A

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində “Yeni təşəbbüslər, yeni hədəflər: əsas hədəf - Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti” mövzusunda dəyirmi masa keçirilib. 

Dəyirmi masada İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dos. Elçin Eyvazov yeni ideyaların elmin inkişafına müsbət təsirlərindən danışaraq, milli sosial rifah səviyyəsinin davamlı artması məqsədilə yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini, Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsini təşkil etməsi istiqamətində müzakirələrin aparılacağını bildirib.

Bildirib ki, ölkədə özəl təşəbbüslərin yaradıcı və innovativ əsaslarla inkişaf etdirilməsi iqtisadi resursların daha yüksək əlavə dəyər yaradan sahələrə istiqamətlənməsini təmin edəcəkdir. İqtisadi artımla ekoloji mühit tarazlığı təmin olunmalıdır. Ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmlənməlidir.

Müasir çağırışlar insan kapitalının müasirləşdirilməsini, rəqəmsal iqtisadiyyatın genişləndirilməsini zəruri edir. Gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait və insanların sağlamlığı əsas şərtdir.

Güclü təhsil hesabına yüksək peşə bacarıqlarına malik insan kapitalı yaratmaq üçün ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə keyfiyyət baxımından rəqabətə davamlılığı təmin olunmalıdır.

Müasir dövrün çağırışlarına uyğun olaraq dünyada təhsilin inkişaf tendensiyaları dəyişdirilməlidir. Hazırda süni intellekt həyatımızın və məişətimizin bütün sahələrinə nüfuz etməkdədir. Cəmiyyət yeni sənaye və texnoloji inqilab ərəfəsindədir və təhsil sistemi bu reallığa hazır olmalı, gənc nəsli müasir dövrdən kəskin fərqləndirəcək gələcək dövrə hazırlamaq üçün onlara yeni kompetensiyalar, ixtisaslar və peşələr verilməlidir.

Dövlət və özəl sektor, təhsil orqanları, təhsil müəssisələri və bütün cəmiyyət səylərini bu məqsəd ətrafında cəmləşdirməlidir. Yalnız birgə təşəbbüslər və fəaliyyətlər nəticəsində keyfiyyətli və rəqabətqabiliyyətli insan kapitalı hesabına ölkəmizin tərəqqisinə nail olmaq olar.

Heç bir təhsil sisteminin potensialı həmin sistemdə çalışan müəllimlərin bacarıq səviyyəsindən yüksək ola bilməz.

Müəllimlərin pedaqoji fəaliyyətinin qiymətləndirilməsi müxtəlif meyarlarla aparıla bilər. Ən ümumi göstəricilər kimi müəllimin peşə qabiliyyətlərinə yiyələnməsi səviyyələri daha səciyyəvidir. Bu halda müəllimin hər bir peşə qabiliyyəti qiymətləndirilir:

- akademik qabiliyyət: müəllimin elmi hazırlığı;

- didaktik qabilyyət: öyrətmək məharəti;

- konstruktiv qabiliyyət: təlim-tərbiyə işlərini planlaşdırma qabiliyyəti;

- kommunikativ qabiliyyət: ünsiyyət qabiliyyəti;

- təşkilatçılıq qabiliyyəti: özünün və tələbələrin, habelə tələbə kollektivinin fəaliyyətini təşkil edib, istiqamətləndirmək qabiliyyəti;

- perspektiv qabiliyyət: tələbələri duymaq, başa düşmək, onların sevincinə və dərdinə şərik olmaq qabiliyyəti.

Elm sahəsində növbəti illərdə həyata keçirəcəyimiz əhəmiyyətli təşəbbüslərdən biri ali təhsil müəssisələrində "təhsil-tədqiqat-innovasiya” formatında inkişafın təşviqi olacaqdır. Bu baxımdan bəzi ixtisaslaşdırılmış universitetlərdə klasterlər yaradılmalı, elmi nəticələrin istehsala tətbiqi stimullaşdırılmalı, "təhsil-elm-istehsal” əlaqələrinin səmərəliliyi yüksəldilməli, innovasiyaların kommersiyalaşdırılması, tədqiqat universitetinin yaradılması ilə bağlı hədəflərə nail olunmalıdır.

TOP XƏBƏRLƏR