A

"Respublika" qəzeti

"Respublika" qəzeti (PDF)

"Azərbaycan Dövlət İqtisad Universiteti ölkəmizin iqtisadi potensialının gücləndirilməsi üçün yüksək ixtisaslı kadrlar hazırlayır.
Bu gün ölkədə həyata keçirilən iqtisadi islahatlarda UNEC 
məzunlarının əhəmiyyətli rolu var".

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi təkcə ali təhsil müəssisəsinin tarixini əks etdirmir, bunu bütövlükdə Azərbaycanın ali təhsil sisteminin, fundamental iqtisadi düşüncə məktəbinin və elmi, innovativ inkişafın mühüm mərhələsi hesab etmək olar. UNEC-in bu əlamətdar yubileyi ötən onilliklər ərzində görülən işlərin, əldə olunan elmi nailiyyətlərin və formalaşmış intellektual mirasın dəyərləndirilməsi ilə yanaşı, universitetin gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.

95 il ərzində UNEC təkcə milli iqtisadiyyatın aparıcı mütəxəssislərini hazırlamaqla kifayətlənməmiş, eyni zamanda elmi tədqiqatların, innovativ yanaşmaların və beynəlxalq əməkdaşlığın mühüm mərkəzlərindən birinə çevrilmişdir. Bu yubiley - keçmişə hörmətin, bu günə dəyərin və sabaha inamın rəmzidir.

Bu gün UNEC-in elmi nailiyyətləri haqqında yazmaq bir tərəfdən asan, digər tərəfdən isə məsuliyyətlidir. Asandır, çünki universitetin əldə etdiyi uğurlar kifayət qədər zəngin və çoxşaxəli, beynəlxalq nüfuzunun göstəriciləri bəllidir. Məsuliyyətlidir, ona görə ki, bu nailiyyətlərin miqyası və dəyəri bir məqalənin həcminə sığmayacaq qədər geniş və əhatəlidir.

UNEC-in gələcək inkişaf istiqamətlərini müəyyən edən "UNEC-100" İnkişaf Strategiyasında 2019-cu ildən etibarən 2030-cu ilə qədər mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulan 7 strateji məqsəd və 31 konkret hədəf müəyyənləşdirilmişdir. Sənəddə universitetin uzunmüddətli inkişaf prioritetləri aydın şəkildə təsbit olunmuş, "Yüksək keyfiyyətli ali təhsil müəssisəsinə çevrilmək", "Tədqiqatyönümlü universitet modelini formalaşdırmaq", "Sahibkarlıq əsaslı universitetə transformasiya olunmaq", "Sosial xidmət sahəsində aparıcı universitet mövqeyi tutmaq", "Beynəlmiləl təhsil mühiti yaratmaq", "Çevik və səmərəli idarəetmə sisteminə malik olmaq" və "Yüksək beynəlxalq reytinqə sahib universitetə çevrilmək" kimi fundamental məqsədlər yer almışdır. Məhz bu strateji məqsədlər UNEC-in yalnız milli səviyyədə deyil, qlobal elmi-təhsil məkanında da rəqabətqabiliyyətli mövqe tutmasına xidmət edir.

Əgər sənaye inqilablarının tarixi mərhələlərini nəzərdən keçirsək, görərik ki, hər bir inqilab texnoloji inkişafın tempini və insan fəaliyyətinə təsir dərəcəsini daha da artırmaqla cəmiyyətlərin strukturunda mühüm dəyişikliklərə səbəb olmuşdur. Məsələn, Birinci sənaye inqilabı (XVIII əsrin sonu - XIX əsrin ortaları) təqribən 150-200 il davam etmiş və əsasən mexaniki istehsal vasitələrinin tətbiqi, İkinci sənaye inqilabı bu dövrü təxminən 100 ilə qədər qısaltmış, elektrik enerjisinin və kütləvi istehsalın tətbiqi ilə sənayenin yeni mərhələyə keçidini təmin etməsi, Üçüncü sənaye inqilabı əsasən elektronika və informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və təqribən 50 il ərzində, xüsusilə, mühəndisliyi cəlbedici və strateji peşə sahəsinə çevirməsi ilə və nəhayət, Dördüncü sənaye inqilabı isə texnoloji transformasiyanın daha da sürətlənməsi ilə seçilir. Bu mərhələdə dəyişikliklər daha qısa zaman aralığında baş verir və texnologiyalar sürətlə aktuallığını itirərək, yerini daha yeni, daha effektiv həllərə verir.

