Hər bir xalq özünün elmi potensialı ilə fəxr edə bilər. İqtisadiyyat elmi sahəsində də potensialımız güclüdür. Alimlərimizin yaradıcılığını xarakterizə edən faktlarla tanışlıq bunu sübut edir. Oxucuya təqdim edilən “İqtisadi tərəqqiyə həsr edilən ömürlər“ kitabında iqtisadçı alimlərimizin elmi-pedaqoji fəaliyyətinin cəmiyyətimiz üçün dəyərli olması konkret faktlarla işıqlandırılır. Bu isə hər bir tədqiqatçı, onun vətəni, ailəsi, övladları üçün çox vacibdir. Mən həyatdan köçmüş iqtisadçı alimlərimizin xatirəsini bir daha əziz tutur, bu gün elm, təhsil ocaqlarında, iqtisadi həyatın bir çox sahələrində çalışan iqtisadçı alimlərimizə, həmkarlarıma möhkəm cansağlığı, Azərbaycanın çiçəklənməsi naminə uğurlar arzulayıram. Akademik Ziyad Səmədzadə, “İqtisadi tərəqqiyə həsr edilən ömürlər” kitabından
İyunun 1-də UNEC-də iqtisad elmləri doktoru, professor Məmmədhəsən Meybullayevin 70 illik yubileyinə həsr olunan anım tədbiri keçirilib. Tədbirdə UNEC-in professor-müəllim heyəti ilə yanaşı, tanınmış akademiklər, alimin yaxınları və ailə üzvləri iştirak edib.
Rektor, professor Ədalət Muradov: Hörmətli həmkarlar, qonaqlar və Məmmədhəsən müəllimin doğmaları. Mən, ilk növbədə hamınızı salamlayır, xoş gəlmisiniz deyirəm. Universitetin simasını formalaşdıran orada çalışan müəllimlərdir. Universitetimizin mənfi imicdən uzaqlaşdırılması və müsbət imicinin formalaşmasında birbaşa xidməti olan ziyalılarımızdan biri də Məmmədhəsən müəllim olmuşdur. O, bütöv iqtisadçılar nəslinin formalaşdırılmasını təmin edən müəllimlərimizdən idi. Məmmədhəsən müəllim İslam iqtisadiyyatı sahəsində ölkəmizdə aparılan tədqiqatların önündə duran alim, bir ziyalı nümunəsidir. Onunla ünsiyyətdə olan hər bir şəxs özündə yüngüllük tapardı. Məmmədhəsən müəllim öz bildiklərini dostları, yoldaşları, tələbələri ilə bölüşməyi sevən insan idi. Mən düşünürəm ki, Məmmədhəsən müəllimin bu gün ruhu şaddır. Onun ruhu bu gün burdadır, bizlərlədir. O, cismən bu dünyadan köçsə də, bizim hər birimizin qəlbimizdə yaşayır, var və həmişə də yaşayacaqdır. Mən Məmmədhəsən müəllimə Allahdan rəhmət diləyirəm, yeri behişt olsun, qəbri nurla dolsun. Biz də İqtisad Universitetində çalışdığımız müddətdə Məmmədhəsən müəllim və digər ziyalılarımızın xatirəsinin əbədiləşdirilməsi üçün əlimizdən gələni edəcəyik. Düşünürəm ki, tanınmış ziyalılarımızın xatirəsini yad edərkən onların şərəfinə elmi konfranslar, zəngin irslərinin tədqiq olunması üçün dəyirmi masalar təşkil etməliyik.
Akademik Ziyad Səmədzadə: Hörmətli Ədalət müəllim, sizə, eyni zamanda, Azərbaycan Dövlət İqtisad Universitetinin professor və müəllim heyətinə, burada əyləşən insanlara təşəkkürümü bildirirəm ki, bu görkəmli alimin, ziyalının məclisinə gəlmisiniz. Mən bu tədbirin keçiriləcəyini eşidəndə həddindən artıq sevindim. Hər bir elmin illər boyu, əsrlər boyu formalaşan müəyyən xiridarları, ustadları olub. İqtisad elmi başıbəlalı elm olub, müxtəlif dövrlərdə təzyiqlərə məruz qalıb, ancaq inkişaf edib və bu gün bəşəri iqtisad elmi məhfumu var. Bəşəri iqtisad elminin görkəmli nümayəndələri barədə isə biz həmişə danışırıq və onları yad edirik. XX əsrdə Azərbaycan iqtisad elminin formalaşmasında çox dəyərli alimlər iştirak edib və onların çoxu məhz bu universitetdə çalışıb, fəaliyyət göstəriblər. Onların hər birini xatırlayanda böyük qürur hissi keçirirsən. Biz “Böyük İqtisadi Ensiklopediya”da (Məmmədhəsən müəllim redaksiya heyətinin üzvü, baş redaktorun müavini idi) onlar barədə zəruri məlumatları verdik və buna görə də sevinirik.
Məlum səbəblərə görə uzun illər Sovet dövründə “İqtisadi nəzəriyyə” elmi ilə məşğul olan alimlərin çoxu baş verən iqtisadi proseslərə obyektiv münasibətini açıq-aşkar ifadə etməkdən məhrum idi. Lakin onlar imkan daxilində öz iqtisadi inkişaf barədə müstəqil baxışlarını gənc nəslə, bizlərə çatdırmağa böyük səy göstərirdilər. Məmmədhəsən müəllimlə tanışlığımız 1970-ci illərin əvvəllərinə təsadüf edir. Həmin il SSRİ Dövlət Elm və Texnika Komitəsi İqtisadiyyat İnstitutunda, bizim təklifə əsasən, bir şöbə yaradılmasına icazə verdi və o şöbə də “Xalq təsərrüfatının inkişafı və proporsiyaları” adlanırdı. Həmin şöbəyə isə Moskvada vaxtilə Stalin ilə diskussiya aparmış görkəmli alim A.İ.Notkin rəhbərlik edirdi.
