UNEC-də Elm aylığı çərçivəsində Elmi fəaliyyətin təşkili və idarə edilməsi Departamentinin "Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili" şöbəsinin və Texnologiya və Dizayn fakültəsinin təşkilatçılığı ilə keçirilmiş elmi seminarda "Rəqəmsal iqtisadiyyat və İKT" kafedrasının müəllimi, "Rəqəmsal iqtisadiyyat" elmi-tədqiqat mərkəzinin rəhbəri Ülviyyə Rzayevanın "Azərbaycanda rəqəmsal iqtisadiyyat və inkişaf tendensiyaları" adlı məruzəsi maraqla qarşılanıb.
Elmi seminarda fakültənin nəzdində olan kafedraların rəhbərliyi, professor-müəllim heyəti və ixtisas üzrə təhsil alan magistranrlar iştirak edib. Fakültə dekanı, prof. Vəkil Hüseynov giriş sözü ilə çıxış edərək, rəqəmsal dövrdə cəmiyyətin və iqtisadiyyatın struktur dəyişikliklərinin inkişaf etdirilməsinin, Azərbaycanda rəqəmsal iqtisadiyyatın əsas istiqamətlərinin təqdim edilməsinin, rəqəmsal transformasiya sahəsində vərdiş və bacarıqların əldə edilməsinin vacibliyini vurğulayıb.
Ülviyyə Rzayeva öz məruzəsinin əsas məqsədini və rəqəmsal iqtisadiyyatın ümumi konsepsiyasının mahiyyətini,rəqəmsallaşdırmanın iqtisadiyyatın və biznesin bütün aspektlərinin geniş və radikal dəyişikliklərə gətirib çıxaracağını və misilsiz imkanlar yaratmaqla yanaşı bir çox problem və təhlükələrə səbəb olacağını seminar iştirakçılarının nəzərinə çatdırıb. O, müasir dövrdə rəqəmsal iqtisadiyyat tendensiyalarını şərh edərək şirkətlərin fiziki və rəqəmsal resurslarının birləşdirilmə platformalarına əsaslanan yeni biznes strukturlarının formalaşmasına, bir çox fəaliyyətlərin transformasiyasına, istehlakçılar üçün yeni dəyərlərin yaradılması ilə rəqabət strategiyalarının dəyişdirilməsinə səbəb olacağını xüsusilə vurğulayıb. Estoniyanın e-hökümət platforması timsalında bu sahədə uğurlar qazanmış ölkələrin müsbət təcrübəsindən istifadənin əhəmiyyətindən bəhs edib.
“Rəqəmsal iqtisadiyyat və İKT” kafedrasının dosenti, ixtisas rəhbəri Təranə Əliyeva öz dinamikliyi ilə fərqlənən və inkişaf proseslərinin, mütərəqqi İKT-nin və dünya iqtisadiyyatının qloballaşmasının obyektiv nəticəsi kimi meydana çıxan rəqəmsal iqtisadiyyat sahəsində gələcək tədiqiqatların sürətləndirilməsinin zəruriliyini qeyd etməklə elmi seminarı yekunlaşdırıb.