Mövcud texnoloji dinamika ali təhsil müəssisələri qarşısında tamamilə yeni çağırışlar yaradır. Artıq ənənəvi tədris modelləri öz aktuallığını itirir və onları yerini dinamik, çevik və adaptiv tədris yanaşmaları əvəzləyir. Bu proses ali məktəblərdən yalnız təhsil deyil, həm də idarəetmə və tədqiqatyönümlü fəaliyyətlərdə transformasiyaya hazırlıq tələb edir. Yaxın gələcəkdə rəqəmsallaşma, süni intellekt və avtomatlaşdırma texnologiyalarının ali təhsilə təsiri daha da güclənəcək və bu da təhsil sisteminin köklü transformasiyasını qaçılmaz edəcək. İnsanların peşə və ixtisas maraqları əsasında formalaşan qlobal şəbəkələrdə birləşməsi, onların daha çox funksional mühitlərlə əlaqələndiyi yeni sosial və əmək modelinin təkmilləşməsinə gətirib çıxaracaq. Bu baxımdan, ali təhsil müəssisələrinin tədqiqat və sənayeyönümlü universitetlərə transformasiyası təhsil sistemlərinin modernləşdirilməsi, eyni zamanda milli iqtisadiyyatın dayanıqlı inkişafı, texnoloji suverenliyin təmin edilməsi və innovasiya potensialının gücləndirilməsi baxımından da strateji əhəmiyyət kəsb edir. Bu transformasiya ali təhsilin gələcəkdəki rolu və funksiyasını yenidən müəyyənləşdirərək onu bilik iqtisadiyyatının əsas dayaqlarından birinə çevirir.

Müasir dövrümüzün universitetləri biliklərin ötürülməsi - yəni yalnız tədris ilə qənaətlənə bilmir. XXI əsrin reallıqları - həm dinamiklik, həm də komplekslilik universitetlərdən daha fərqli, daha faydalı, müasir əmək bazarının tələblərinə uyğun, bir sözlə, təməl biliklərlə bərabər, yeni biliklər yaratması, həm də bunların praktiki tətbiqə çevirməsi missiyasını daşıyır.

Klassik universitet modeli müasir dövrün tələbləri fonunda tədricən tədqiqat və sənayeyönümlü universitet modelinə transformasiya etməkdədir. Bu kontekstdə Azərbaycan Dövlət İqtisad Universiteti sözügedən keçid prosesində ölkə üzrə öncül mövqedə qərarlaşan ali təhsil müəssisələrindən biri kimi çıxış edir. UNEC-in son illərdə həyata keçirdiyi islahatlar, elmi tədqiqatların təşviqi, innovasiya və sahibkarlıq mühitinin formalaşdırılması istiqamətində atdığı addımlar onu bu sahədə aparıcı universitetlər sırasına daxil etməyə əsas verir.

Hazırda UNEC-də elmi-tədqiqat işləri 3 illik plan əsasında həyata keçirilir və sonuncu, yəni 2023-2025-ci illəri əhatə edən dövr üçün UNEC-in elmi-tədqiqat işlərinin mövzusu "Azərbaycan iqtisadiyyatının modernləşdirilməsi və davamlı inkişaf" adlanır. 2024-cü ildə mövzunun ikinci mərhələsi üzrə kafedralar tərəfindən 27 məsələ, 80 mövzu üzrə 573 elmi-tədqiqat işi yerinə yetirilmişdir. Hər il olduğu kimi cari ildə də elmi işlərin nəticələri ümumləşdirilərək, Təhsil Nazirliyinə və Azərbaycan Milli Elmlər Akademiyasına göndərilmişdir.