SSRİ kimi nəhəng dövlətin xalq təsərrüfatının inkişaf sürəti və proporsiyalarını öyrənməsi çox ciddi iş idi və böyük məsuliyyət tələb edirdi. Cəmi bir-iki respublikada belə şöbə yaradılmışdı. Bu bizə nə verdi? Bu bizə Azərbaycan iqtisadiyyatının ilk dəfə sistemli təhlilini aparmağa imkan yaratdı. Onu da deyim ki, ötən əsrin 50- ci illərinin sonlarından yeni yaradılmış şöbədə biz milli gəliri öyrənməyə başladıq. Azərbaycanda milli gəlirlərin öyrənilməsi hüquqları yox dərəcəsində, statistika isə qapalı idi. Müttəfiq respublikalarda bu problemin qoyulmasının özü belə çox riskli idi. Statistika olmadığından heç kim bilmirdi ki, Azərbaycanda real gəlirlər nə qədərdir, milli gəlirlər necə hesablanır? Amma buna baxmayaraq, Məmmədhəsən ilk dəfə olaraq əmək məhsuldarlığı və real gəlir problemini araşdırdı və bu işin öhdəsindən uğurla gəldi. Mən o vaxtlar onun elmi rəhbəri idim. Onun Sankt-Peterburqda doktorluq dissertasiyasının elmi konsultantı SSRİ-nin ən nəhəng iqtisadçılarından biri olan Dobrınin olub. Məmmədhəsən müəllim “Xalis məhsul dinamik inkişafın göstəricisi kimi” mürəkkəb mövzunun öhdəsindən gəlib, bu cür çətin mövzunu işləmək hər adama nəsib olmur. Ümumiyyətlə, SSRİ-nin başqa ölkələrə nisbətən geridə qalmasının əsas səbəblərindən biri ondan ibarət idi ki, makro problemlər dərindən təhlil edilmirdi. 70-ci illərə qədər respublikalarda çox lokal və məhdud mövzularda dissertasiyaları işləməyə icazə verirdilər. Müttəfiq respublikalarda qlobal düşünməyə imkan verən mövzuların araşdırılması məhdud idi. Məhz Məmmədhəsən müəllimin mövzusu bu gün də aktualdır. Ümumiyyətlə, bu gün biz qlobal təfəkkürün məhsulu olan mövzulara baxmalıyıq. Hər bir sahənin bu və digər iqtisadi məsələsi tədqiqat predmeti ola bilər, amma müstəqillik şəraitində fəaliyyət göstərən respublikanın qlobal problemlərinin iqtisadi nəzəri əsaslarını bizim alimlərimiz daha ətraflı tədqiq etməlidirlər. Məmmədhəsən müəllim xalis məhsulun bölünməsini, zəruri və izafi məhsulu araşdırmışdır, zəruri və izafi məhsulun konkret daşıyıcıları, konkret parametrlər nədən ibarətdir sualına cavab axtarmışdır. Məmmədhəsən müəllim bu problemləri araşdırdı və Azərbaycanın maraqlarının qorunması baxımından doktorluq dissertasiyasında çoxlu təkliflər verdi. M.Qorbaçov hesab edirdi ki, yeni İttifaq müqaviləsinin əsas prinsiplərindən biri “güclü mərkəz, sonra güclü respublika” olmalıdır. Amma Məmmədhəsən müəllim Qorbaçov hökuməti dövründə belə öz dissertasiyasında “güclü region, güclü respublika, sonra güclü İttifaq” təklifini irəli sürmüşdü. Bu fikri söyləmək üçün böyük cəsarət lazım idi. Bu o deməkdir ki, necə ola bilər ki, mən çox istehsal, amma az istehlak edirəm? Milli gəlir bölüşdürülür, mərkəzə gedir, nəticədə zəif regionlar əsasında güclü ittifaq yaradılır. Məmmədhəsən müəllim cəsarətli iqtisadçı, gözəl tətqiqatçı idi. Çox məqsədəuyğun işlər görürdü. Bu gün Azərbaycan iqtisad elminin problemləri çoxdur. Bəzən o qədər sadə sahəvi problemlərlə məşğul oluruq ki, artıq qlobal düşünməyə vaxtımız olmur. Amma qloballaşma şəraitində müstəqil respublikaların maraqlarının qorunması üçün qlobal təfəkkür lazımdır, milli maraqların müdafiəsi gərəkdir. Biz iqtisadi nəzəriyyənin əsaslarını yeni iqtisadi şəraitə uyğun olaraq araşdırmalıyıq. Məmmədhəsən müəllimin Azərbaycan elmi tarixində ən böyük xidmətlərindən biri də onun “İslam iqtisadiyyatı” kitabıdır. Mən həmin kitaba ön söz və rəy yazmışam. O dövrdə bu problemi qabartmaq asan məsələ deyildi. İslam iqtisadiyyatını öyrənmək üçün zəngin mənbələrə söykənən böyük şərqşünaslıq elmini dərindən bilmək lazımdır. Bu gün artıq Avropa ölkələri İslam iqtisadiyyatını araşdırır, İslam bankçılığını öyrənir və tədqiq edir. Biz bu məsələdə də hələ çox geridəyik. Məmmədhəsən müəllim çox saf əqidəli insan idi. Məndən soruşanda ki, ürəyinizi açdığınız insanlardan 2-3 nəfərin adını sayın, mən onların arasında hər zaman Məmmədhəsən müəllimin də adını qeyd edirdim.
Məmmədhəsən müəllimin “İqtisadi nəzəriyyə”, «Mikroiqtisadiyyata giriş», “Makroiqtisadiyyata giriş» və digər kitabları kifayət qədər sanballı əsərlərdir. Biz iqtisadçılarımızı qorumalıyıq. 2002-ci ildə “İqtisadi tərəqqiyə həsr edilən ömürlər” kitabını hazırlayanda biz çox əziyyət çəkdik. Bəzi alimlərimiz haqqında sanballı, adi məlumatları tapa bilmədik. Hər alimin cəmiyyətə göstərdiyi xidmətə önəm verməliyik və bunun üçün iqtisadçılarımızı qorumalıyıq. Mən Ədalət müəllimin fikri ilə çox razıyam ki, bu cür alimlərin fəaliyyətini qiymətləndirməliyik. Bizim bu doğma universitetdə iqtisadi nəzəriyyəçilərin, o cümlədən Azərbaycan iqtisadiyyatının problemlərinin həlli ilə məşğul olan iqtisadçılarımızın qlobal düşüncəyə ehtiyacı var. Müstəqil dövlətin gələcəyi necə olacaq? Bu gün Azərbaycan iqtisadiyyatını təhlil edərkən proqnozlaşdırılması çox çətin olan yüzlərlə xarici amilin ona təsir etdiyini görürük. Buna görə də nəzəri və metodoloji baxışlara fikir vermək lazımdır. Bu məsələlər Məmmədhəsən müəllimin doktorluq dissertasiyasında və digər çıxışlarında öz əksini tapmışdır.
