UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsində “Vətən müharibəsində intellektual texnologiyalardan istifadə imkanları” mövzusunda seminar keçirilib.
Seminarda fakültə dekanı dosent Elman Cəfərov və Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrasının ixtisas rəhbəri dosent Təranə Əliyeva, baş müəllim Könül Mirzəmmədova Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə əldə olunan böyük qələbədən danışıblar. İşğaldan azad olunan torpaqlarda Qarabağın bərpası və regionun iqtisadi inkişafının təmin olunması kimi mühüm işlərin durduğunu diqqətə çatdırıblar.
Seminarda 568-ci qrup tələbələri M.Ələsgərli, İ.Sadiqzadə “Vətən müharibəsində Azərbaycanın apardığı informasiya mübarizəsi” mövzusunda çıxış ediblər. Vətən müharibəsində Prezident İlham Əliyev başda olmaqla, xalqımızın informasiya mübarizəsində də qələbə əldə etdiyini, dünyanın aparıcı informasiya portallarında, sosial şəbəkələrdə ermənilərin dövlətimizə, xalqımıza qarşı törətdikləri terrorların dünyaya çatdırılmasında mühüm rol oynadıqlarını bildiriblər. Erməni kiberhücümlarının qarşısının layiqincə alındığını deyiblər.
Tələbələrdən Ə.Bəşirov, M.İsmayılzadə isə “Müharibə dövründə intellektual texnologiyalardan istifadə imkanları” barədə apardıqları araşdırmanın nəticəsini təqdim ediblər.
“Azad edilmiş bölgələrdə infrastrukturların bərpası zamanı rəqəmsal texnologiyaların tətbiq edilməsi” mövzusunda isə tələbələrdən Ü.Xudadatova və S.Həsənova çıxış ediblər. Onlar həmin ərazilərdə ilkin rəqəmsal infrastrukturun hazırlanmasının vacibliyindən danışıblar. Eləcə də regionda yeni rəqəmsal ekosistemin formalaşdırılması istiqamətində həyata keçirilən yerli və beynəlxalq layihələrdən söz açıblar.
Seminarda 568-ci qrupun tələbəsi S.Mərdanova “İşğaldan azad olunmuş torpaqların “ağıllı ev”, “ağıllı şəhər”, “ağıllı kənd” texnologiyaları vasitəsilə bərpası”ndan danışıb. O, işğaldan azad olunmuş ərazilərdə yaradılacaq yaşıl enerji zonasının əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb.
Sonda dekan Elman Cəfərov və ixtisas rəhbəri Təranə Əliyeva Qarabağda qabaqcıl rəqəmsal texnologiyaların, genişzolaqlı internetin tətbiqinin zəruriliyindən, yüksək texnologiyaların tətbiqində “rəqəmsal” gənclərin cəlb edilməsinin vacibliyini vurğulayıblar.