Təkcə 2024-cü ilin yekunlarına görə, UNEC-in akademik heyəti tərəfindən 9 monoqrafiya, 14 dərslik, 16 dərs vəsaiti, 129 fənn proqramları və metodik vəsait, 572 elmi məqalə, 107 tezis nəşr edilmişdir. Beynəlxalq elmi informasiya bazalarında da UNEC-in fəaliyyəti diqqətəlayiq artım dinamikası ilə müşahidə olunur. Belə ki, 2024-cü il ərzində Web of Science platformasında 662 elmi əsər UNEC adına indekslənmiş, həmin nəşrlərə 3932 istinad qeydə alınmışdır. Qeyd edək ki, bu göstəricilərdən 3543 istinad özünə istinadlar istisna edilməklə formalaşmışdır. Ümumilikdə, 1975-2024-cü illər ərzində UNEC-in Web of Science profilində 1963 elmi əsər indekslənmiş, onlara verilmiş ümumi istinadların sayı 12510, o cümlədən özünə istinadların sayı 2065 olmuşdur. Bu göstəricilərin 66 faizi elmi əsərlərin, 83 faizi isə istinadların 2020-2024-cü illərə təsadüf etməsi, universitetin son illərdə beynəlxalq elmi fəallığının ciddi şəkildə artdığını nümayiş etdirir ki, bu da qarşıya qoyulan hədəflərə çatmaq üçün doğru yolda olduğumuza işarədir. Tək 2025-ci ildə isə 252 elmi əsər adıkeçən elmmetrik bazada indekslənmişdir.

Əlavə olaraq vurğulanmalıdır ki, 2020-2024-cü illər ərzində UNEC üzrə Web of Science platformasında dərc olunmuş elmi məqalələr, ölkə üzrə bütün ali təhsil və elmi müəssisələrinin birlikdə eyni dövrdəki məqalələrinin 19 faizi, tək 2024-cü il üzrə isə 22,7 faizini təşkil edir. Bu da UNEC-in ölkə elmi məkanındakı lider mövqeyini göstərən mühüm göstəricilərdən biridir. Xarici ölkələrin alimləri ilə birgə müəlliflik əsasında hazırlanmış elmi işlərin sayı 574 olmuşdur ki, bu da beynəlxalq elmi əməkdaşlığın genişlənməsinin göstəricisidir.

Scopus platforması üzrə UNEC-in elmi fəaliyyətinə dair statistik göstəricilər də müsbət dinamika əks etdirir. 2024-cü il ərzində Scopus bazasında UNEC müəlliflərinə məxsus 845 elmi əsər indekslənmiş, bu əsərlərə 6374 istinad olunmuşdur. Onlardan 5053 istinad özünə istinadlar istisna edilməklə formalaşmışdır. Ümumilikdə, 1997-2024-cü illər ərzində UNEC-in Scopus bazasında 2467 elmi əsəri indekslənmiş, onlara 18115 istinad qeydə alınmış, bu istinadların 3487-si özünə istinad xarakteri daşıyır. Diqqətəlayiq məqam odur ki, elmi əsərlərin 73 faizi, ümumi istinadların 82 faizi məhz 2020-2024-cü illər ərzində əldə olunmuşdur.

Scopus elmi bazası üzrə indeksləşdirilmiş məqalələrin kvartil göstəricilərinə əsasən, Azərbaycan Dövlət İqtisad Universitetinin elmi məhsuldarlığı aşağıdakı kimi qiymətləndirilmişdir: Q1 kvartilində yer alan nəşrlərin sayı 484, Q2 kvartilində isə 154 olmaqla ümumi göstərici 638 elmi məqalə təşkil edir. Bu nəticə UNEC-in yüksək reytinqli beynəlxalq elmi jurnallarda nəşr aktivliyini və tədqiqat keyfiyyətinin dinamik şəkildə artdığını göstərir.