Mən ulu Tanrıdan Məmmədhəsən müəllimə rəhmət diləyirəm. Övladları xoşbəxt adamlardır ki, ataları onlar üçün öz yaratdığı elmi sərvəti qoyub getmişdir, Məmmədhəsən müəllimin tərbiyəsi, ağlı və zəkası ilə tərbiyə olunan övladları onun yaratdığı əsərlərdir. Allah Məmmədhəsən müəllimə rəhmət eləsin. Ruhu şad olsun. Mən Ədalət müəllimə bu gözəl təşəbbüs üçün öz təşəkkürümü bildirirəm.
Akademik Vasim Məmmədəliyev: İqtisadçı ilə iqtisadi dildə danışmaq lazımdır, bu da mənim üçün çətindir. Mən bu universiteti və buradakı insanları sevirəm, çünki mən özüm də bu binada oxumuşam. O vaxtlar Şərqşünaslıq fakültəsi bu binada yerləşirdi. Mənim şəxsən yaxın dostum, görkəmli alim, elminə və şəxsiyyətinə böyük hörmət bəslədiyim Məmmədhəsən müəllimin 70 illik yubileyidir. Heç ağlıma gəlməzdi ki, Məmmədhəsən müəllim 70 yaşına çatıb. Çünki o qədər işləyən adam idi ki, onu heç görməyə də vaxt olmurdu, onun dəqiqəsi qənimət idi. Mən Ədalət müəllimə çox təşəkkür edirəm ki, görkəmli alimimizin yubileyini keçirir və onun xatirəsi əziz tutulur. Mən islam haqqında yazılan kitablardan məlumatlı idim, zəkat, xüms, fitrə və s. Bunlar hamısı Qurani-Kərimdən irəli gəlir. Amma Məmmədhəsən müəllim “İslam iqtisadiyyatı” kitabını mənə bağışlayanda mən yeni bir aləm kəşf etdim. Belə bir iqtisadiyyat var? Bunların hamısı Qurani-Kərimdə var. Bilməyənə qəribə gəlir. Amma həyat göstərir ki, hər bir Quran kəlamının arxasında böyük bir həqiqət vardır.
Mən Ziyad müəllim və Məmmədhəsən müəllimlə çox məclislərdə bir yerdə olmuşam, əsasən Abşeron məclislərində. Məmmədhəsən müəllim ilə birlikdə məclisə daxil olanda, camaat ona hörmət əlaməti olaraq ayağa qalxanda adamın ürəyi qürur ilə dolurdu ki, bu insanın nə qədər böyük hörməti var. “İslam iqtisadiyyatı” kitabını oxuyandan sonra iqtisad elminin dərinliklərinə heyran qaldım və bir daha hali oldum ki, elmi həqiqətlərin əksəriyyəti orta əsrlərdə Şərqdə olub. İslam iqtisadiyyatı özlüyündə çox dərin bir sistemdir, böyük bir nəzəriyyədir. Bu kitabı iki dəfə oxumuşam, çünki çətindir, birdən-birə qavramaq olmur. Bu kitabda göstərilir ki, xüms, zəkat və fitrədən yığılan pullar hara xərclənə bilər. Sovetlər dövründə islam iqtisadiyyatı haqqında heç nə deyilməmişdir və bu sahə öyrənilməmişdir. Amma tale belə gətirdi ki, Məmmədhəsən müəllim islamda iqtisadi məsələləri ümumiləşdirib “İslam iqtisadiyyatı” kimi nəhəng bir kitabı ortaya qoydu. Bu kitabı oxuyanların əksəriyyəti iqtisadçılardan ibarətdir və onlara çox böyük elmi fayda verdiyini qeyd ediblər. Əsl alimin xidməti budur.
Məmmədhəsən müəllim çox gözəl, sadə və təvazokar insan idi. Amma o sadəliyin arxasında böyük bir şəxsiyyət vardı. Məmmədhəsən müəllim elmli və əxlaqlı şəxsiyyət idi və bu keyfiyyətlər onu nəhəng bir insana çevirmişdi. O öz elmi, əxlaqı və tərbiyəsi ilə cəmiyyətdə böyük hörmət qazanmışdır.
Məmmədhəsən müəllim özündən sonra elə bir iz qoyub ki, nə vaxt islam iqtisadiyyatından söhbət getsə, həmişə o, xatırlanacaqdır. Məmmədhəsən müəllim yaradıcılığının çiçəklənən vaxtında dünyasını dəyişmişdir. Onun islam iqtisadiyyatının formalaşması ilə bağlı bir çox fikirləri vardı, əfsuslar olsun ki, yarımçıq qaldı. İnanıram ki, övladları arasında onun bu yolunu davam etdirən olacaqdır. Mən də mərhumun ailəsinə başsağlığı verirəm. Ölüm haqdır. Heç kim son mənzildən qaça bilməz. Allah rəhmət eləsin!
Prof. M.A.Əhmədov: Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin kollektivi iqtisad elmləri doktoru, professor, Əməkdar müəllim, 25 ildən artıq “İqtisadi nəzəriyyə” kafedrasının müdiri vəzifəsində çalışmış, böyük alim, gözəl pedaqoq, yaxşı dost M.Meybullayevin anadan olmasının 70 illik yubileyini qeyd edir.
