A

AZƏRTAC

Azərbaycan iqtisadiyyatı müasir dövrdə, şaxələndirmə, başqa sözlə, diversifikasiyalaşdırılma dövrünü yaşayır. Diversifikasiya sözünün müasir forması ingilis dilində işlədilən “diversification” termininə əsaslanır və əsasən məhsul çeşidinin genişləndirilməsi anlamına gəlir. Bununla yanaşı, müasir dövrdə diversifikasiya anlayışı milli iqtisadiyyatın inkişaf xüsusiyyətini və istiqamətlərini xarakterizə etməklə, şirkət və birliklərin fəaliyyət xarakterlərinə görə qruplaşdırılmasında vacib elementlərdən biri kimi çıxış edir.Bu fikirləri AZƏRTAC-a müsahibəsində Əməkdar Elm Xadimi, iqtisad elmləri doktoru, professor Arif Şəkərəliyev səsləndirib. O, diversifikasiya hədəflərinə yetişmək məqsədlə beynəlxalq miqyasda qazanılmış təcrübədən istifadə etməyin zəruriliyini vurğulayıb. Bildirib ki, bu təcrübədən bəhrələnərək yaxın dövrlərdə Azərbaycanda inkişaf etmiş bazar infrastrukturu, müvafiq dövlət maliyyə institutları yaradılmalı, habelə qeyri-neft sektorunun iqtisadi stimullaşdırılması sistemi (vergilər, tariflər və s.) işlənməli, nəhayət, milli iqtisadiyyatın diversifikasiyası və sənayenin qeyri-neft sektorunun inkişafının dövlət indikativ planları (proqramları) qəbul edilməlidir.Müsahibimiz Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi”ni xatırladaraq deyib: “Bu sənəddə milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və innovasiyalaşdırılmasında iki mühüm iqtisadi inkişaf istiqaməti - milli istehsalçıların məhsullarına tələbatın daxili bazarda ciddi artırılmasının təmin olunması və xarici bazarların əldə edilməsi mühüm prioritet kimi göstərilir. Prezident İlham Əliyev aprelin 17-də Yevlax şəhərində qeyri-neft ixracatçılarının respublika müşavirəsində yeni iqtisadi modelin əsas hədəfini açıqlayaraq bildirib ki, “bundan sonra iqtisadiyyatımızı ancaq islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdirəcəyik”.Təqdirəlayiqdir ki, hazırda qeyri-neft sektoru iqtisadiyyatımızın təxminən 65 faizini təşkil edir. Burada mühüm element kimi sənayenin, kənd təsərrüfatının, turizmin, İKT və digər sahələrin kompleks və sürətli inkişafını, ölkə iqtisadiyyatının müxtəlif sektorlarının potensialından səmərəli istifadə olunmasını, yüksək standartlara cavab verən milli məhsulların və malların istehsal şəbəkəsinin genişləndirilməsini, ixracyönümlü malların çeşidinin artırılmasını və qeyri-neft ixracının coğrafiyasının şaxələndirilməsini və həcminin yüksəldilməsini, yeni xarici əmtəə bazarlarına çıxışın təmin olunmasını göstərmək olar.Müsahibimiz qeyd edib ki, bu gün ölkəmizin iştirakı ilə reallaşdırılan iri enerji layihələrinin əksəriyyəti başa çatdırılıb və yaxud icra mərhələsindədir. Artıq qeyri-neft sektorunda irihəcmli layihələrin reallaşdırılmasına başlanılıb, ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması prosesləri gedir. Ümumi daxili məhsulda (ÜDM) özəl sektorun və xidmət sahəsinin payını artırır, sənaye sahələrində, o cümlədən neft-qaz maşınqayırması, neft-kimya, metallurgiya, cihazqayırma, tikinti materialları istehsalında, aqrar sektorda inkişafı sürətləndirilir, yeni iqtisadiyyat sahələrinin – İKT, turizm və kosmik sənayenin rolu gücləndirilir, eyni zamanda, xarici ticarət dövriyyəsi strukturu diversifikasiyalaşdırılır.Professor fikrini bir sıra fakt və rəqəmlərlə əsaslandırıb. Onun sözlərinə görə, emal sənayesi qeyri-neft sənayesinin əsas aparıcı sahəsidir və bu sahədə istehsal olunan məhsulun 69,1 faizi onun payına düşür. Burada qida məhsulları və içki istehsalı 40,9 faiz, metallurgiya sənayesi və hazır metal məmulatların istehsalı 5,9 faiz, tikinti materiallarının istehsalı 5,1 faiz, elektrik avadanlıqlarının istehsalı 1,9 faiz, kimya sənayesi 3 faiz, maşın və avadanlıqların istehsalı 3,6 faiz, digər sənaye sahələrinin istehsalı 8,6 faiz olub.Geniş potensiala malik bir sıra sənaye sahələrinin (kimya, metallurgiya və s.) qeyri-neft sənayesindəki payının adekvat