A

moderator.az

Sevinc Məhsimova: “Tələbələrimizin universitetdən sonrakı həyatı, əmək fəaliyyəti də maraq dairəmizdədir”

“Televiziyanın sağlamlıq məhdudiyyəti olan şəxslərin probleminə daha çox diqqət ayırmasına ehtiyac var”

“Bəzən psixoloji dəstəyə əlilliyi olan tələbələrdən daha çox, onların valideynlərinin ehtiyacı olur”

14 yanvar tarixindən etibarən sağlamlığı ilə bağlı müəyyən problemlər yaşayan, fəqət ağlı, istedadı, həyat eşqi və mübarizə əzmi ilə hər kəsə örnək ola biləcək tələbə gənclərin cəmiyyətə tanıdılması layihəsinə start verib. Bu layihə çərçivəsində sadəcə bu gəncləri tanımayacaq, həm də onların arzu və istəkləri, müxtəlif məsələlərlə bağlı ideya və təklifləri ilə tanış olacaqsınız.

Layihəmizin bu dəfəki qonağı İnklüziv Təhsil Mərkəzinin koordinatoru Sevinc Məhsimovadır. Sevinc Məhsimovayla söhbətimizdə İnklüziv Təhsil Mərkəzinin fəaliyyəti ilə bağlı müxtəlif məqamlara aydınlıq gətirməyə, bu Mərkəzin əlilliyi olan tələbələrin həyatındakı rolunu müəyyənləşdirməyə, habelə görülən və görülməsi nəzərdə tutulan işləri müzakirə etməyə çalışdıq.

-Sevinc xanım, öncə “inklüziv təhsil” anlayışının özünə aydınlıq gətirmək istərdik. İnklüziv təhsil nədir və özündə hansı keyfiyyətləri birləşdirir?

- İnklüziv təhsil - bütün insanların müxtəlif təhsil ehtiyaclarının ödənilməsi baxımından hamı üçün əlçatan olmasını nəzərdə tutur. İnklüziv təhsil əlilliyi olan və olmayan bütün insanların, bütün gənclərin eyni təhsil haqqına malik olması, eyni mühitdə təhsil almaq haqqına sahib olması deməkdir. Bu, hər kəs üçün bərabərhüquqlu əlçatan təhsil imkanı deməkdir.

İnklüziv təhsili bəziləri sadəcə əlilliyi olan şəxslər üçün nəzərdə tutulan xüsusi təhsil kimi başa düşür. Ancaq bu, yanlış düşüncədir.

Universitetimizdə inklüziv təhsil üçün gərəkli şərait yaradılmışdır. Bizdə 30-dan cox müxtəlif əlilliyi olan tələbə təhsil alır. Onların əlillik dərəcəsi də fərqlidir. Elə tələbələrimiz var ki, onlar dərsə təkərləkli arabada gəlir. Bəzi tələbələrin də sağlamlıq problemi ilk baxışdan müəyyən olunmur. UNEC-də Qarabağ döyüşlərində yaralanıb əlil olan tələbələr də var. Demək olar ki, həmin tələbələrin digər tələbələrlə birlikdə eyni ortamda təhsil almasına, onların cəmiyyətə tam inteqrasiyasına nail olmuşuq.

-İnklüziv Təhsil Mərkəzi nə vaxtdan fəaliyyət göstərir?

-Azərbaycan Dövlət İqtisad Universitetində əlilliyi olan tələbələr hər zaman təhsil alıb. Onların çoxu qiyabi təhsil alır. İnklüziv Təhsil Mərkəzinin yaradılmasına 2014-cü ildə başladılıb və 2015-ci ildən etibarən Mərkəz rəsmi olaraq fəaliyyətə başlayıb. Artıq 4 ildir ki, Mərkəzin fəaliyyəti davam edir və biz ildən-ilə öz fəaliyyətimizi daha da genişləndirməyə və təkmilləşdirməyə çalışırıq.