Zənnimizcə, Məmmədhəsən müəllimin elmi-pedaqoji fəaliyyətini tarixi və məntiqi ardıcıllıq la XX əsrin sonuncu qərinəsində ölkəmizin ictimai-siyasi və bütünlükdə iqtisadi həyatında baş verən sistem dəyişiklikləri ilə qarşılıqlı əlaqə və asılılıqla nəzərdən keçirilməklə daha obyektiv qiymətləndirmək mümkündür. Məlumdur ki, XX əsrin 60-70-ci illərində Azərbaycan Respublikası özünün iqtisadi, sosial inkişafına görə, adambaşına düşən milli gəlirin, real gəlirlərin, orta aylıq əməkhaqqının, məşğulluğu və sosial-iqtisadi inkişafı xarakterizə edən digər keyfiyyət göstəricilərinin səviyyəsinə görə keçmiş SSRİ məkanında sonuncu yerlərdən birini tuturdu. 1969-cu ildə respublikamızda hakimiyyətə gələn ulu öndər Heydər Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafındakı geriliyin səbəblərinin sistemli təhlil olunmasını, araşdırılmasını, qabaqcıl dünya təcrübəsi və milli reallıqlara əsaslanaraq dəyərləndirilməsini, ölkəmizin malik olduğu resurslar balansını, xüsusən əmək ehtiyatları balansını, onlardan istifadə dərəcəsini, mövcud imkanlar daxilində hərəkətə gətirilə bilən potensialı nəzərə alaraq, xalq təsərrüfatının strukturunun təkmilləşdirilməsini, dinamik inkişafın təmin edilməsini, yaxın gələcək üçün prioritetlərin müəyyənləşdirilməsini respublikamızın iqtisadçı alimlərinin qarşısında konkret strateji vəzifə kimi qoydu. Ulu öndər respublikamızın iqtisadçı alimlərinin qarşısında qoyduğu strateji vəzifəni əməli cəhətdən effektiv reallaşdırmaq məqsədi ilə Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun müvafiq şöbələrində elmi-tədqiqat işlərinin mövzularında, problemlərində konkret dəyişikliklər apardı. Makroiqtisadi səviyyədə sosial-iqtisadi inkişafı sürətləndirmək məqsədi ilə elmi cəhətdən əsaslandırılmış və həyata keçirilməsi mümkün, zəruri təklif və tövsiyələr hazırlandı. Həmin tədbirlər planına uyğun olaraq, o vaxtlar gənc alim Ziyad müəllim Səmədzadənin rəhbərliyi ilə “Xalq təsərrüfatının sürəti və proporsiyaları” şöbəsi formalaşdırıldı və qısa zaman kəsiyində müvafiq dövrün tələblərinə cavab verən ciddi tədqiqatlar aparılmağa başlandı.
1971-ci ildə bizim şöbəyə İqtisad İnstitutunu yenicə bitirmiş M.Meybullayev kiçik elmi işçi vəzifəsinə qəbul olundu. Bizim şöbənin müdiri Ziyad müəllimin tövsiyəsi ilə Məmmədhəsən müəllim həmin illər üçün xüsusi aktuallıq kəsb edən və əslində bu gün də əhəmiyyəti qətiyyən azalmayan “İctimai əmək məhsuldarlığı və əhalinin real gəlirləri arasındakı nisbət problemi” ilə bağlı tədqiqat işi yerinə yetirirdi. Məmmədhəsən müəllimin apardığı sistemli təhlil və araşdırmalar nəticəsində Azərbaycanda əhalinin real gəlirlərinin ölkəmizdə aşağı olmasının başlıca səbəbləri konkret müəyyənləşdirilərək, belə vəziyyətin əsas səbəblərindən biri kimi həmin illərdə müttəfiq respublikalarda istehsal və istehlak olunan milli gəlirin hesablanması arasındakı əsassız fərqlər olduğu vurğulanmışdır. O, bu illərdə apardığı tədqiqatların nəticəsi olaraq 1977-ci ildə uğurla dissertasiya işini müdafiə edərək, iqtisad elmləri namizədi adını aldı. 1976-1979-cu illərdə çalışdığı şöbənin SSRİ EA-nın İqtisadiyyat İnstitutu, Dövlət Plan Komitəsinin İqtisadiyyat İnstitutu, Məhsuldar qüvvələrin yerləşdirilməsi Şurası, Gürcüstan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu və AMEA-nın İqtisadiyyat İnstitutu ilə birgə yerinə yetirilən “Müttəfiq respublikalarda milli gəlirin təkrar istehsalı” probleminin işlənməsinin əsas tədqiqatçılarından biri idi.
Həmin dövrdən başlayaraq, Məmmədhəsən müəllimin tədqiqatları daha çox müttəfiq respublikalarda xalis məhsulun və onun iqtisadi artımla bağlı probleminə həsr olundu. Həmin tədqiqatların məntiqi nəticəsi olaraq, 1990-cı ildə “Чистый продукт и экономический рост” adlı əsaslı monoqrafiyası çapdan çıxdı. 1991-ci ildə yuxarıda qeyd edildiyi kimi, doktorluq dissertasiyası müdafiə edərək, iqtisad elmləri doktoru adına layiq görüldü.
1990-cı ildən əvvəlcə “Siyasi iqtisad” və 1992-ci ildən ömrünün sonuna kimi “İqtisadi nəzəriyyə” kafedrasında müdir vəzifəsində çalışmışdır. Həmin illərdə Məmmədhəsən müəllimin tədqiqatları bilavasitə inzibati-amirlik sistemindən bazar iqtisadi sisteminə keçid və yeni iqtisadi sistemin formalaşması və inkişafı şəraitində bir kafedra müdiri kimi keyfiyyətcə yeni dərsliklərin, dərs vəsaitlərinin, metodik göstərişlərin, proqramların hazırlanmasına və nəşrinə yönəldi. Qeyd etmək lazımdır ki, o, Azərbaycanda ilk dəfə olaraq, 1995-ci ildə çapdan çıxmış “Ümumi iqtisadi nəzəriyyə” dərsliyinin həmmüəlliflərindən və redaktorlarından biri olmuşdur. Daha sonra Məmmədhəsən müəllim birgə yazılmış və 1998-ci ildə dərc edilmiş “Azərbaycan iqtisadiyyatı”, habelə 1999-cu ildə nəşr olunmuş “İqtisadi nəzəriyyə” dərsliyinin əsas müəlliflərindən, eyni zamanda, onun redaktorlarından biri olmuşdur.