Qeyd etməliyik ki, 2024-cü ilin ikinci yarısında UNEC-də AVESİS elmi informasiya idarəetmə sisteminin tətbiqinə başlanılmışdır. Sistem əsasən, akademik heyətin fərdi profillərinin formalaşdırılması, elmi nəşrlərin inteqrasiyası, süni intellekt alətlərindən istifadənin təşviqi, elmi fəaliyyətin rəqəmsal əsasda stimullaşdırılması və maliyyələşdirilməsi, struktur bölmələr üzrə elmi potensialın təhlili, nüfuzlu platformalarla avtomatik məlumat inteqrasiyası və tədqiqatçılararası əməkdaşlığın genişləndirilməsi məqsədlərinə xidmət edir. AVESİS sistemində UNEC profilinə 2699 elmi əsər və 4671 istinad əlavə olunmuşdur. Bu elmi əsərlərin tədqiqat sahələri üzrə bölgüsündə ilk üçlükdə Natural Sciences, Engineering Computing & Technology və Social Sciences qərarlaşıb. Həmçinin, burada hesabatlılıq baxımından elmi nəşrlər, layihələr, istinadlar, patentlər, mükafatlar, elmi fəaliyyətlər, tezislər və işçilər müxtəlif kateqoriyalar baxımından təhlil olunur.

Həm yerli, həm də beynəlxalq səviyyədə müxtəlif qrant layihələrinin həyata keçirməsi Azərbaycan Dövlət İqtisad Universitetinin respublikada, eləcə də regionda öncüllər sırasında yer alması səbəblərindəndir.

Son beş il ərzində universitet tərəfindən 9 yerli və 12 beynəlxalq olmaqla ümumilikdə 21 qrant layihəsi həyata keçirilmişdir. Bu layihələrin əsas məqsədi UNEC-in elmi-tədqiqat potensialını artırmaq, beynəlxalq elmi əməkdaşlıqları inkişaf etdirmək və tələbələrin tədqiqat fəaliyyətini təşviq etmək olmuşdur. Xüsusilə qeyd olunmalıdır ki, 2022-ci ildən başlayaraq UNEC daxili qrant layihələrinə start verilmişdir. Bu müsabiqə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in reallaşdırılmasına UNEC alimlərinin töhfəsini stimullaşdırmaq məqsədilə təşkil olunmuşdur. Müsabiqədə AR vergi orqanlarından VÖEN almış, yalnız UNEC-də çalışan əməkdaşlar, doktorantlar, magistrlər, həmçinin müsabiqəyə ərizə layihəsinin hazırlanması mərhələsində onların arasından formalaşdırılan müvəqqəti elmi kollektivlərinin nümayəndələri iştirak edə bilərlər. Layihə təklifləri UNEC-də aparılan elmi-tədqiqat işlərinin dəstəklənməsi və inkişafı baxımından "Müsabiqə əsasında universitetin vəsaitlərindən elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi sistemi haqqında" Əsasnaməyə əlavə edilmiş formalara uyğun olaraq təqdim olunmalıdır. Əlavələrdə layihənin qısa məzmunu, məqsədi, icra müddəti, xərclər smetası, idarə olunma sxemi, strukturu, rəhbəri və icraçıları barədə məlumat verilməlidir. Artıq UNEC III daxili qrant layihəsi elan olunub.

Bundan əlavə, 2020-2024-cü illər ərzində UNEC-ə məxsus ixtiralara alınmış patentlər üzrə də əhəmiyyətli nəticələr əldə edilmişdir. Belə ki, bu dövrdə universitet tərəfindən 15 ixtira patenti qeydiyyata alınmışdır ki, onlardan 8-i milli, 7-si isə beynəlxalq patentlərdir. Bu göstəricilər UNEC-in innovasiyayönümlü inkişaf strategiyasını və tətbiqyönümlü elmi tədqiqatlara verdiyi önəmi bir daha nümayiş etdirir.

