Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü ilə “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında keçirilən Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasına qoşulanların sayı gündən-günə daha da çoxalır.
Bu gün aksiya çərçivəsində Silahlı Qüvvələrin Təlim və Tədirs Mərkəzində təşkil edilən Cəmşid Naxçıvanski adına Hərbi liseyin kursantları ilə görüşdə UNEC-in professor, müəllim və tələbələri ilə yanaşı, aksiyaya qoşulan Xalq şairi Vahid Əziz, universitetin məzunlarından Xalq artisti Niyaməddin Musayev və Əməkdar artist Nizami Abdullayev də iştirak ediblər.
Aksiya iştirakçıları əvvəlcə Heydər Əliyev muzey-lektoriyasında Ulu Öndərin həyat və fəaliyyətinə, ordu quruculuğundakı müstəsna xidmətlərinə həsr olunmuş ekspozisiya ilə tanış olublar. Sonra iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun abidəsi ziyarət edilərək qarşısına qərənfillər düzülüb.
Nəzərə çatdırılıb ki, 1994-cü il mayın 9-da bu abidənin açılışına həsr olunmuş təntənəli mərasimdə xalqımızın ümummilli lideri Heydər Əliyev şəxsən iştirak edib və kursantlar qarşısında geniş nitq söyləyib. O vaxt əbədiyaşar Ali Baş Komandan gələcəyin zabitlərinə xitabən deyib: “Hərbi peşə, zabitlik peşəsi, Vətəni müdafiə işi müqəddəsdir... İstəyirəm ki, siz də həyatda yüksəlməkdə də, xalqı və Vətəni sevməkdə də, yeri gələrsə, haqq işi uğrunda canından keçməyi bacarmaqda da Həzi Aslanova oxşayasınız”.
Gələcəyin kursantları Ulu Öndərin arzularını həmişə həqiqətə çevirmiş və bu gün də Heydər Əliyev ideyalarına sadiqdirlər. Bu təhsil ocağından pərvazlanan 10 nəfər Azərbaycanın Milli Qəhrəmanı, 20 nəfərdən çoxu isə general, admiral ali hərbi rütbələrinə layiq görülüblər.
Xalqımızın haqlı olaraq “Heydər Əliyev məktəbi” adlandırdığı Hərbi liseyin kursantları aksiya iştirakçılarını “Naxçıvanskilər marşı”nı ifa edərək qarşılayıblar.
Ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni ifa olunub. Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin hazırladığı aksiyanın təntənəli açılışına və cəbhə bölgələrində, ayrı-ayrı hərbi hissələrdə keçirilən tədbirlərlə bağlı video-çarx nümayiş etdirilib.
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani Azərbaycan əsgərinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının, o cümlədən vətənpərvərlik hissinin daha da yüksəldilməsində bu layihənin əhəmiyyətindən danışaraq, UNEC-in rəhbərliyinə, şəxsən rektor Ədalət Muradova minnətdarlıq edib.
Hərbi liseyin rəisi general-mayor Bəkir Orucov aksiya iştirakçılarını salamlayıb. Bugünkü tədbirin həm kursantların, həm də qonaqların xatirindən uzun müddət silinməyəcəyinə əminliyini bildirib.
UNEC-in Tələbələrlə İş üzrə prorektoru, iqtisad elmləri namizədi, dosent Səadət Qəndilova Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasının nəinki hərbçilərin, eləcə də 20 min nəfərlik universitet kollektivinin də vətənpərvərlik hissinin, işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyinə, respublikamızın ərazi bütövlüyünün tam bərpa olunacağına inamının daha da artmasına səbəb olduğunu qeyd edib, kursantlara məsləhətlərini verib, onlara təhsildə uğurlar arzulayıb.
