Xəbər verdiyimiz kimi, fevralın 8-dən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər planı çərçivəsində "Oxu mədəniyyəti" layihəsinə start verilib.
UNEC rektoru, professor Ədalət Muradovun sözlərinə görə, "Heydər Əliyev İli" çərçivəsində gənclərin mütaliəyə marağının artırılması və oxu mədəniyyətinin formalaşdırılması məqsədilə universitetdə "Oxu mədəniyyəti"nə həsr olunan müxtəlif məzmunlu tədbirlər keçiriləcək. Sözügedən tədbirlər il böyu davam edəcək.
Rektor bildirib ki, cəmiyyətə kitab oxumağı aşılamaq çox vacibdir: "Bu gün cəmiyyətdə kitaba maraq azalır. Cəmiyyəti irəli aparan şəxsiyyətləri məhz mədəniyyət yetişdrir. Universitet isə bilik və elm verir, şəxsiyyət yetişdirmir. Bu gün "Z" nəslinə kitab oxumağı aşılamaq üçün kitabların dizaynında, çapında həmin nəslin zövqü və marağı nəzərə alınmalıdır".
Ədalət Muradov qeyd edib ki, UNEC-də biri 24/7 olmaqla, 5 kitabxana fəaliyyət göstərir. Kitab fondunun son 4 ildə 7 faiz, ənənəvi kitabxanadan istifadə 84 faiz, elektron kitabxanadan istifadə 47 faiz, kitab dövriyyəsi isə 190 faiz artıb.
Millət vəkili Etibar Əliyev deyib ki, universitetlərin missiyası tələbələrə bilik vermək, onları tədqiqata cəlb etmək, mədəniyyət aşılamaqdır. Gənclərin hərtərəfli şəxsiyyət kimi yetişməsində mütaliə mədəniyyətinin çox böyük təsiri var: "Türkiyədə elmin bütün sahələri üzrə kitablar, eləcə də Nobel mükafatçılarının əsərləri həmin il müxtəlif dillərdən tərcümə olunaraq oxuculara çatdırılır. Bu, elmin populyarlaşmasında çox böyük rol oynayır. Bu tip kitablar universitetlərdə tədris olunmalıdır. Universitetlər təhsilin keyfiyyətinin xarakteristikası, qiymətləndirilməsi üzrə prinsiplər müəyyənləşdirməlidirlər. Misal üçün deyə bilərəm ki, 90-cı ildə "Boing" şirkəti mühəndislər üçün bir neçə meyar müəyyən etmişdi: ixtisasın elmi əsaslarını yaxşı anlamaq, informasiya texnologiyalarını bilmək, layihələndirmə və planlaşdırma prosesini anlamaq, kommunikativ bacarıqlara, yüksək etik normalara, tənqidi və yaradıcı düşüncə qabiliyyətinə malik olmaq, çevik, inamlı və sürətli dəyişikliklərə adaptasiyanı bacarmaq və nəhayət, bütün həyatı boyu oxumağa vərdiş etmək. Bütün bunlar üçün fənlərarası sistemli yanaşma olmalıdır. Fikrimcə, universitetlər yanaşmanı bütün ixtisaslarda tətbiq edə bilərlər".
"Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu bildirib ki, biz "Z" nəslindən elə də çox narahat olmamalıyıq. Çünki bizi əslində bir nəşriyyat olaraq xilas edən, məhz "Z" nəslidir. Əgər nəşriyyatlar kitabxanaların ümidinə qalsaydı, indi mövcud olmazdılar. Universitetlər kitab yarmarkaları təşkil etmək üçün nəşriyyatlara şərait yaradırlar. Küçələr olmasaydı, o gənc nəsil kitab almasaydı, indi Azərbaycanda heç bir nəşriyyat olmazdı: "Məncə, kitaba münasibət hər yerdə dəyişməlidir, təfəkkürdə də. Cəmiyyətdə hər kəs yalnız kitab oxuya bilməz. Sağlamlıq, uğur, əyləncə, teatr, kino, mədəniyyət kitabın yanında olmalıdır. Azərbaycanda insanlar öz sağlamlıqlarına və zəkalarına çox biganədirlər və kapital qoymaq istəməzlər. Yalnız xəstələnəndə, ürək dayananda həkimə gedirlər, kitaba imtahanlar başlayanda pul verirlər. Amma bu, mədəniyyətin bir hissəsinə çevrilməlidir. Kitablar yalnız universitetlərdə, tələbənin masasının üstündə olmamalıdır, hər yerdə olmalıdır. Məsələn, Londonda, Türkiyədə metrolarda da kitablar var. Qəzetlər böyük hissəsini kitablarla bağlı yazılara həsr edirlər. Bizim həyatımızda isə kitab ümumiyyətlə yoxdur. Yox yerdə biz tələbədən, yeni nəsildən kitab oxumağı tələb edə bilmərik. Mən bəzən iqtisadiyyatla, hüquqla bağlı dərsliklərə baxıram. Anlamaq mümkün deyil. Bunu Azərbaycan alimləri yazıb. Alimlər dilini dəyişməlidir, düşüncəsini dəyişməlidir. Alim sadə düşünməklə gerçək alim olur, sadə dildə yazmaqla insanları oxutmalıdır. Müasir dövrdə bir dənə də olsun elmi populyar ədəbiyyat tapıb çap eləmək mümkün deyil. Məcburuq tərcümə ədəbiyyatına müraciət edək. Bəli, tərcümələrlə bağlı çoxlu iradlar var. Amma başqa yolumuz yoxdur. Baxın, hər il dünyanın ən zəngin 5 adamının oxuduğu kitabların siyahısı açıqlanır. "Amazon", "Google" rəhbərləri hər il 100-120 kitab oxuyaraq, gənclərə örnək göstərirlər ki, mütləq kitab oxumaq lazımdır. Dünya statistikasına, eyni zamanda, Türkiyənin son açıqladığı statistikaya görə, kitab oxuyanların sayı artır. Bizim bildiyimiz kağız kitabları oxuyanların sayı artır. Azərbaycanda elektron kitab, audiokitab yoxdur. Biz bunun bolluğunu yaratmalıyıq ki, gənclər kitab oxuya bilsinlər. Mən UNEC-in həyata keçirdiyi "Oxu mədəniyyəti" təşəbbüsünü dəstəkləyirəm. İstərdim ki, kitab oxucuları ilə bağlı çoxsaylı müzakirələr keçirilsin. Auditoriyalara, yeni düşünən "Z" nəslinə birbaşa çıxış üçün yazıçılara imkan yaradılsın".