Məmmədhəsən müəllim 2000-ci ildə 50 çap vərəqində olan “İslam iqtisadiyyatı” monoqrafiyasını çap etdirdi. O həm də müqəddəs bir Hacı kimi monoqrafiyada Azərbaycanda ilk dəfə olaraq, islam dini ilə iqtisadiyyatın qarşılıqlı əlaqəsini, Qurani-Kərimdə iqtisadi dəyərlər, islam iqtisadiyyatının əsas prinsipləri və bütünlükdə iqtisadi münasibətlər sistemini dərin təhlil edərək, indiki və gələcək nəsillər üçün mühüm əhəmiyyət kəsb edən nəticələrə gəlir, ümumiləşdirmələr edir və müvafiq tövsiyələr verir.
Məmmədhəsən müəllimin 2005- ci ildə müştərək yazılmış “İqtisadi təlimlər tarixi” dərsliyi də mühüm əhəmiyyət kəsb edir.
Məmmədhəsən müəllim 2010 və 2011-ci illərdə “Mikroiqtisadiyyata giriş” və “Makroiqtisadiyyata giriş” dərsliklərini yazmış və nəşr etdirmişdir.
Məmmədhəsən müəllimin 2015-ci ildə vəfatından sonra çapdan çıxmış “İqtisadi təhlükəsizlik nəzəriyyəsi” (müştərək yazılmış) dərsliyi də xüsusi qeyd olunmalıdır. Ümumən, Məmmədhəsən müəllim elmi-pedaqoji fəaliyyəti dövründə 150-dən çox elmi əsər, 6 monoqrafiya, 9 dərs vəsaiti, 4 dərslik, çoxsaylı proqram və tədris materiallarının müəllifi olmuşdur. Onun bilavasitə elmi rəhbəri olduğu və uğurla müdafiə edən 23 aspirant və dissertantı, məsləhətçisi olduğu 3 elmlər doktorunun araşdırdığı problemlər Məmmədhəsən müəllimin daha geniş elmindən xəbər verir.
Məmmədhəsən müəllimin elmi-pedaqoji fəaliyyətini qiymətləndirərkən onu da xüsusi qeyd etmək lazımdır ki, o, müstəqilliyin ilk illərində ölkəmizin yeni iqtisadi sistemə keçməsi ilə əlaqədar olaraq, Milli Məclis tərəfindən qəbul olunmuş bir çox qanunların müzakirəsində, ekspertizasında fəal iştirak etmişdir. O, uzun illər boyu İxtisaslaşmış Müdafiə Şurasının, habelə AAK-ın iqtisadiyyat üzrə Ekspert Şurasının üzvü kimi ixtisaslı iqtisadçı kadrların hazırlanmasında da iştirak etmişdir. Məmmədhəsən müəllim, eyni zamanda, “Böyük İqtisadi Ensiklopediya”nın, İqtisad Universitetində nəşr olunan “Nəzəriyyə və praktika” jurnalının, “İqtisadiyyat” qəzetinin redaksiya heyətinin üzvü olmuşdur.
Prof. Məmmədhəsən müəllim Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 26 sentyabr tarixli sərəncamına əsasən, təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
O, respublikanın ictimai-siyasi həyatında daima fəal iştirak edən böyük bir ziyalı, nəcib insan, gözəl ailə başçısı və yaxşı bir dost idi. Onun övladlarının üçü də fərqli sahələrdə çalışsalar da, atalarının yolunu davam etdirərək iqtisad üzrə fəlsəfə doktoru adına layiq görülmüşlər. Məmmədhəsən müəllim onu tanıyan dostlarının, həmkarlarının, çoxsaylı tələbələrinin qəlbində daima yaşayacaq.
Prof. Ü.Q.Əliyev: Burada Məmmədhəsən müəllimin həyat və yaradıcılığı barədə kifayət qədər danışıldı. Mən onu qeyd etmək istəyirəm ki, professor Z.Ə.Səmədzadənin rəhbərlik etdiyi şöbədə Məmmədhəsən müəllim ilk tədqiqatlarını xalq təsərrüfatının mühüm proporsiyalarından olan ictimai əmək məhsuldarlığı ilə əhalinin real gəlirləri arasında olan nisbət üzrə aparmışdır. İlk dəfə olaraq, aparılan bu tədqiqatlardan aydın olmuşdur ki, rəsmi statistikanın dərc etdiyi məlumatlara görə, əhalinin real gəlirləri ictimai əmək məhsuldarlığından qat-qat geri qalır. Bu geriqalma prosesi o vaxtkı İttifaq səviyyəsinə görə respublikanın timsalında kəskin xarakter alırdı.
1982-ci ilin noyabr ayından o, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun «Siyasi iqtisad» kafedrasında dosent vəzifəsində çalışmağa başlamışdır.
1990-cı ilin yanvar ayından ömrünün sonuna qədər «İqtisadi nəzəriyyə» kafedrasının müdiri vəzifəsində işləmişdir. 1990-1992-ci illərdə tədris işləri üzrə prorektor vəzifəsində çalışmışdır.
M.Meybullayev 1991-ci ildə Leninqrad şəhərində Maliyyə və İqtisad Universitetində doktorluq dissertasiyası müdafiə etmiş, 1992-ci ildə professor elmi adını almışdır. O, əhalinin real gəlirləri və əmək məhsuldarlığının qarşılıqlı əlaqələrinin nəzəri-metodoloji aspektlərinin və iqtisadi inkişaf proporsiyalarının təkmilləşməsi, islam iqtisadiy¬yatının aktual problemlərinin dərin tədqiqatçısı kimi tanınır.