Hələ sovet ideologiyasının tüğyan etdiyi bir dövrdə analoqu olmayan belə bir hərbi məktəbin əsasını qoymuş dahi rəhbər Heydər Əliyevin “Mən sizə baxaraq Azərbaycanın gözəl gələcəyini görürəm” sözləri ilə kursantlara müraciət edən filologiya elmləri doktoru, professor Afət Abbasova deyib: “Mən ilk dəfədir ki, Hərbi liseyin kursantları arasındayam. Sevincimin həddi-hüdudu yoxdur. Qarşımda Azərbaycanın gələcək sərkərdələridir. Həqiqətən burada təhsil almaq, gənc yaşlarından əsgər libası, əsgər çəkməsi geyib hərbin çətin, həm də şərəfli yollarında ilk kövrək addımlar atmaq hər kəsə nəsib olmur. Siz yeniyetmə ikən taleyinizi Vətənə xidmət peşəsinə həsr etmisiniz və inanıram ki, ordumuzda ən ali hərbi rütbələrə, ən böyük vəzifələrə yüksələcəksiniz. Bütün peşələr gözəldir. Ancaq bu gün Vətənimizə hərb yolunu seçən sizin kimi igid oğullar daha çox lazımdır. Uğur olsun, əziz balalar!”.
Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Prezidentin müvafiq Sərəncamı ilə bir neçə gün öncə “Xalq şairi” fəxri adına layiq görülmüş Vahid Əziz Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasına qoşulan ilk şairlərimizdəndir. Onun alovlu çıxışı və oxuduğu vətənpərvərlik şeirləri alqışlarla qarşılanıb.
UNEC-in Rus İqtisad Məktəbinin direktoru, iqtisad elmləri namizədi, dosent Mənsur Bərxudarov, İqtisadiyyat fakültəsinin dekanı, iqtisad elmləri namizədi, dosent Asiman Quliyev, Ekspertiza və Standartlaşdırma fakültəsinin dekanı, texnika elmləri namizədi, dosent Tofiq Osmanov, Elektron İdarəetmə Mərkəzinin direktoru, fizika-riyaziyyat elmləri namizədi, dosent Zöhrə Həsənova, Hüquq şöbəsinin müdiri Kəmalə Bünyadova, tələbələrdən Rüfət Süleymanlı, Yusif Cəfərzadə, Mina Ələsgərova, Yasin Məmmədov, Nərmin Heydərova və İslam İsmayılov regionun ən güclü ordusu olan Azərbaycan Ordusu ilə fəxr etdiklərini bildirərək, möhtərəm Prezidentimiz İlham Əliyevin Ali Baş Komandanlığı ilə Aprel və Günnüt əməliyyatlarında qazanılan zəfərlərdən, atəşkəs rejimini intensiv olaraq pozan Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını mərdliklə alan döyüşçülərimizin qəhrəmanlıqlarından qürur duyduqlarını vurğulayıblar. Onlar xalqımızı “Hər şey Ordu üçün, hər şey Qələbə üçün!” şüarı altında birliyə, həmrəyliyə səsləyib və gənc “Naxçıvanskilərə” böyük orduya gedən yollarda büdrəməməyi arzulayaraq, onları Ramazan bayramı münasibətilə təbrik ediblər.
1970-1980-ci illərdə universitetin məzunları olmuş Xalq artisti Niyaməddin Musayev və Əməkdar artist Nizami Abdullayev Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasında sevimli ali məktəblərinin professor, müəllim və tələbələri ilə bir yerdə kursantlar qarşısında çıxış etdiklərindən fərəh hissi keçirdiklərini deyib və qələbəyə səsləyən mahnılarla kursantları sevindiriblər.
UNEC-in professor-müəllim və tələbə heyətinin Azərbaycan əsgərinə müraciəti oxunub.
İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi - Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini, general-mayor Rasim Əliyev aksiya iştirakçılarına Müdafiə Nazirliyinin rəhbərliyi adından minnətdarlığını bildirib və bu kimi vətənpərvərlik tədbirlərinin şəxsi heyətin mənəvi tərbiyəsində mühüm rol oynadığını qeyd edib.
Tədbir Üzeyir Hacıbəylinin “Cəngi” musiqisinin sədaları altında başa çatıb.
UNEC-in Qadınlar Şurasının fəalları sabah Murovdağa yola düşəcək və Ramazan bayramını mətin əsgərlərimizlə birlikdə ön səngərdə qeyd edəcəklər.