Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP29), “Yaşıl dünya naminə həmrəylik ili” və “Yaşıl UNEC” ili ilə əlaqədar “Mühəndislik və tətbiqi elmlər” kafedrası və “İctimai idarəetmə və sosial innovasiyalar kafedrası”nın birgə təşkilatçılığı, professor-müəllim və tələbə heyətinin iştirakı ilə «Xüsusi mühafizə olunan təbiət ərazilərindən kənarda qalan nadir və nəsli kəsilmək təhlükəsi altında olan bitki növlərinin mühafizəsi üçün mikrorezervatların yaradılması» mövzusunda dəyirmi masa keçirilib.
Fakültənin dekanı dosent Elçin Səmədov tədbiri giriş sözü ilə açaraq, Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu, respublikamızda keçiriləcək COP29 konfransının əhəmiyyəti, müvafiq əmrlə təsdiq olunan “Yaşıl UNEC” ili ilə bağlı silsilə tədbirlərin keçirildiyini qeyd edib.
“Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti, aqrar elmlər üzrə fəlsəfə doktoru Ramil Sadıqov mövzu ilə bağlı geniş təqdimatla çıxış edib. Məruzəçi ölkəmizdə, xüsusilə işğaldan azad edilmiş ərazilərdə nadir və nəsli kəsilmək təhlükəsi altında olan bitki növlərinin mühafizəsi üçün mikrorezervatların yaradılmasının vacibliyini önə çəkib, onların qiymətləndirilməsi, qorunması və müasir vəziyyətinin təhlili istiqamətində kafedra əməkdaşları tərəfindən elmi tədqiqat işləri aparıldığını bildirib. Bu sahədə dünyada geniş vüsət alan elmi-texniki tərəqqi və yeni nailiyyətlər barədə maraqlı məlumatları iştirakçılarla paylaşıb.
Dəyirmi masa ətrafında mövzu ilə bağlı fikir mübadiləsi aparılıb. Dos. Gəray Mirzəyev, dos. Mehriban Məhərrəmova, Vüsalə Musayeva, Fidan Qurbanova, dos.Xalidə Quliyeva və digərləri çıxış edərək, fikirlərini bildiriblər. Tədbirdə hazırda dünyada iqlim dəyişikliklərinə qarşı mübarizə sahəsində birgə əməkdaşlığın vacibliyi qeyd olunub, ətraf mühit problemlərinin həllinin və təbii ehtiyatlardan səmərəli istifadənin zəruriliyindən danışılıb, nadir və nəsli kəsilmək təhlükəsi altında olan bitki növlərinin qorunmasının vacibliyi diqqətə çatdırılıb.