UNEC Meybullayev İslam İqtisadiyyatı Mərkəzi tərəfindən "Faizssiz bankçılıq və onun Azərbaycanda tətbiqi imkanları" mövzusuna həsr edilmiş tədbir keçirilmişdir.
Tədbirdə UNEC-in Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin “Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili” şöbəsinin müdiri R.Ş.Hüseynova və “Texnologiya transfer” şöbəsinin müdiri V.H.İbrahimov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Meybullayev İslam İqtisadiyyatı Mərkəzinin rəhbəri i.e.n., dos. Sərvinaz Xanlarzadə mərkəzin fəaliyyəti ilə bağlı və onun istiqamətləri haqqında, qarşıya qoyulan vəzifələr və gələcək planlardan məlumat verib. Dosent bildirib ki, islam həmişə iqtisadiyyata vacib bir yer vermişdir. İslam iqtisadiyyatı Quranın hökmlərinə və Şəriət qaydalarına əsaslanan maliyyə və ya digər iqtisadi fəaliyyətdir və bu fəaliyyətin əsasında faizin qadağan olması durur. O, vurğulayıb ki, inkişaf etmiş ölkələrdə müəyyənləşdirilib ki, bütün kapitalist böhranların əsasında məhz faiz durur.
Sonra cıxış üçün söz İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri i.f.d. Ruslan Atakişiyevə verilib. O, öz təqdimatında faizssiz bankçılığın mahiyyətini, faizin milli gəlirin ədalətli bölgüsünə maneələrini açıqlayıb. Məruzəçi öz cıxışında qeyd edib ki, faiz kapital qoyuluşunda risklərin və maya dəyərinin artmasına səbəb olur, faizin dərəcəsi məhsulun maya dəyərinə təsir etməklə, süni qiymət artımına, oradan da inflyasiyaya yol açır. Həmçinin məruzəçi öz cıxışında faizssiz bankçılığın tətbiq edilməsi prosesindən və inkişaf perspektivlərindən, o cümlədən Azərbaycanda tətbiqindən söz açdı.
Tədbirdə iştirak edən İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin vitse prezidenti Radil Fətullayev cıxış etdi. O, öz cıxışında faizssiz bankçılığın əsasında duran birgə biznesin təşkili və maliyyələşdirilməsi yolları haqqında, o cümlədən birgə biznesin formaları və ortaqlığın modellərindən məlumat verdi.
Çıxışlardan sonra faizssiz bankçılığ ətrafında müzakirələr aparılıb.