-İnklüziv Təhsil Mərkəzinə əlilliyi olan tələbələrin özləri müraciət edir, yoxsa Mərkəzin özü bu qəbildən olan tələbələri xüsusi nəzarətə götürür?

-Biz UNEC-ə qəbul olunan hər bir tələbəyə diqqət yetirir, onların hər biri ilə maraqlanırıq. Onların arasında əlillik problemi olan şəxslər varsa, biz onları nəzarətdə saxlamağa çalışırıq. Onları qeydiyyata alır, müəyyən danışıqlar aparırıq. Bəzi tələbələr var ki, onlar əlilliklərini əsla qəbul etmirlər. Bu səbəbdən də bizimlə ünsiyyətdə olmaq istəmirlər. Belə tələbələrə uzaqdan-uzağa nəzarət edirik. Onları narazı salmamaq üçün bu tələbələr haqqında, onların dərsləri, davranışları ilə bağlı müəllimlərdən, dekanlıqlardan informasiya əldə edirik.

-İnklüziv Təhsil Mərkəzində tələbələrə psixoloji baxımdan da hansısa xidmət göstərilirmi?

-Əlbəttə göstərilir. Bu Mərkəzin başlıca vəzifəsidir. Tələbələrin hər biri ilə fərdi söhbət aparılır. Onlarla görüşür, problemlərini öyrənməyə çalışırıq. Mərkəzin fəaliyyətinə dəstək olan, işinə öz borcu kimi yanaşan peşakar psixoloqlarımız var və onlar bu işdə bizə kömək edirlər. Onlar tələbələrlə danışır, onların psixoloji durumunu müəyyənləşdirirlər. Mən psixoloqlarımızın hər birinə bu dəstəyinə görə minnətdarlığımı bildirirəm.

Bir məqamı da qeyd edim ki, ali məktəbə qəbul olunan tələbələrin demək olar ki, hamısı bu mərhələyə qədər bir çox psixoloji əngəlləri aşmış olur. Yəni onlar bura kimi bir sıra mərhələlərdən keçir, müəyyən problemlərin öhdəsindən gəlmiş olurlar. Təbii ki, problemlər olur. Biz də onları həll etməyə çalışırıq.

-Bu qəbildən olan tələbələrin valideynləri ilə də hansısa təmaslarınız olurmu?

-Bu çox önəmli məqamdır. Biz sadəcə tələbələrlə deyil, həm də valideynlərlə sıx ünsiyyətdə oluruq. Valideyn amili bu məsələdə xüsusi rol oynayır. Biz tələbələrlə yanaşı onların valideynləri ilə də bir-bir tanış olur, bəzən onları bura ailəlikcə dəvət edirik. Əmin ola bilərsiniz ki, bir çox hallarda bu cür münasibətə, danışıqlara, psixoloji dəstəyə tələbələrdən çox onların valideynlərinin ehtiyacı olur.

-Digər universitetlərdə vəziyyət necədir? Orada da İnklüziv Təhsil Mərkəzləri və ya buna bənzər mərkəzlər fəaliyyət göstərirmi?

-Bir neçə il əvvəl, Təhsil Nazirliyinin dəstəyi ilə İnklüziv təhsillə bağlı ERASMUS layihəsi həyata keçirilmişdi ki, bu layihəyə 6 universitet qoşulmuşdu. Artiq o universitetlərdə də inklüziv təhsil mərkəzlər fəaliyyətə başlamışdır. Lakin bir məsələ var ki, digər universitetlərdə əlilliyi olan tələbələr azdır.

UNEC-də isə inklüziv təhsil sistemi çoxdan mövcuddur. Uzun illərdir ki, universitetimizdə əlilliyi olan tələbələr təhsil alır və bizdə inklüziv təhsil daha çox inkişaf etdiyinə görə bu Mərkəzin yaradılmasına dair universitet rəhbərliyi tərəfindən qərar verilmişdir.

-2015-ci ildən bu günə kimi İnklüziv Təhsil Mərkəzi hansı layihələr həyata keçirib?