UNEC Tədqiqat Mərkəzləri ali təhsil müəssisəsinin elm blokunun tərkibində məhsuldar fəaliyyəti ilə elmi araşdırma infrastrukturunun sistemli şəkildə inkişaf etdirilməsinə və seçilən tədqiqatçıların intellektual potensialından daha səmərəli şəkildə istifadə olunmasına xidmət edir. Tədqiqat Mərkəzləri Azərbaycan Dövlət İqtisad Universitetində elmi-tədqiqat fəaliyyətinin təşviqi və universitetin elmi potensialının daha da gücləndirilməsi məqsədilə Elmi Şuranın müvafiq qərarları və rektorun əmri əsasında yaradılmışdır. Ümumilikdə 48 Tədqiqat Mərkəzinə 267 tədqiqatçı cəlb edilmişdir. Onlardan 48 nəfəri birbaşa 2024-cü hesabat ili ərzində mərkəzlərin fəaliyyətinə qoşulmuşdur. Bu tədqiqatçılar arasında 1 akademik, 15 professor, 14 dosent, 11 fəlsəfə doktoru (Ph.D.), 5 doktorant və 2 müəllim təmsil olunmuşdur ki, bu da UNEC-in tədqiqat resurslarının keyfiyyət və müxtəliflik baxımından geniş spektrə malik olduğunu göstərir. 2024-cü ildə UNEC Tədqiqat Mərkəzlərinin əməkdaşları tərəfindən nüfuzlu beynəlxalq və yerli elmi nəşrlərdə ümumilikdə 659 elmi məqalə dərc olunmuşdur. Bu göstərici universitetin elmi fəaliyyətinin məhsuldarlığını və akademik dairələrdə tanınma səviyyəsinin artdığını nümayiş etdirir.

Qeyd etməliyik ki, cari tədris ilində UNEC Elmi Şurasının Qərarı ilə 6 Tədqiqat Mərkəzi yaradılmışdır. Bunlara Materialların Rəqəmsal Dizaynı və Qabaqcıl Hesablama Texnologiyaları UNEC Tədqiqat Mərkəzi, Qabaqcıl funksional materiallar UNEC ETM, Ətraf Mühitin Qlobal Problemləri UNEC Tədqiqat Mərkəzi, Marketinq, istehlakçı davranışı və brendinq UNEC TM, İqlim dəyişiklikləri və istixana qazlarının idarə edilməsi UNEC ETM, Karbohidrogenlərin istehsalı, daşınması və emalında resurslara qənaət edən texnologiyalar UNEC Tədqiqat Mərkəzləri aiddir.

"Webometrics reytinq sıralamasında UNEC-in mövqeyinin yaxşılaşdırılması" məqsədilə təsdiqlənmiş tədbirlər planının icrası ilə bağlı hesabat ilində bir sıra xarici ölkə universitetlərinin vebsaytında unec.edu.az domeninin yerləşdirilməsi təmin edilmişdir.

UNEC nümayəndə heyətinin 2024-cü ilin dekabr ayında Almaniyanın Anhalt Tətbiqi Elmlər Universitetinə səfəri çərçivəsində təhsil və elm sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunmuş, hər iki universitet arasında əməkdaşlıq memorandumu imzalanmış və Enerji üzrə Alman-Azərbaycan UNEC Elmi-Tədqiqat və Təhsil Mərkəzi yaradılmışdır. Elmi fəaliyyətin mühüm istiqamətlərindən biri elmi kadrların hazırlanmasıdır.

UNEC-də təkcə 2024-cü ilin sonuna fəlsəfə doktoru proqramı üzrə doktorantların və dissertantların sayı müvafiq olaraq 153 və 6 nəfər, elmlər doktoru proqramı üzrə isə doktorantların sayı 24 nəfər təşkil etmişdir. Həmin dövrə doktorant və dissertantların cəmi sayı 183 nəfər olmuşdur.

