğurudur...”Doxsan il!.. Əsrə yaxın bir ömür yolu. Bu yolun enişləri, yoxuşları, dolanbacları, dayanacaqları və bir də döngələri vardı. Ömür döngələri. Həyatın çətinliklərində bişdi, bütövləşdi, bu döngələri aşmaq üçün sükanı həmişə möhkəm saxladı. Bu illərdə çox şey dəyişsə də, özünəməxsus keyfiyyətlərini dəyişmədi. Prinsipial məsələlərdə heç kəsə güzəştə getmədi, bəzən onu “höcət”, “tərs” adlandıranlar da oldu. Nə desələr belə, ədalətli mövqeyini əldən vermədi. Həmişə real fakta əsaslandı, fərdlə toplum arasındakı məsələdə həmişə çoxluğun mövqeyini və marağını müdafiə etməyə çalışdı. Və beləcə doxsanı aşırdı. Yüzə nə qaldı?!.Ömrün onuncu on illiyinə xoş gəldiniz, Məmmədəli müəllim!

Zümrüd QURBANQIZI,“Respublika” qəzeti

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR