A

modern.az

Əvəz Ələkbərov:  “Hər bir məmur, Azərbaycan vətəndaşı milli istehsalın artımı üçün öz töhfəsini verməlidir” 

“Müəllim peşəsi ən yüksək peşədir, hami müəllim əməyindən bəhrələnir”

Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və maliyyə institutları kafedrasının müdiri  i.e.d., prof. Əvəz Ələkbərov Modern. az saytına müsahibə verib.

- Əvəz müəllim, iqtisadiyyatın bugünkü durumu və gələcək perspektivləri barədə nə deyə bilərsiniz?

- Azərbaycan Dünya İqtisadiyyatı sisteminin tərkib hissəsidir və dünyada baş verən proseslər bizə də təsir etməlidir. Həm də dünyada neftin qiymətinin aşağı düşməsi bizim maliyyə mənbələrinin azalmasına gətirib çıxarır. Bu baxımdan, müstəqil iqtisadiyyatımızın davamlı inkişafı üçün çox böyük işlər görməliyik. Bunları nəzərə alaraq ölkə Prezidenti cənab İlham Əliyev bir neçə vacib fərman və sərəncamlar imzalayıb. Onların dəqiq icrasından çox şey asılıdır. İlk növbədə bankların vəziyyətin sağlamlaşdırılmalı, real sektora dövlət dəstəyini gücləndirilməli və diqqət mərkəzində olmalıdır. İxrac edilən malların sayı və həcmi artırılmalı, ölkədən çıxarılan valyutanın minimuma endirilməsi vacibdir.Qaldı ki, yaxın gələcəkdə iqtisadiyyatın inkişafına baxış – bu ilk növbədə Prezidentin tapşırıqlarının yerinə yetirməsindən asılı olacaq. Hər bir məmur, Azərbaycan vətəndaşı milli istehsalın artımı üçün öz töhvəsini verməlidir. Vergi və gömrük orqanlarının işi təkmilləşdirilməli və daim real sektorun inkişafına yönəldilən addımlar atılmalıdır. Ölkəmizdə iqtisadiyyatın gələcək inkişafı, onun diversifikasiya imkanlarından birbaşa asılı olacaq. Bütün bunlar isə öz konkret həllini ölkə Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivləri üzrə Strateji yol Xəritəsində” tapıb.

- Manatın üçüncü dəfə devalivasiyaya uğrayacağı haqda ehtimallarla bağlı nə deyə bilərsiniz?

- Fikrimcə, çoxlu ehtiyat addımların atılması lazımdır. Bu, birinci sualın cavabında qoyulan məsələlərin həllindən asılıdır. Neftin qiyməti yenə aşağı düşməsi prosesi mürəkkəbləşdirə bilər. Üçüncü devalvasiyanın olacağı barədə indidən proqnoz vermək çox çətindir. Ölkəmizin valyuta ehtiyatları (Mərkəzi Bankın valyuta rezervi 31.08.2017-ci il tarixə 5,1 mlrd.,ABŞ dolları səviyyəsindədir), tədiyyə balansının vəziyyəti və digər makroiqtisadi göstəricilər çevik pul siyasəti yeritməyə imkan verir. Makroiqtisadi dalğalanmalardan sığortalanmaq üçün Strateji Yol Xəritəsinə uyğun olaraq iqtisadiyyatın inkişafını təmin etmək lazımdır.

- Əvəz müəllim, təhsildə aparılan islahatlar barədə sizin fikriniz maraqlı olardı?