-Biz bu müddət ərzində bir sıra mühüm layihələr həyata keçirmişik. Öncə onu qeyd edim ki, mütəmadi surətdə müəllimlərə təlimlər keçirilir. Bu təlimlərdə  əlilliyi olan və olmayan tələblərlə bir yerdə tədris prosesinin necə  keçirilməsi izah edilir.

2018-ci ilin fevralında “İnlküziv ali təhsil: beynəlxalq trendlər  və UNEC təcrübəsi” adında beynəlxalq konfrans keçirdik. O konfransda inklüziv ali təhsil üzrə xarici ölkələrdən mütəxəssislər iştirak edirdi. Respublikamızdan da xeyli sayda mütəxəssis bu konfransa qatılmışdı. Konfransdan sonra ixtisaslaşmış 2 günlük təlimlər də təşkil olunmuşdu. Bu təlimdə 100 müəllim iştirak etdi.

2018-ci ilin 21 dekabrda Təhsil Nazirliyinin təşkil etdiyi II Ümumrespublika Tələbə Qurultayında UNEC-in I qrup əlilliyi olan tələbəsi uğurla çıxış etmişti. Ümumiyyətlə, bu istiqamətdə Təhsil Nazirliyi bizə daimi dəstək göstərir.

Bizim həyata keçirdiyimiz layihələrlə bağlı universitetimizin rəsmi www.unec.edu.az saytından, İnklüziv Təhsil Mərkəzi bölümündə, müvafiq facebook şəbəkəsində də daha geniş məlumat almaq mümkündür.

Təhsil müəssisələri arasında da maarifləndirici xüsusiyyətli tədbirlər təşkil edilir. Bu sahədə fəaliyyət göstərən bir çox təşkilatlarla da sıx əməkdaşlıq edirik.

-Əvvəlki məzunlarla cari ilin məzunları arasında görüşlər keçirilirmi? Onlar arasında hansısa formada ünsiyyət və təmas təmin edilirmi?

 -Bütün məzunlar öz aralarında sosial şəbəkələr vasitəsi ilə təmasda olurlar. Onlar müəyyən qruplar şəklində virtual dostluq edir. Biz məzunlar arasında görüş də keçiririk. Biz bu görüşlərə sadəcə əlilliyi olan şəxsləri cəlb etmirik, bütün məzunları dəvət edirik. Əlilliyi oaln tələbələr bura onsuz da motivasiya ilə gəlirlər. Bu cür görüşlər sağlamlıq problemi olmayan şəxslər üçün daha motivasiyalı olur. Onlar əlilliyi olan gənclərimizin yüksək əhval-ruhiyyəsinə, mübarizə əzminə baxıb daha aktiv olmağa, daha həyatsevər olmağa cəhd edirlər. Yəni bu görüşlər hər kəs üçün faydalı olur.

-Yaxın gələcəklə bağlı hansısa layihələrin, yeniliklərin həyata keçirilməsini planlaşdırısınız mı? Qarşıdakı aylar, illərlə bağlı hədəflər nədən ibarətdir?

-Bizim məqsədimiz sadəcə əlilliyi olan tələbələrə ali təhsil vermək deyil. Mərkəz tələbənin universitetdən sornakı həyatı, onun gələcəyini də düşünür, bunu diqqət mərkəzində saxlayır. Biz tələbələrimizin əmək fəaliyyəti, kariyerası ilə bağlı da planlar qurur, bu yöndə konkret iş aparırıq. UNEC Karyera Mərkəzi ilə birgə çalışırıq. Biz məzunlarımızın ixtisası, bilik və bacarığına uyğun olaraq bütün şirkətlərlə əməkdaşlıq edir, onlar üçün iş imkanlarını araşdırırıq. Başqa sözlə, tələbələrimizin universitetdən sonrakı həyatı, onların əmək fəaliyyəti diqqətdə saxladığımız məsələlərdəndir. Yaxın gələcəkdə bu yöndə fəaliyyətimizi daha da genişləndirmək, əlilliyi olan tələbələrimizin məşğulluq probleminin həlli istiqamətində daha ciddi addımlar atmaq niyyətindəyik.

