A

“UNEC-də Elm Günləri” çərçivəsində növbəti tədbir “Yeni dövrdə UNEC Tədqiqat Mərkəzlərinin potensialının gücləndirilməsi və sifarişli elmi-tədqiqat işlərinin cəlb olunması” mövzusunda olub.

Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi tərəfindən hibrid formada keçirilən paneldə Türkiyə, Rusiya, İsrail, İsveç və Macarıstanda fəaliyyət göstərən UNEC tədqiqatçıları da iştirak edib.

Elm üzrə prorektor dos. Fariz Əhmədov  elmi fəaliyyətin stimullaşdırılması istiqamətində UNEC-də yaradılmış 43 tədqiqat mərkəzinin fəaliyyəti ilə bağlı bir sıra vacib məqamlara toxunaraq, mərkəzlərin qarşısında duran məqsəd, hədəf və gözləntilərdən söz açıb.

Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin müdiri Rəna Hüseynova isə 2023-cü il üzrə tədqiqat mərkəzlərinin fəaliyyət göstəricilərini əks etdirən təqdimatla çıxış edib. O, mərkəzlərin Scopus və Web of Science kimi beynəlxalq bazalarda indeksləşən məqalələr üzrə aparılmış elmmetrik təhlilini iştirakçılarla bölüşüb.

Türkiyənin Sabancı Universitetinin professoru, UNEC Rəqəmsal İqtisadiyyat Tədqiqat Mərkəzinin tədqiqatçısı Kürşat Çağıltay Sabancı Universitetində fəaliyyət göstərən tədqiqat mərkəzləri barədə məlumat verib. Uğurlu nəticə əldə etmək üçün tədqiqat siyasətlərinin, məqsəd və prioritetlərin müəyyən edilməsinin, tədqiqat sahəsində əməkdaşlıq imkanlarının qurulmasının, universitet-sənaye işbirliyinin yaradılmasının vacibliyindən danışıb.

Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzinin rəhbəri professor Rövnəq Rzayev də rəhbərlik etdiyi mərkəzin fəaliyyəti barədə təqdimatla çıxış edib. Mərkəzin fundamental Elmi Tədqiqat Mərkəzi kimi formalaşması istiqamətində görüləcək işlərdən danışıb. Qrant layihələri ilə bağlı bir sıra məsələlərə toxunan məruzəçi universitet-sənaye arasında əlaqələrin genişləndirilməsinin, qrant layihələrindən əldə olunan gəlirlərin mərkəzlərin maddi-texniki bazasının gücləndirilməsinə yönəldilməsinin vacibliyindən danışıb.

Mövzu ətrafında geniş diskussiya ilə davam edən panelin sonunda UNEC-də elmi fəaliyyətin və tədqiqatların gücləndirilməsi istiqamətində təkliflər səsləndirilib və  bir sıra qərarlar qəbul edilib.

 

TOP XƏBƏRLƏR