- Azərbaycan təhsil sistemində böyük işlər gedir. Cəmiyyətin bütün təbəqələrinin bu prosesdə aktiv iştirak etməsi vacibdir. Avropanın və dünyanın digər qabaqcıl olkələrinin təhsil sistemindəki yenilikləri bizim respublikamızda tətbiq edilir. Böyük inteqrasiya işləri gedir, bu sahədə şəffaflıq artır. Mənim işlədiyim Azərbaycan Dövlət İqtisad Universitetindədə bu prosesin tərkib hissəsi kimi beynəlxalq konfranslar keçirilir, dünyanın nüfuzlu universitetləri ilə ikili diplom haqqında müqavilələr hazırlanır və tələbə mübadiləsi reallaşdırılır. Təhsilin idarə olunması müasir tələblərə cavab verir. Universitet həyatında qeyri-hökümət təşkilatları, valideynlər, deputatlar, jurnalistlər daim iştirak edirlər. Əksər müəllimlərin elmi məqalələri xarici jurnallarda çap olunur. Ən yüksək bal toplayan abituriyentlər bizim universitetə qəbul olunurlar. Təssərrüfat hesablı elmi tədqiqat işlərinin yerinə yetirilməsinə üstünlük verilir, universitetlə nazirlik, şirkət və özəl sektorun əlaqəsi daha da gücləndirilir. Praktiki fənnlərin tədris olunması prosesinə üstünlük verilir. Tələbə müəllim münasibətlərinin yaxşılaşdırılması yolları araşdırılır . Dərs vəsaitlərinin yenilənməsi, onların digər qabaqcıl universitetlərlə uyğunlaşmasına baxılır. Respublikamızda ilk dəfə olaraq müəllimələrinin reytinqini və müəyyən edilməsi differensial əmək haqqı sisteminə start verilib və bu ildən-ilə təkmilləşdirilir. Tədris ilinin sonunda 100 ən yaxşı müəllimin əmək haqqı diferrensial surətdə artır. Burada ən maraqlısı ondan ibarətdir ki, tələbələrin fikirləri bu nəticələrə təsir edir. Universitetin imici günü-gündən artır . Xeyli tələbələrimiz digər ölkələrdə təcrübə keçirlər və öz peşə hazırlıqlarını artırırlar.

Sizə Prezident tərəfindən “Əməkdar müəllim” fəxri adı verilib. Bunu necə qiymətləndirirsiniz?

- Cənab Prezident İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Ona görə ki, böyük olmayan müddət ərzində təhsil sahəsində səmərəli fəaliyyətimə çox yüksək qiymət verib və o, bunu qrup halında yox, şəxsən mənə və mənim ad günümə görə təltif edib. Mən bununla bağlı cənab Prezidentə ürək sözlərimi və minnətdarlığımı rəsmən çatdırmışam. Çalışacağam ki, bu adı mən şərəflə və ulu öndər Heydər Əliyevin bu peşə haqqında dediyi “Mən yer üzündə müəllimdən başqa yüksək ad tanımıram” kəlamını öz həyat məramıma çevirərək daşıyım. Həm də müəllim peşəsi ən yüksək peşədir, hamı müəllim əməyindən bəhrələnir. Respublika Prezidentinin qoyduğu tələblər səviyyəsində təhsilin inkişafında mən də öz payımı əsirgəməyəcəyəm. Hesab edirəm ki, bu da tək fəaliyyətimlə bağlı deyil, həm də universitetin apardığı islahatların nəticələrinə görə verilib.

- Eks-maliyyə naziri kimi dövlət büdcəsinin bu günkü vəziyyəti və problemləri necə qiymətləndirirsiniz?

- Ölkənin baş maliyyə sənədi- dövlət büdcəsi, dövlətin inkişafı və ölkə iqtisadiyyatı üçün olduqca vacib sənəddir və onun həm gəlirlər üzrə, həm də xərclər üzrə formalaşması peşəkarlıq tələb edir. Bu barədə qanunvericilik bazası respublikamızda çox güclüdür və beynəlxalq standartlara cavab verir. Demək olar ki, Beynəlxalq Valyuta Fondunun bütün tövsiyələri bu sənədlərdə öz əksini tapmışdır. Digər maliyyə qurumları, o cümlədən Dünya Bankıda büdcə zərfi ilə bağlı sənədlərə həmişə müsbət yanaşma əks etdirib. Mənə belə gəlir ki, büdcənin mədaxil hissəsinin formalaşmasında yanaşma daha çox diqqət tələb edir ki, bu da onun strukturu ilə, vergi və gömrük orqanlarının səmərəli işi ilə bağlıdır. Tədricən Dövlət Neft Fondundan transferin azaldılmasına nail olunmalıdır. Ölkə Prezidentinin qeyd etdiyi kimi, neft kapitalının insan kapitalına çevrilməsi prosesi daha da sürətləndirilməlidir. Bizdə vergi ödəmə mədəniyyəti artmalı, vergi ödəyiciləri qanunlar qarşısında məsuliyyəti bir daha dərk etməlidirlər. Vergi və gömrük orqanları tək büdcəyə daxilolmaların artırılmasına deyil, həm də vergi və rusum ödəyicilərinə yaxından kömək etməlidir. Bu barədə təbliğat işlərinin artırılmasına böyük ehtiyac var. O ki, qaldı büdcə xərclərinə mənə elə gəlir ki, hər manatın dəyəri bilinməli, artıq israfçılıqa yol verilməməli, büdcənin planlaşdırılmasına elmi yanaşılmalı, real sektorun artırılmasına və şaxələndirilməsinə, ixrac potensialının yüksəldilməsinə, əhalinin sosial müdafiə qabiliyyətinin gücləndirilməsinə, müdafiə problemlərinin həllinə ciddi fikir verilməlidir. Büdcə kəsirinin müəyyən edilməsinə və onun inflyasiya yaratmayan mənbələr hesabına örtülməsinə hərtərəfli çevik yanaşmaq lazımdır. Mənim dostum, İsveçrənin keçmiş maliyyə naziri Kaspar Viligerin dediyi bir söz yadıma düşür: ”Büdcənin xərclərini formalaşdırmaq və optimal vəziyyətdə onu təqdim etmək büdcə gəlirlərinin formalaşdırılmasından daha çətindir”.Həqiqətən büdcə iqtisadiyyatın güzgüsüdür. Əgər tibbdə qanın təkcə ümumi analizi orqanizmdə gedən proseslər haqqında dəqiq məlumat verirsə, eləcə də real dövlət büdcəsinin peşəkar təhlili iqtisadiyyatda mövcud proporsiyaları çox dəqiq aşkarlamağa imkan verir. Real vəziyyət aydındırsa, diaqnoz qoymaq da asan olur. Məhz elə buna görə də büdcə siyasəti hər bir ölkənin ümumi iqtisadi siyasətinin məhək daşı hesab olunur. Son illərdə optimal büdcə həcminin formalaşdırılması sahəsində xeyli səmərəli işlər görülmüş və perspektivlər müəyyənləşdirilmişdir. Araşdımalar və elmi təhlil göstərir ki, müasir dövrdə büdcə xərclərinin səmərəliliyinin və nəticəliliyinin təmin olunması olduqca aktual məsələdir.