-Şirkətlər əlilliyi olan şəxslərin işə götürülməsinə maraq göstərirmi?

-Çox sevindirici haldır ki, bir çox qurum bu məsələdə maraqlıdırlar. UNEC, ötən il Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, ƏƏSMN-nin dəstəyi ilə əlilliyi olan gənclər üçün Ümumrespublika Əmək Yarmarkasını keçirdi. Bu əmək yarmarkasında 60-a yaxın qurum müxtəlif vakansiyalar təqdim etmişdi. Şübhəsiz, ki,  bu cür tədbirlər əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsində əvəzsiz rol oynayır. Bu təcrübə çox gözəl oldu, belə ki, məzun gənclərimizin bir çoxunun işlə təmin olunmasına şərait yaranmışdır. Hal-hazırda təhsil alan tələbələrimiz şirkətlərin təqdim etdiyi təcrübə proqramlarında iştirak etmək imkanı əldə etmişçlər. Biz bu əmək yarmarkası zamanı bir gerçəyə də şahid olduq ki, əlilliyi olan şəxslər arasında ali təhsilli şəxslər azdır. Ali təhsilli əlilliyi olan gənclərin əksəriyyəti universitetimizin məzunları idi. “Gilan Holdinq”, “Norm”, “Veysəloğlu”, “Deloitte”, SOCAR AQŞ və s. şirkətlər də bir neçə əlillyi olan məzunu işə qəbul etdi. Sevindiricidir haldır ki, bütün rəsmi qurumlar, dövlət müəssisələri əlilliyi olan şəxsləri işə qəbul edir, onların məşğulluq probleminin həllinə yardılmçı olurlar. Ayrıca, Mərkəzimizin tələbələrinin korporativ sektora informasiya turları təşkil edilir. Məsələn, bu yaxınlarda əlilliyi olan tələbələrimiz Verseloğlu Şirkətlər Qrupunun Ulduz Şokolad Fabrikində istehsalat prosesilə yaxından tanış olublar. Bu tədbirlər praktiki bilik və bacarıqlarının artdırılmasında böyük rol oynayır.

-Əlilliyi olan və ödənişli əsaslarla təhsil alan tələbələrin demək olar ki, hamısı belə hesab edir ki, onların təhsil haqlarının dövlət tərəfindən ödənilməsi daha məqsədəuyğun olardı və bu, onlara öz müalicələrinə daha çox vəsait ayırmağa şərait yaradardı. Bu təklifə münasibətiniz necədir? Sizcə gələcəkdə bu qəbildən olan tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsi məsələsinin öz həllini tapması arzuedilən olardımı?

-Hesab edirəm ki, əlilliyi olan tələbələrin təhsil haqqının dövlətimiz tərəfindən ödənilməsi təqdirəlayiq olardı. Ən azından əlillik dərəcəsini nəzərə alaraq, onlara müəyyən güzəştlərin göstərilməsi, I qrup əlillərin təhsil haqqından tamamilə azad edilməsi müsbət addım olardı.

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin bu mövzuda dəstəyini cox yüksək qiymətləndirirəm. Bu təşkilat bir neçə tələbənin təhsil haqqını da öz öhtəsinə alıb. Eyni zamanda da biz tələbələrimiz üçün sponsorlar axtarırıq. Gənclər Fondu gözəl bir təşəbbüslə çıxış etdi. Maddi imkanları aşağı olan tələbələrin təhsil haqqının ödənilməsi ilə bağlı bu təşəbbüs çox böyük marağa səbəb oldu və cəmiyyətdə də təqdir olundu. Bizim tələbələrimizdən I qrup əlilliyi olan tələbənin bir illik təhsil haqqının ödənilməsini də Gənclər Fondu öz üzərinə götürdü. Burda, Veysəloğlu Şirkətlər Qrupunun bizə böyük dəstəyini qeyd etmək istərdim. Təbii ki, 
Dövlət tərəfindən qəbul olunan programları, layihələri unutmaq olmaz. Respublikanın rəhbərliyinin göstərişilə bu istiqamətdə ciddi işlər görülür. Əminəm ki, yaxın illərdə mövcud olan problemlər aradan qaldırılacaq və əlilliyi olan şəxslər həyatımızın bütün sahələrində bərabər hüquqlu həyat yaşayacaq və fəaliyyət göstərəcəklər.