olmadığını diqqətə çatdıran professor qeyd edib ki, bu sahələrdəki imkanlardan daha səmərəli istifadə edilməsinə ehtiyac var. Qeyri-neft sektorunun inkişaf strategiyasının hazırlanması, eyni zamanda, bu problemin əsaslarının tədqiq olunması, sahənin inkişaf meyillərinin onun zəif və üstün cəhətlərinin araşdırılması, habelə neft sektorunun sıçrayışlı inkişafı nəticəsində qeyri-neft sektorunun qarşılaşdığı problemlərin aşkara çıxarılması zərurəti ilə şərtlənir. Belə ki, bir sıra rəqabətqabiliyyətli emal sənayesi sahələrində inkişaf proseslərinin qeyri-adekvatlığını nəzərdən keçirmək zərurəti yaranır. Məsələn, neft-kimya sənayesində uzun illər güclü potensial formalaşmasına və son 10 ildə maliyyə resursları baxımından problemlərin olmamasına baxmayaraq, iri və ya orta modern müəssisələr yaradılmayıb. Eyni fikirləri metallurgiya, cihazqayırma sahələri barədə də söyləmək mümkündür. Düzdür, son illərdə metallurgiya sənaye kompleksinin istehsal potensialının gücləndirilməsi istiqamətində dövlət dəstəyi və tədbirləri gücləndirilib. Bunların nəticələrinin təhlili yaxın perspektivdə mümkün ola bilər və hələlik ölkənin real qeyri-neft sənaye sahələrinin hazırkı fəaliyyəti onların mövcud potensialına nisbətən zəif təsir bağışlayır.A.Şəkərəliyev perspektivlərə də toxunaraq vurğulayıb ki, respublikamızda son illər sənaye parklarının və zavodların, aqroparkların yaradılması qeyri-neft sektorunun inkişafına güclü təkan verəcək. Bu məqsədlə ölkədə sahibkarlığın, biznes fəaliyyətinin inkişafı və stimullaşdırılması ilə əlaqədar investisiyaların təşviqinin əhəmiyyətini xüsusi olaraq göstərmək lazımdır. Təsadüfi deyil ki, hökumət ölkədə investisiya fəaliyyətinin genişləndirilməsinə, sahibkarlıq mühitinin yaxşılaşdırılması və stimullaşdırılmasına, sənaye istehsalının artırılmasına xüsusi önəm verir.Hazırda ölkəmizdə qeyri-neft sahələrinin rəqabət qabiliyyətinin artırılması yüksək və davamlı iqtisadi artımın təmin edilməsində mühüm rol oynayır. Müsahibimizin fikrincə, Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin qlobal təsirlər şəraitində artması imkanları və yolları mövcuddur, bir şərtlə ki, ölkədə ixracyönümlü qeyri-neft sektoru məhsullarının çeşidinin əhəmiyyətli səviyyədə davamlı artım təmin olunsun. Azərbaycan ixracı əmtəələrin müstəvisinin kənar periferiyasında yerləşir və hazırkı ixrac səbətində ən yaxın əmtəələrə məsafə çox böyükdür. Bu, Azərbaycan iqtisadiyyatının təbii, yaxud “üzvi” diversifikasiyasını çətinləşdirir. Lakin hazırda ixrac potensialının heç də az olmayan səmərəli yollarını tapmaq perspektivləri barədə danışan A.Şəkərəliyev deyib ki, əvvəla, ölkənin təbii resursları, zəngin yeraltı və yerüstü ehtiyatları, əmək və intellekt resursları və sair amillər kifayət qədərdir. İkincisi, bir sıra güclü potensiala malik qeyri-neft sektoru sahələrinin potensialından səmərəli istifadə olunmalı və onların ixracyönümlüyü daha dərindən müəyyənləşdirilməlidir (kimya və neft kimya, metallurgiya, neft və qaz maşınqayırması, kənd təsərrüfatı və s.), üçüncüsü, ölkənin ixrac sektorunun diversifikasiyalaşdırılma strategiyası optimallaşdırılmalı, qlobal rəqabət meyarları nəzərə alınmalı, adekvat tədbirlər müəyyənləşdirilməlidir və s.“Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında 2020-ci ildə adambaşına düşən qeyri-neft ixracının həcminin min dollara çatdırılması hədəf kimi götürülüb. Müasir dövrdə Azərbaycanda dövlətin özəl sektora, qeyri-neft sahəsinə, həmçinin bank sektoruna sistemli dəstək mexanizmləri ilə yanaşması, dayanıqlı iqtisadi siyasət formalaşdırlması bu qənaətə gəlməyə imkan verir ki, növbəti illərdə ölkənin kommersiya banklarının kreditləri hesabına müxtəlif real iqtisadi sektorların inkişafının sürətləndirilməsi, onların ixrac potensiallarının artırılması yollarının şaxələndirilməsi daha da intensivləşəcək”, - deyə A.Şəkərəliyev vurğulayıb.

Xatirə Cəfərova, AZƏRTAC

TOP XƏBƏRLƏR