A

UNEC-də kitab müzakirələri layihəsi çərçivəsində növbəti müzakirə Kitabxana İnformasiya Mərkəzinin 24/7 kitabxanasının dəstəyi və Ümumi fənlərin tədrisinin təşkili departamentinin “Humanitar fənlər” kafedrasının təşkilatçılığı ilə baş tutub.

Tədbir professor Məhəbbət Paşayevanın 2021-ci ildə çapdan çıxmış və 2023- cü ildə ingilis dilinə çevrilmiş “Qarabağın və Şərqi Zəngəzurun Alban abidələri” kitabının təqdimatına həsr edilib.

Tədbiri giriş sözü ilə açan “Humanitar fənlər” kafedrasının müdiri professor Vəkil Həsənov Məhəbbət Paşayevanın akademik, məhsuldar elmi-tədqiqatçı fəaliyyətini yüksək qiymətləndirərək, kitabın əhəmiyyətindən danışıb.

Departamentin rəhbəri dosent Gülnarə Rzayeva bu kitabın doğru zamanda ərsəyə gəlməsini vurğulayaraq, müəllifi təbrik edib.

Məhəbbət Paşayeva “Qarabağın və Şərqi Zəngəzurun Alban abidələri” kitabı haqqında tədbir iştirakçılarına geniş məlumat verib, monoqrafiyanın yazılma məqsədi və məramı haqqında danışıb.

Sonra dosent Yusif Fərzəliyev Azərbaycan tarixində xüsusi yeri olan və davamlı araşdırılıb, öyrənilməsi mühüm sayılan alban-xristian irsi, bu irsin nümunələrini yaşadan Qarabağ və Şərqi Zəngəzurun alban abidələri haqqında danışaraq, Məhəbbət Paşayevanın kitabında verilmiş tarixi arayışı yüksək qiymətləndirib, müəllifin gələcək fəaliyyətinə uğurlar arzulayıb.

KİM-in direktoru Adilə Abdullayeva belə bir fundamental monoqrafiyanın ərsəyə gəlməsini, qısa zamanda ingilis dilinə çevrilib nəşr edilməsinin müasir dövrün, xüsusilə tarixi Zəfərdən sonrakı informasiya müharibəsində aparılan mübarizəyə zəruri tövfə olduğunu bildirib.   

UNEC-in Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova çıxışında Multikulturalizm Tədqiqat Mərkəzinin rəhbəri, professor Məhəbbət Paşayevanın bu kitabının aktuallığından və bir il əvvəl UNEC-də rektor professor Ədalət Muradovun dəstəyi və Mərkəzin təşkilatçılığı ilə kitabın yüksək səviyyədə təqdimat mərasiminin keçirilməsindən danışıb.

Tədbirin sonunda iştirakçılara professor M.Paşayevanın yeni kitablarının sərgisi təqdim edilərək, müəllifin UNEC-in kitabxana fondunda olmayan kitabları hədiyyə edilib.

TOP XƏBƏRLƏR