2024-cü il ərzində Azərbaycan Dövlət İqtisad Universitetində elmi fəaliyyətin stimullaşdırılması, tədqiqatların beynəlxalq elmi ictimaiyyətə inteqrasiyasının gücləndirilməsi və akademik müzakirə platformalarının genişləndirilməsi məqsədilə bir sıra beynəlxalq və respublika səviyyəli elmi və elmi-praktiki konfranslar təşkil edilmişdir. Keçirilən tədbirlər universitetin strateji hədəflərinə uyğun olaraq müxtəlif sahələr üzrə aktual elmi problemlərin müzakirəsinə, elmi biliklərin paylaşılmasına və tədqiqatçıların qarşılıqlı əməkdaşlığının inkişafına şərait yaratmışdır. Həm yerli, həm də xarici alim və mütəxəssislərin iştirakı ilə keçirilən konfranslar UNEC-in akademik nüfuzunun artmasına, beynəlxalq tədqiqat şəbəkələrində fəal iştirakına və elmi fəaliyyətin nəticəyönümlü inkişafına töhfə vermişdir.

"UNEC-2030" strateji inkişaf sənədində müəyyən edilmiş Hədəf 2.6-ya uyğun olaraq, Azərbaycan Dövlət İqtisad Universitetinin elmi nəşrlərinin beynəlxalq indekslərə daxil edilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bu kontekstdə, 2024-cü il ərzində UNEC-in ingilis dilində nəşr olunan və ildə iki dəfə çap edilən "UNEC Journal of Engineering and Applied Sciences" (UNEC JEAS) elmi jurnalı nüfuzlu Scopus elmi bazasında indeksləşdirilmişdir. Bu nailiyyət UNEC-in elmi-tədqiqat fəaliyyətlərinin beynəlxalq aləmdə tanınmasına və elmi məhsullarının qlobal akademik dövriyyəyə daxil olmasına mühüm töhfə verir.

Hazırda UNEC-də aşağıdakı elmi jurnallar fəaliyyət göstərir:

  • "The Journal of Economic Sciences: Theory and Practice" - ingilis dilində ildə iki dəfə nəşr olunur və iqtisad elmlərinin nəzəri və praktiki aspektlərini əhatə edir;
  • "UNEC Journal of Engineering and Applied Sciences" - ingilis dilində ildə iki dəfə nəşr olunur və mühəndislik və tətbiqi elm sahələrini əhatə edir;
  • "UNEC Tələbə Tədqiqatları jurnalı" ildə iki dəfə nəşr olunur və müxtəlif sahələr üzrə tələbələrin elmi məqalələrini əhatə edir;
  • "Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Xəbərləri" - ildə dörd dəfə nəşr olunur və müxtəlif sahələr üzrə elmi məqalələri əhatə edir;
  • "UNEC EKSPERT" - analitik və tətbiqi yönümlü məqalələr təqdim edən jurnal ildə iki dəfə nəşr olunur;
  • "Azərbaycanın Vergi Jurnalı" - Azərbaycan Respublikası Dövlət Vergi Xidməti ilə bağlanmış müqavilə əsasında UNEC-ə verilmiş və UNEC mütəxəssisləri tərəfindən hazırlanaraq ildə iki dəfə çap olunur.

Bundan əlavə, 2024-cü ildə UNEC-in elmi nəşr sahəsində fəaliyyətini genişləndirmək məqsədilə yeni jurnalların təsis olunması barədə qərar qəbul edilmişdir. Qərara əsasən, 2025-ci ildən etibarən aşağıdakı yeni elmi jurnalların nəşrinə başlanılması və onların Open Journal Systems (OJS) platforması üzərindən elektron idarəolunması nəzərdə tutulur:

  • UNEC Journal of Economics and Management Advances
  • UNEC Journal of Computer Science and Digital Technologies
  • Dizaynın Aktual Problemləri

Bu təşəbbüslər UNEC-in elmi kommunikasiya imkanlarının genişləndirilməsi, elmi fəaliyyətin rəqəmsallaşdırılması və beynəlxalq standartlara uyğun elmi nəşrlərin təşkili istiqamətində mühüm mərhələ təşkil edir.