1995-1999-cu illərdə respublikada ilk dəfə tərtib olunan irihəcmli “İqtisadi nəzəriyyə” dərsliyinin redaktorlarından və müəlliflərindən biridir. Onun elmi redaktorluğu ilə 2002-ci ildə “İqtisadi təlimlər tarixi” dərsliyi hazırlanmışdır. 1996-cı ildə M.Meybullayev bir sıra Şərq ölkələrində - İranda, İraqda, İordaniyada, Səudiyyə Ərəbistanında olarkən onu islam mənəvi dəyərlərinin iqtisadiyyata olan təsir dairəsi maraqlandırmış və o, islam iqtisadiyyatı istiqamətində tədqiqatlar aparmağa başlamışdır. Nəticədə, 2000-ci ildə onun “İslam iqtisadiyyatı” adlı, 50 ç.v. həcmli monoqrafiyası ilk dəfə nəşr edilmişdir. Burada islam və iqtisadiyyatın qarşılıqlı əlaqəsi, Qurani-Kərimdə iqtisadi dəyərlər, islam iqtisadiyyatının əsasları, iqtisadi münasibətlər sistemi, dövlət quruculuğu, insan azadlığı, islam ölkələrinin sosial-iqtisadi inkişaf meyli və iqtisadi vəziyyətinin xülasəsi tədqiq edilir. Belə istiqamətli tədqiqat əsəri, şübhəsiz ki, müstəqil Azərbaycan Respublikasında formalaşacaq iqtisadi sistemdə öz müstəsna təsir və əhəmiyyətini göstərəcəkdir. Professor M.Meybullayev islam dinini iqtisadi inkişafın ləngidici amili kimi qələmə vermək istəyən Qərbin şərqşünas tədqiqatçılarına cavab olaraq, “Dünya müsəlman ölkələrinin iqtisadiyyatı” adlı irihəcmli əsərini dərc etdirmişdir. Dünyanın 55 müsəlman ölkəsinin timsalında yazılan bu kitabda iqtisadi cəhətdən geri qalmanın səbəbləri əsaslı şəkildə göstərilir. Milli iqtisadiyyatın formalaş-masında dini-mənəvi dəyərlərin oynadığı rol, milli iqtisadi inkişaf modelinin seçilməsi, iqtisadi resurslardan istifadə olunması, qadınların iqtisadi fəallıq mühiti, yoxsulluğun aradan qaldırılması, insan potensialının inkişaf etdirilməsi, əhali artımı, istehlak problemi ilə bağlı bir sıra tutarlı və elmi cəhətdən əsaslandırılmış fikirlər irəli sürülür.
Professor M.Meybullayevin çalışdığı kollektivdə dərin hörmət və ehtiram qazanması onun respublikanın aparıcı iqtisadçı alimləri arasında da nüfuzunun artmasına səbəb olmuşdur. Təsadüfi deyil ki, çalışdığı elm ocaqlarında tanınmış alimlər onu səmimi dost, həmkar, sədaqətli insan, mənən saf, elmdə sözü, həyatda mövqeyi olan görkəmli alim kimi xarakterizə edirlər. M.Meybullayevin yeri ziyalılar arasında həmişə görünəcəkdir.
Prof. A.Ş.Şəkərəliyev: Qədirbilən İqtisad Universitetinin kollektivi tanınmış alim, gözəl insan, iqtisad elmləri doktoru, professor M.Meybullayevin 70 illik yubileyini qeyd edir.
Məmmədhəsən müəllimin vəfatı məni çox sarsıtdı, çünki onun yoxluğunu qəbul edə bilmirəm. Məmmədhəsən müəllim insanlığın ən yüksək zirvəsində duran böyük ziyalı, sadə, xeyirxah və nəcib bir insan idi. O, bizim ailə üçün çox doğma və əziz idi. Məmmədhəsən müəllim həmişə dostları xeyirxahlığa, insanpərvərliyə, düzlüyə, savadlı olmağa səsləyirdi. Mən onunla bir qrupda təhsil almışdım. Bizim qrup tələbələrinin 3 nəfəri i.e.d., professor, 2 nəfəri isə i.e.n., dosentdir. Tale elə gətirdi ki, biz ikimiz eyni ildə - 1991-ci ildə Sankt-Peterburq şəhərində Maliyyə-İqtisad Universitetində doktorluq dissertasiyası müdafiə etdik. Məmmədhəsən müəllim bununla kifayətlənmədi, daima elmi axtarışda oldu.
Məmmədhəsən müəllimin zəngin elmi yaradıcılığı var idi. Onun iqtisad elmi sahəsində elmi məktəbi formalaşmışdı. O, həyatını Azərbaycan elminin, təhsilinin inkişafına həsr etmişdi. Biz uzun illər birlikdə çalışmışıq, Məmmədhəsən müəllimlə müştərək dərsliklər yazmışıq, Azərbaycan elminə öz töhfəmizi vermişik. Dostluğumuzun əsas səbəbi imanlı, elmli insanları sevmək, onlarla dostluq etmək idi. Bu amallar məni Məmmədhəsən müəllimlə birləşdirirdi. Vaxtaşırı olaraq Məmmədhəsən müəllimlə görüşərdik, elmi diskussiyalar edərdik, onun dini mövzularda olan söhbətlərinə qulaq asmaqdan doymazdım. Məmmədhəsən müəllimin elmi yaradıcılığı ilə tanış olduqda görürük ki, Azərbaycanın sosial-iqtisadi inkişafı və problemləri ilə bağlı elmi əsəri, dərslikləri, dərs vəsaitləri, metodiki işləri diqqəti cəlb edir. O, elmi kadrların hazırlanmasına böyük qayğı göstərirdi. Məmmədhəsən müəllim həmişə deyərdi: «Müəllim öz tələbələrini sevməlidir və onun şəxsiyyətinə hörmət etməlidir». O, tədris etdiyi fənni mükəmməl bilən, hərəkətləri biliyinə uyğun gələn, tələbələrlə öz övladı kimi rəftar edən, onlara qarşı xeyirxah olan böyük insan idi. Bildiyimiz kimi, insanın əsas keyfiyyətləri sadəlik, düz danışmaq və əxlaqi saflıqdır. Bu insani keyfiyyətlərin hamısı professor Məmmədhəsən Meybullayevdə cəmlənmişdi. Bütün bunlar sanki, A.P. Çexovun dediyi kimi, «İnsanda hər şey gözəl olmalıdır: sifəti də, geyimi də, qəlbi də, fikirləri də» müddəası ilə ahəngdar səslənir. Məmmədhəsən müəllim mənəviyyatın pillələrini addım-addım qalxaraq, onun zirvəsinə yüksəlmiş, insani ləyaqəti qoruyub möhkəmləndirən bir iqtisadçı ziyalı idi. O, ona görə böyük ziyalıdır ki, iqtisadiyyatımızın inkişafını şüurlu, qəti və dəqiq tədqiq edirdi. Bunu isə mərhum professorun tədqiqatları təsdiq edir.
