XX əsrin 80-ci illərinin sonu 90-cı illərin əvvəllərində Ermənistanın Azərbaycan Respublikasına qarşı açıq terror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının ayrılmaz hissəsi və əzəli torpağı olan Qarabağımızın 90%-i,ümumilikdə torpaqlarımızın 20%-i işğal edilmiş, 1 milyondan artıq azərbaycanlı öz ata-baba yurdundan, el-obasından didərgin salınmışdır. BMT Təhlükəsizlik Şurasının 822,853,874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsi haqqında 30 ilə yaxın müddət ərzində müxtəlif zamanlarda dünyanın aparıcı ölkələrinin iştirakı ilə danışıqlar aparılmışdır. Lakin heç biri Azərbaycanın xeyrinə nəticə verməmişdir və ermənistanın işğalçı mövqeyində olması qəbul edilməmişdir. Nəhayət, 2020-ci il 27 sentyabrda erməni silahlı qüvvələrinin cəbhə xəttində atəşkəsi pozması və düşmənçilik siyasətini yerinə yetirməyə çalışmasına qarşı Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyev, Azərbaycanın cəsur ordusu və əzəmətli milləti dözmədi.Ordumuz 27 sentyabr 2020-ci il tarixində əks-hücum əməliyyatlarına başlamış, 27 sentyabr 2020 - 10 noyabr 2020 (1 ay 2 həftə) tarixləri aralığında Azərbaycan öz hərbi siyasətini və qüvvətli ordusunun gücünü düşmən ölkəsinə göstərmişdir.Bu gün qürur hissi ilə deyə bilərik ki,işğaldan azad olunmuş rayonların sürətli və inklüziv inkişafı üçün yetərli qədər maddi resurs mövcuddur və bu davamlı inkişaf gələcək illərdə öz töhfəsini rayonların üzərində verəcək.
Təəssüflər olsun ki, 27 illik işğal dövründə rayonlarımız, cənnət şəhərlərimiz darmadağın olmuş, flora və faunaya, ətraf aləmə, ümumilikdə ekologiyaya ciddi şəkildə ziyan dəymişdir.Torpağa və havaya atılan partladıcı maddələr, su mənbələrinə axıdılmış zərərli tullantıların hər biri ekosistemi pozmuşdur. Ermənistanın Azərbaycana qarşı apardığı terror müharibəsi, aktiv silahlı mübarizə formasından "soyuq terror müharibəsi" fazasına keçir.
Ermənistan bütün parametrlər üzrə Azərbaycana qarşı terrorçu, separatizm fəaliyyətlərini davam etdirməkdədir. Təkcə azərbaycanlılara, Azərbaycan xalqına qarşı deyil, eləcə də onun sərvətlərinə qarşı terror siyasəti həyata keçirir. Bu bağışlanılmaz bir haldır,çünki ekologiyaya dəymiş ziyan birbaşa insan fəaliyyətinə, canlı aləmin həyat fəaliyyətinə, iqlimə, o cümlədən iqtisadiyyata təsir göstərir.
Azərbaycan kimi zəngin təbiəti, flora və faunası, təbii sərvətləri olan bir diyar bu ekoloji terrordan qorunmalı və çiçəkləndirilməsinə davam etdirilməlidir. Ermənilər ekologiyamıza nə qədər ziyan vursalar da, Azərbaycan günü-gündən inkişaf edir və potensialını genişləndirir. Buna ən gözəl nümunə COP29-un yəni, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ölkəmizin ev sahibliyi etməsidir. COP-a ev sahibliyi uyğun olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edilir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir. 2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupunda idi. Ölkəmiz də sözügedən qrupa daxildir və konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdü. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini vermişdilər. Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkdi. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürdü və nəticə etibarı ilə COP29 bu il noyabr ayında keçiriləcək və bir neçə gün davam edəcək. COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacağı gözlənilir.Bu konfrans iştirakçı ölkələrin öhtəlik götürməsi və qlobal bir problemə çevrilən iqlim dəyişikliklərinin həll yollarının tapılması üçün bir fürsət olacaq. Məlum məsələdir ki, ölkə başçısı cənab İlham Əliyev 2024-cü ili “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan edib və 2022-2026-cı illər üçün işğaldan azad olunmuş torpaqların “Yaşıl Zona”ya çevrilməsi üçün 5 prioritet qəbul edib.Prioritetlərin yerinə yetirilməsi təqdirində ölkəmiz ekoloji cəhətdən bir sıra dövlətləri geridə qoyacaq və ekologiyamızı bərpa edəcək.
Səma Əliyeva,
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Mühəndislik fakültəsinin
“Ekologiya mühəndisliyi” ixtisasının 1-ci kurs tələbəsi