AzEdu.az tanınmış təhsil eksperti Etibar Əliyevin UNEC-in keçirdiyi son beynəlxalq konfrans barədə təəssüratlarından ibarət yaznı təqdim edir:
Son dövrlərdə Elm və təhsil sahəsində iştirak etdiyim ən sanballı tədbirlərdən biri Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin 31 may - 2iyun 2019-cu ildə keçirdiyi “İqtisadiyyat və idarəetmə ixtisasları üzrə magistrantların Beynəlxalq Elmi Konfransı” olmuşdur.
Fairmont Baku (Alov qüllələri) Nizami zalında keçirilən açılış tədbirində UNEC rektoru professor Ədalət Muradovun, Təhsil naziri Ceyhun Bayramovun, UNEC-Beynəlxalq Magistratura və Doktorantura Mərkəsinin direktoru dosent Fariz Əhmədovun çıxışları xüsusilə diqqəti cəlb etdi.
UNEC-də magistratura və doktorantura təhsili sahəsində atılan ciddi addımlar və əldə edilən uğurlar bu ali məktəbi tədqiqat universitetinə çevirmək missiyasına xidmət edir. UNEC-də iqtisadiyyat elminin aktual problemlərini araşdıran 26 tədqiqat mərkəzi fəaliyyət göstərir. Sevindirici haldır ki, UNEC də düşünülmüş uğur formulları ilə onların getdiyi yolu gedir və əminliklə söyləmək olar ki, yaxın gələcəkdə adını çəkdiyim və çəkmədiyim digər iqtisadiyyat məktəbləri ilə rəqabət apara biləcək gücə sahib olacaq.
Konfrans iştirakçılarına paylanılan nəfis çap olunmuş materialarda Beyəlxalq magistratura və doktorantura Mərkəzinin fəaliyyətinin geniş spektri öz əksini tapıb. Bu materiallarla tanışlıqdan Mərkəzin fəaliyyəti barədə aydın təsəvvürlərə malik olmaq mümkündür. Ən düşündürücü və yenilikçi məqamlardan biri ondan ibarətdir ki, bu Mərkəz missiya, məram və dəyərlər müəyyənləşdirmişdir. Mərkəzin missiyası dünyanın aparıcı universitetlərinin qarşıya qoyduğu missiya qədər məzmunludur: “Müasir tələblərə cavab verən mütəxəssislər və peşəkar kadrlar hazırlamaq, o cümlədən respublikamızda, habelə regionda və qlobal arenada ən qabaqlayıcı elmi, iqtisadi və innovativ mərkəzlərdən biri olmaq, milli şüura sahib, tənqidi düşünən, etik dəyərlərə diqqət yetirən, insan hüquqlarına və ətraf mühitin mühafizəsinə həssas, yaradıcı və yenilikçi, elmi, ictimai və mədəni dünyagörüşü və özünəinamı ilə sahib olduğu peşənin və ictimai məsuliyyətin öhdəsindən uğurla gələ biləcək tədqiqatçı mütəxəssislər yetişdirmək. ”
Açılış tədbirində UNEC-in 4 magistrinin Plenar çıxışları dinlənildi. Magistrlərin çıxışından göründü ki, onlar Mərkəzin missiyasını layiqincə əxz etməklə yanaşı, həm də akademik azadlıq, akademik etika, layiqlik, müəkəmməllik, keyfiyyətlilik, şəffaflıq, iştirakçılıq, fərqliliklərə hörmət, cəmiyyətin mənafeyini düşünmək, ekoloji həssaslıq kimi dəyərlərə sahib çıxıblar.
Düşünürəm ki, bu cür tədbirlər gənc tədqiqatçılarda elmə güclü motivasiya yaradır, elmi tədqiqatlarda təcrübə mübadiləsini genişləndirir.