Dövlət tenderlərinin keçirilməsində şəffaflığın artırılmasına ehtiyac var. Bələdiyyə büdcəsinin formalaşması prosesinə daha böyük diqqət lazımdır. Regionların inkişafı baxımından büdcə zərfində yeni araşdırmalara ehtiyac duyuram.

- Hobbiniz nədir? Asudə vaxtlarınızı necə keçirirsiniz?

- Hobbim piyada gəzmək, at sürmək, bilyard oynamaq, Azərbaycan və dünya musiqisinə qulaq asmaq, kitab oxumaq. Əlbətdə vaxt tapıb hökmən nəvələrə diqqət yetirmək, onlarla xoş, gözəl ünsiyyət yatarmaq böyük həvəs doğurur. İmkan olduqda xarici səfərlərə getmək, dünyanın möcüzələrinə baxmaq çox maraqlıdır. Dəni kənarı parkımız Prezident İlham Əliyevin xüsusi diqqəti nəticəsində olduqca gözəlləşib və böyüyüb. Havalar sərin olanda axşamlar orada gəzməyi də unutmuram. Hərdən dostlarla Azərbaycan yeməklərini dadmağı da sevirəm.

- Gələcək planlarınız barədə nələr söyləyə bilərsiniz?

- Gələcək işlərim barədə onu demək istəyirəm ki, gözəl bir kollektivə rəhbərlik edirəm. Hal-hazırda kafedramızda 8 elmlər doktoru, 23 fəlsəfə doktoru çalışır və onlar böyük peşəkarlıqla universitetimizə öz töhfələrini verirlər. Üç doktorantın elmi rəhbəriyəm, yaxın 2 ildə onların elmi işlərinin müvəffəqiyyətlə başa çatmasına və müdafiəsinə akademik köməklik göstərəcəm. Təhsil naziri, hörmətli Mikayıl Cabbarovun əmri ilə magistr dissertasiya işinin müdafiəsi üçün İxtisaslaşmış Elmi Şurasının sədriyəm. Ali Attestasiya Komissiyasının sədrinin qərarı ilə D.02.051 saylı dissertasiya Şurasının üzvüyəm. Magistr elmi işlərinə rəhbərlik edirəm, hər il onların da lazımi səviyyədə işlərinin müdafiəsinə çalışacam. Bir neçə kitab üzərində işləyirəm, dünyanın qabaqcıl jurnallarında məqalələr çap etdirmək fikrindəyəm. Dünyanın 2 aparıcı akademiyasının həqiqi üzvüyəm. Gələcəkdə onların sayını artırmaq fikrindəyəm. Türk dilli ölkələrin fəxri mədəniyyət və sülh səfiriyəm. BMT xətti ilə bəzi işlər görürəm və mükafatlarım var. İstəyirəm bu sahədəki işlərimi də aktivləşdirim.

TOP XƏBƏRLƏR