Məmmədhəsən müəllim ixtisaslaşdırılmış elmi və müdafiə şuralarının üzvü idi. O, elmi şuralarda tələbkarlıq və xeyirxahlıq göstərərdi, hamı onun çıxışlarından razı qalardı. O, elmi kadrların hazırlanmasında yaxından iştirak edərdi. Onun səmərəli fəaliyyəti təqdirəlayiqdir və xalqımız onu heç vaxt unutmayacaq.
Bu gün Məmmədhəsən müəllimin yoxluğunu onu tanıyanlar daha çox böyük kədər hissi ilə qəbul etdilər. Ona Allahdan rəhmət diləyirik. Bu gün Məmmədhəsən müəllim əbədiyyətə qovuşmuşdur. Onun əməlləri tələbələri və sevərləri tərəfindən davam etdirilir. Məmmədhəsən müəllimin əziz xatirəsi onu sevənlərin qəlbində əbədi yaşayır, çünki o, insanlar tərəfindən həmişə sevilib.
Prof. Q.N.Manafov: İ.e.d., professor, Azərbaycan Respublikasının əməkdar müəllimi Məmmədhəsən Meybullayevin malik olduğu keyfiyyətləri bir cümlə ilə, qısa və sadə şəkildə xarakterizə etmək istəsək, demək lazımdır ki, o, çox yüksək təşkilatçılıq qabiliyyətinə malik olan kafedra müdiri, dərin iqtisadi təfəkkürə və biliyə malik iqtisadçı alim, yüksək əxlaqi mənəviyyata malik bir insan, səmimi, xeyirxah, təvazökar bir dost və həmkar idi. Məmmədhəsən müəllimə xas olan bu keyfiyyətlərin hər birinin arxasında geniş bir məzmun, böyük bir dünya dayanırdı.
Məmmədhəsən müəllimi 1978- ci ildən tanıyırdım. Həmin vaxt Məmmədhəsən müəllim indiki AMEA-nın İqtisadiyyat İnstitutunda baş elmi işçi, mən isə onun işlədiyi “Xalq təsərrüfatının sürəti və proporsiyaları” şöbəsində Siyasi iqtisad ixtisası üzrə əyani aspirant idim. Bununla yanaşı, akademik Ziyad Səmədzadə Məmmədhəsən müəllimin doktorluq dissertasiyasının elmi məsləhətçisi, mənim isə namizədlik dissertasiyamın elmi rəhbəri idi. Dissertasiya işimin ilk variantı üzərində işimi başa çatdırdıqdan sonra onu müzakirə üçün şöbəyə təqdim etdim. Həmin dövrdə elmi işimin ilk rəyçilərindən biri kimi Məmmədhəsən müəllimin bildirdiyi dəyərli fikirlər, təklif və tövsiyələr dissertasiyanın elmi səviyyəsinin yüksəldilməsi, yol verilmiş çatışmazlıqların aradan qaldırılması istiqamətində əvəzsiz əhəmiyyət kəsb etdi.
Məhz həmin dövrdə mən ilk dəfə olaraq Məmmədhəsən müəllimi dərin iqtisadi biliyə malik obyektiv bir insan kimi tanıdım. 1982-ci ildən isə bir yerdə - indiki ADİUnun “Siyasi iqtisad” kafedrasında çalışmağa başladıq. Ali məktəbdə əvvəlcə dosent, sonra isə professor, o cümlədən kafedra müdiri kimi çalışdığı 25 ilə yaxın müddət ərzində Məmmədhəsən müəllim tələbələrin dərin və hərtərəfli iqtisadi biliklərə malik olması üçün həmişə səylə çalışırdı. Keçən əsrin 90-cı illərində Azərbaycanda bazar iqtisdiyyatına keçidlə əlaqədar olaraq siyasi iqtisadın yeni tələblər baxımından tədrisi ilə bağlı ən vacib problemin həllində: Azərbaycan dilində siyasi iqtisad (iqtisadi nəzəriyyə) dərsliyinin hazırlanmasında Məmmədhəsən müəllimin bir kafedra müdiri kimi əməyi sonsuz dərəcədə əhəmiyyətə malikdir. Məhz həmin dövrdə, konkret olaraq 1995-ci ildə M.Meybullayevin, T.Vəliyevin və Ə.Babayevin ümumi elmi redaktəsi ilə ilk dəfə olaraq “Siyasi iqtisad” kafedrasının əməkdaşları tərəfindən yazılmış “Ümumi iqtisadi nəzəriyyə” dərsliyi tələbələrin istifadəsinə verildi. Sonradan 1999-cu ildə həmin dərsliyin yenilənmiş və zənginlənmiş forması daha böyük nüsxələrlə dərc edildi. Məmmədhəsən müəllim yazmış olduğu “İslam iqtisadiyyatı” adlı böyük həcmli monoqrafiyası ilə ölkəmizdə yeni bir tədqiqat istiqamətinin təməlini qoymuşdur. Bir çox iqtisadçı və dinşünas alimlər tərəfindən yüksək dəyərləndirilən bu əsər hazırda universitetimizdə tədris olunan “İqtisadi fikir tarixi” fənnində islam dinindəki iqtisadi dəyərləri öyrənmək və mənimsəmək baxımından müstəsna əhəmiyyət kəsb edir.
O, rəhbərlik etdiyi kafedranın elmi potensialının yüksəldilməsi, kafedra əməkdaşlarının müvafiq elmi adlar və elmi dərəcələr alması üçün əlindən gələni edirdi. Məmmədhəsən müəllimin elmi tədqiqatının predmetini bütövlükdə Azərbaycan iqtisadiyyatının bir çox aktual problemləri təşkil edirdi. Bu problemlər respublikanın və bəzi xarici ölkələrin müxtəlif nüfuzlu elmi nəşrlərində, habelə “İqtisadiyyat” qəzetinin müxtəlif nömrələrində dərc edilirdi.