Milli Kitabxananın direktoru professor Kərim Tahirov qeyd edib ki, Ulu öndər Heydər Əliyevin kitab oxumağa, kitabla dost olmağa, kitabın insanın həyatındakı roluna, kitabxana və kitabxana işçilərinə verdiyi dəyərləri təhlil etdikcə, yaxşı mənada heyrətə gəlirsən. Təbii ki, Ulu öndər kitabdan yararlanmasaydı və kitab onun həyatında böyük rol oynamasaydı, ona elə böyük dəyər verməzdi. Kitabla dost olmağın, kitab oxumağın, çox mütaliə eləməyin ən böyük təcəssümü məhz Heydər Əliyevdir. Ulu öndər gənclərə həmişə deyirdi: "Mən müsbət keyfiyyətlərimə görə kitaba borcluyam, siz də kitablarla dost olun".
K.Tahirov ölkədə oxu statistikasının aparılmamasının mənfi təsirləri barədə də fikirlərini bölüşüb: "Təəssüflər olsun ki, Azərbaycanda nə qədər kitab çap olunduğu, adambaşına düşən, mütaliə olunan kitab sayının, mütaliənin statistikası aparılmır. Bu, kitab nəşrinin, mütaliənin inkişafına mənfi təsir göstərir. Kitab mütaliəsi ilə bağlı biz universitetlərdə sorğu keçirmək istəyirik. Yaxşı mütaliənin yolu gənclərin bu istiqamətdə marağının öyrənilməsindən keçir. Kitab nəşri, mütaliə ilə bağlı statistikanın aparılmasının səbəblərindən biri də tələb-təklifə uyğun kitab biznesinin olmamasıdır. Biz kitab bazarını kifayət qədər zənginləşdirə bilərik, lakin bu, oxucuların istəyinə uyğun gəlməyə bilər. Ona görə də mütləq tələb və təklif bir-biri ilə uzlaşmalıdır. Bu məsələdə universitetlərin, ziyalıların köməyinə ehtiyacımız var".
Akademik Nizami Cəfərovun dediyinə görə, tələbəyə "100 kitabı oxu" demək, əslində "oxuma" deməkdir. Müəllimlər oxunmalı olan kitabın siyahısını tərtib etməlidirlər. İqtisadiyyata aid 3-4 kitab var ki, tələbə məzun olduqda həmin kitabları oxumuş olmalıdır. Onun həmin kitabı nə dərəcədə dərk edib-etmədiyi isə fərdi imkan məsələsidir. Müəllimin vəzifəsi seçilmiş kitabları, əsərləri tələbəyə oxutmağa nail olmaqdır: "Təəssüfləndirici haldır ki, biz bilmirik hər bir azərbaycanlı Azərbaycan ədəbiyyatında nəyi oxumalıdır. Bir azərbaycanlı "Dədə Qorqud"u, Nizamini, Füzulini, Nəsimini mütləq oxumalıdır. Müəllimlərimiz orta məktəbdən uşaqlara həmin kitabları oxutmalıdırlar. Məsələn, Atatürkün oxuduğu kitabların siyahısı var və həmin kitabların kənarında onun xüsusi qeydləri də var. Onun tarixə, xüsusilə dilə, mədəniyyətə, aid seçidiyi kitabları oxuduqda həmin sahə üzrə mütəxəssis ola bilirsən. Ulu öndər Heydər Əliyev hər hansı bir məsələnin müzakirəsi zamanı həmin sahə üzrə mütəxəssislərin məsləhəti ilə müəyyən kitablara ya özü baxırdı, ya da məlumat alırdı.
Biz tələbələrə oxutdurmaq istədiyimiz kitabları müəyyənləşdirməliyik, yaxşı dərsliklər hazırlamalıyıq. Dərsliklərimiz çox eksperimentaldı, fundamentalizm yoxdur. İdeyalar modelləşməlidir, o ideyaları modelləşdirmək üslubu da dərslikdən başlamalıdır. Kitabı hansı məqsədlə oxutmağın özü də çox önəmlidir. Orta məktəbdə kitab oxumayan sonra kitab oxumayacaq. Orta məktəbdə birinci, ikinci siniflərdə elə dərsliklər var ki, uşaq o dərslikdən sonra ömrü boyu kitab oxumaq istəmir. Ona görə də düşünürəm ki, kitabla bağlı tədbirlərin keçirilməsi çox önəmlidir".
Millət vəkili Fazil Mustafa oxu mədəniyyətinin təbliği ilə bağlı universitetlərin üzərinə böyük missiyanın düşdüyünü və bu tip tədbirlərin ənənə halına çevrilməli olduğunu qeyd edib.
Oxu mədəniyyətinin formalaşmasında texnoloji yanaşmaya ehtiyac olduğunu diqqətə çatdıran professor Şahlar Əsgərov XXI əsr universitetlərinin bu istiqamətdə töhfələr verə biləcəyini vurğulayıb.
Sevinc QARAYEVA