-İnklüziv Təhsil Mərkəzinin fəaliyyəti sadəcə universitetin daxili imkanları əsasında təmin edilir, yoxsa Mərkəzə kənardan hansısa maliyyə dəstəyi də mövcuddur? Ümumiyyətlə, kənardan hansısa maliyyə dəstəyinin göstərilməsi İnklüziv Təhsil Mərkəzinin daha effektiv fəaliyyəti baxımından nə dərəcədə arzuedilən olardı?

 -UNEC İnklüziv Təhsil Mərkəzi universitetin bir strukturudur. Mərkəzimiz univertsitetin nəzdindədir və biz bütün fəaliyyətimizi universitetimizin daxili hesabına təmin edirik. UNEC rektoru, professor Ədalət Muradovun vurguladığı kimi, inklüziv təhsil UNEC-in prioritet məsələlərindən biridir. Və fürsətdən istifadə edib, universitet rəhbərliyinə də göstərdikləri köməkliklərə, verdikləri dəstəyə görə təşəkkür edirəm. Qürurla qeyd etmək istəyirəm ki, həm UNEC-in bütün rəhbərliyi, həm də hər bir əməkdaş bizə bu işdə dəstək olur.

-Sizcə medianın, xüsusilə də telekanlların sağlamlıq problemi olan şəxslərə, onların cəmiyyətə daha dərin inteqrasiyasına daha çox diqqət ayırmasına ehtiyac varmı? Cəmiyyətin KİV-lər vasitəsi ilə maarifləndirilməsi nə dərəcədə vacibdir?

-Siz çox vacib məsələni qeyd ettiniz. Medianın, televiziyanın bu məsələyə daha çox diqqət ayırması, cəmiyyətin bununla bağlı daha çox məlumatlandırılması zəruridir. Cəmiyyət hələ də bu məsələdə lazımi hazırlığa malik deyil. Bu yöndə yüzlərlə layihənin həyata keçirilməsinə baxmayaraq, cəmiyyətin hazırlıq səviyyəsindəki nöqsanlar hər yerdə gözə çarpır. İstər küçə və keçidlərdəki pandusların azlığı, bəzi səkilərdə quraşdırılan pandusların lazımi standartlara cavab verməməsi açıq müşahidə olunur, məsələn, bəzi panduslar kəskin hündürlüyə malikdir, bəziləri isə elə yerləşdirlib ki, onların istifadəsi ümumiyyətlə mümkün deyil.

Cəmiyyətin bu məsələdə məlumatlandırılması və maarifləndirilməsi prosesinin bütün TV kanallarda həyata keçirilməsinə ehtiyac var. Bu verilişlər bütün kanlalarda olmalı, xüsusilə reklam aralarında əlilliyi olan şəxslər və onlara münasibətlə bağlı sosial çarxlar göstərilməlidir. Əsasən də axşamüstü, vətəndaşların evlərində daha çox olduğu, televiziya qarşısına daha çox yığışdığı vaxtlarda bu cür video çarxların göstərilməsi faydalı olar.

Televiziyada, sosial şəbərələrdə, hər bir qurum, təşkilat, təhsil ocağı ya da iş yerində, hər yerdə bu məsələyə daha çox diqqət yetirilməsi cəmiyyətin hazırlıq səviyyəsinin yüksəldilməsi baxımından zəruridir və ümid edirəm ki, yaxın gələcəkdə biz bu sahədə daha geniş miqyaslı müsbət dəyişikliklərə şahid olacağıq.

Seymur ƏLİYEV

TOP XƏBƏRLƏR