İqtisadi biliklərin geniş ictimaiyyət arasında təbliğində mühüm rol oynayan, Azərbaycan televiziyasında yayımlanan və onun aparıcısı olduğu “İqtisadiyyat” rubrikası isə ən çox baxılan verilişlərdən idi.
Dosent A.M.Əliyeva: İqtisad Universitetinin tarixində xidməti olan insanların əməyinə qiymət verilməsi və onların yad edilməsi kimi yaxşı bir təşəbbüs üçün universitetimizin rəhbərliyinə, hörmətli Ədalət müəllimə və digər təşkilatçılara, onun xatirəsini yad etmək üçün yubiley tədbirində bizimlə iştirak edən qonaqlara, hörmətli Ziyad müəllimə, hörmətli Vasim müəllimə və çıxış edən yoldaşlara kafedra əməkdaşları adından təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Bu cəhətdən elmdə öz sözü, həyatda prinsipial mövqeyi olan, səmimi və xeyirxah, qayğıkeş bir insanın, mərhum kafedra rəhbərimizin 70 illik yubileyinin keçirilməsi hamımız üçün çox vacib və dəyərli bir hadisədir. Məmmədhəsən müəllimin özünəməxsus bir xüsusiyyəti də o idi ki, o, iqtisadiyyat və mənəviyyat problemlərini qarşılıqlı tədqiq etmişdir. İqtisadi biliklərlə mənəvi-dini dəyərlərin əlaqələndirilməsi, islamda iqtisadi fikirlər, islam iqtisadi sistemi və s. problemlər haqqında çoxlu tədqiqatlar aparmış və bunları “İslam iqtisadiyyatı” adlı irihəcmli əsərində əks etdirmişdir. İqtisadiyyat və mənəvi dəyərlər problemi onun fəaliyyətinin vacib bir istiqaməti olan humanistlik, xeyirxahlıq və qayğıkeşlik kimi xüsusiyyətlərinin olmasından irəli gəlirdi. Kafedranın elmi potensialının artırılmasında, gənc tədqiqatçılara, alimlərə, dissertantlara, doktorantlara elmi adların alınmasında həmişə kömək, dəstək göstərməsi bunun bariz sübutudur. Burada Məmmədhəsən müəllimin ailəsi də iştirak edir. Biz üzümüzü onlara tutub deyirik: “İtkiniz, dərdiniz, ağrınız böyükdür. Lakin onun elmi, savadı və insani keyfiyyətləri haqqında deyilən yüksək fikirlər, səmimi ürək sözləri sizə bir təskinlikdir. O, həmişə yaddaşlarda belə də qalacaqdır”.
M.Meybullayevin qızı, dosent Sərvinaz Xanlarzadə: Mənim üçün atam haqqında danışmaq çətin olsa da, bəzi məlumatları qeyd etmək istərdim. O, öz elmi və əmək fəaliyyəti, prinsipiallığı və ədalətli mövqeyi ilə dərin hörmət və nüfuz sahibi olmuşdur. Bu gün bu tədbirdə atam həmkarları və iqtisadçı alimlər tərəfindən elmdə sözü, həyatda mövqeyi olan və humanist bir şəxsiyyət kimi ehtiramla yad edildi.
Bir məqamı da qeyd etmək istəyirəm ki, o, Ramazan ayına böyük önəm verərdi, onu xüsusi keçirərdi. Bilmirəm təsadüfdənmi, zərurətdənmi, onun 70 illik yubileyinə həsr olunmuş tədbir də məhz bu müqəddəs ayda keçirilir.
Bu tədbirin keçirilməsinə görə mən universitetimizin rektoru, hörmətli professor Ədalət müəllimə öz dərin minnətdarlığımı bildirmək istərdim ki, atamın xatirəsinə diqqət yetirmisiniz.
Həmçinin, Ziyad müəllimə, Vasim müəllimə və digər məruzəçilərə və çıxış edənlərə öz adımdan və ailəmiz adından təşəkkürümü bildirirəm ki, atamı xoş xatirələrlə yad etdiniz. Çox sağ olun!
Prof. Ədalət Muradov: Məmmədhəsən müəllimin bir keyfiyyəti də ondan ibarət idi ki, o, kökünə bağlı olan bir insan idi. Bu şəxs Azərbaycan millətini sevən ziyalılardandı. Məmmədhəsən müəllim həm də dininə bağlı olan bir insan olub, Hacı idi. Burada mənim ünvanıma təşəkkürlər səsləndi, amma mən tam səmimi olaraq bildirirəm ki, bu, rektor olaraq mənim borcumdur və bu işi təşkil etdiyim üçün qürur duyuram. İqtisad Universiteti öz dəyərlərinə sahib çıxmalıdır. Bizim dəyərlərimiz bizim ziyalılarımızdır. Bizdə olan dəyərlər digər təşkilatlarda yoxdur və yaxud bizimlə müqayisədə çox azdır.
Bizə dəyər qatan məhz Məmmədhəsən müəllim kimi ziyalılarımızdır. Məmmədhəsən müəllim “İslam iqtisadiyyatı”nı tədqiq edən bir nömrəli tədqiqatçıdır. Mən təklif edirəm ki, İqtisad Universitetində yaratdığımız İslam İqtisadiyyatı Tədqiqat Mərkəzinin adı “Məmmədhəsən Meybullayev İslam İqtisadiyyatı Tədqiqat Mərkəzi” olsun və bu Tədqiqat Mərkəzinə də rəhbərlik etmək səlahiyyəti Sərvinaz Xanlarzadəyə tapşırılsın. Düşünürəm ki, islam iqtisadiyyatı Azərbaycanda kifayət qədər tədqiq olunmamış və ya az tədqiq olunmuş önəmli və vacib sahələrdən biridir. Biz universitet olaraq bu sahədə önə çıxmaq potensialına malikik.
Allah Məmmədhəsən müəllimə rəhmət eləsin, qəbri nurla dolsun. Allah övladlarına, doğmalarına uzun ömür qismət etsin. Bizim üçün böyük qürur və fəxrdir ki, Məmmədhəsən müəllimin övladı bizimlə əməkdaşlığı davam etdirir. Əminəm ki, bu əməkdaşlığımız uzun illər davam edəcəkdir. Hər birinizə fəal iştirak etdiyiniz üçün təşəkkür edirəm.