Bu gün UNEC-in uğurlu işlərindən biri də Kitabxana İnformasiya Mərkəzinin fəaliyyətidir. UNEC ölkədə ilk dəfə RSCVD platformasından istifadə edib. Qlobal elektron resurs mübadilə platforması olan RSCVD (https://app.rscvd.ifla.org/) vasitəsilə kitabxanalar elektron sənəd mübadiləsi xidmətindən ödənişsiz yararlanmaq imkanı əldə edir, beynəlxalq kitabxana əməkdaşlığını gücləndirir, dünyanın 30-a yaxın ölkəsindən 80-dən çox kitabxana resurslarına əlçatanlılığı təmin edir, informasiya mübadiləsini və tədqiqat prosesini sürətləndirir.

Hesabat ilində EBSCO, Emerald; Scopus, Sciencedirect, Web of Science Core Collection bazalarına abunə olunmuşdur. Bu ildən etibarən Clarivate şirkətinin 3 istiqamətdə: InCites platforması, Web of Science Research Assistant süni intellekt aləti, ProQuest Dissertations & Theses Global (PQDT) bazalarına abunə olunmuş, digər ProQuest E-book Central bazasına abunəlik üzrə işlər isə davam edir. Qeyd edək ki, UNEC-də ümumiyyətlə 5 milyona yaxın resursa giriş imkanı mövcuddur.

Kitabxana-İnformasiya Mərkəzi tərəfindən həyata keçirilən işlər, tədbir və konfranslar, forumlar, yerli və beynəlxaql layihələr, eləcə də respublikanın, həmçinin xarici ölkələrin aparıcı universitet kitabxanaları ilə qarşılıqlı əməkdaşla universitetin tədris və tədqiqat mühitini informasiya cəhətdən zənginləşdirir, digər tərəfdən isə yüksək intellektual potensiala malik iqtisadçı kadrların yetişdirilməsinə, onların informasiya texnologiyalarına əsaslanan qlobal rəqabət mühitinə inteqrasiyasına xidmət edir.

Elmi fəaliyyət sahəsində qət olunan yol, universitetin elm və təhsil tarixində dərin izlər buraxmış, eyni zamanda yeni mərhələlərə keçid üçün möhkəm təməl yaratmışdır. Fəxarət hissi ilə qeyd etməliyik ki, UNEC ötən illər ərzində yalnız ölkənin deyil, regionun da aparıcı iqtisadi ali təhsil və tədqiqat mərkəzlərindən birinə çevrilmişdir.

Elm blokunun təqdim etdiyi faktlar və göstəricilər UNEC-in elmi potensialının ardıcıl və məqsədyönlü şəkildə inkişaf etdiyini, innovativ yanaşmalarla zənginləşdirildiyini və beynəlxalq elmi mühitə inteqrasiyanın sistemli şəkildə həyata keçirildiyini nümayiş etdirir. Tədqiqat mərkəzlərinin genişlənməsi, elmi jurnalların beynəlxalq indekslərə daxil edilməsi, gənc tədqiqatçıların təşviqi və rəqəmsal informasiya mühitinin yaradılması universitetin elm siyasətinin uğurla həyata keçirildiyini təsdiq edir. Universitetin elmi ictimaiyyət qarşısında duran başlıca vəzifə bu zəngin ənənəni müasir çağırışlara uyğun inkişaf etdirmək, Azərbaycan elminə və iqtisadiyyatına innovativ töhfələr vermək, eləcə də UNEC-i dünya elm məkanında daha güclü və tanınan tədqiqat universitetinə çevirməkdir. Bu məqsədlə, elm və tədrisin vəhdətinə əsaslanan yanaşma bundan sonra da UNEC-in strateji inkişaf kursunun başlıca xəttini təşkil edəcəkdir.

Rövnəq Rzayev,
UNEC Elm və innovasiya məsələləri üzrə prorektor,
əməkdar müəllim, f.e.d., prof.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay