A

525-ci qəzet

Ekoloji təhlükəsizlik milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsi kimi davamlı inkişaf əsas götürülməklə resursların səmərəli istifadəsi, ətraf mühitin qorunması və  texnoloji fəlakətlər zamanı risklərin minimallaşdırılmasına əsaslanır. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərin əhəmiyyətindən xəbər verir.  Prezident İlham Əliyevin nümayiş etdirdiyi möhkəm siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi zəngin mədəni irsi ilə ölkəmizin dünya ictimaiyyətinin aktual problemlərinin həlli istiqamətində bir araya gəlməsi üçün mühüm mərhələlərdən biridir. Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını "Yaşıl enerji" zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur. Ekoloji təhlükəsizliyin idarəetmə sistemində iqtisadiyyatın ekologiyalaşdırılması, yeni ekoloji təhlükəsiz texnologiyaların tətbiqi, ətraf mühitin keyfiyyətinin bərpasına mane olmayan və təbii ehtiyatların səmərəli istifadə edilməsinə xidmət edən iqtisadi inkişaf tempinin saxlanılması COP29 tədbirində müzakirəsi zəruri olan problemlər siyahısındadır. Problemin ziddiyyətli tərəflərindən biri təbiətlə insan cəmiyyəti arasındakı qarşılıqlı əlaqədə müxtəlif sosial-iqtisadi sistemlərin diferensiasiyasıdır. Təbii ehtiyatların səmərəli istifadəsinin mühüm problemlərindən biri, təbii sərvətlərin istifadə xüsusiyyətləri, istifadə dərəcəsi və əmək ehtiyatlarının istifadəsi arasındakı qarşılıqlı əlaqədir.

Azərbaycanda ekoloji təhlükəsizliyin təmin edilməsi kənd təsərrüfatının inkişafı və əhali rifahı baxımından zəruridir. İnsanların yaşaması üçün vacib olan ərzaq və qeyri-ərzaq məhsullarının istehsalı, onların təhlükəsizliyi bilavasitə ətraf mühitlə bağlıdır. Hazırda ekoloji-iqtisadi idarəetmə dövlətin ekoloji balanslaşdırılmış islahatları nəticəsində həyata keçirilə bilər. Effektiv ekoloji siyasəti həyata keçirmək üçün tətbiq edilən tədbirlərin səviyyəsi, miqyası, onların təsir hüdudlarının müəyyənləşdirilməsi makroiqtisadi və  ekoloji istiqamət daşıyan tədbirlər baxımından fərqləndirilir. Bu tədbirlərə milli valyutanın kursunun dəyişməsi, dövlət büdcəsi kəsirlərinin azaldılması, maliyyə-kredit siyasəti? xarici ticarətin liberallaşdırılması,  vergi siyasətində islahatlar, xarici investorlar üçün münbit şəraitin yaxşılaşdırılması, iqtisadiyyatın əsas sektorlarına subsidiya siyasətinə yenidən baxılması və s. kimi tədbirlər aiddir. Qeyd edilən tədbirlər və mexanizmlər müxtəlif formalarda ekoloji vəziyyətə təsir edir.

Ölkəmizdə ekoloji sahədə əsas milli maraqlardan biri cəmiyyətin yaşayışı üçün təhlükəsiz ekoloji və texnoloji şəraitin yaradılması, o cümlədən, ətraf təbii mühitin qorunmasıdır. Ekoloji təhlükəsizliyin təmin edilməsində bir sıra nəticələrə gəlmək olar:

1. Atmosferə atılan zərərli maddələrin azaldılması, çay sularının çirklənməsinin qarşısının alınması;

2. Xəzər dənizinin, ölkəmizdəki su hövzələrinin ekoloji vəziyyətinin yaxşılaşdırılması;

3. Ozon qatının, biomüxtəlifliyin qorunub saxlanması kimi mühüm əhəmiyyətli ekoloji problemlərin uğurlu həlli üçün regional və beynəlxalq əməkdaşlıq;

4. Ekoloji strategiyasının əsasını təşkil edən proqramların qəbul edilməsi, ətraf mühitin mühafizəsi, insanların sağlam təbii şəraitdə yaşaması və təbii sərvətlərdən səmərəli istifadə;

5. Ekoloji təhlükəsizliyin beynəlxalq və milli təhlükəsizliyin tərkib hissəsi kimi qiymətləndirilməsi.

Konkret lokal problemlərin həlli, ekoloji təhlükəsizliyin regional və qlobal səviyyədə idarə edilməsi məqsədlərinə çatmaq imkanları hədəf olaraq müəyyənləşdirilməlidir. Ekoloji təhlükəsizliyin idarəetmə səviyyəsindən asılı olmayaraq əsas idarəetmə obyekti təbii ətraf mühit hesab edildiyi üçün ekoloji təhlükəsizliyin idarə edilməsinin hər hansı bir səviyyəsi sxemində mütləq iqtisadiyyat, hüquqi prosedurlar, inzibati tədbirlər, təhsil və mədəniyyətin analitik təhlili nəzərə alınmalıdır.

UNEC tələbəsi olaraq istehsalın və emalın sürətlə artması ilə əlaqədar olaraq tullantıların həcminin kəskin surətdə artması, ətraf mühitin çirklənməsinə və ekoloji tarazlığın pozulmasına gətirib çıxara bilər problemlərin həllinə biganə qalmamalıyıq. UNEC-in Qiyabi və əlavə təhsil mərkəzi tərəfindən "Yaşıl UNEC" ili çərçivəsində ekoloji aksiyalarda iştirak etmişik. Mərkəzimizin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Yaşıl Gələcək" aksiyasına qoşularaq, 100 ağac tinginin əkilməsi üçün, eyni zamanda Qarabağda işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpa edilməsi məqsədilə aparılan layihələrə dəstək olmaq üçün Qarabağ Dirçəliş Fonduna ianələr etmişik. Məqsədimiz qiyabi təhsil alan tələbələrin təşəbbüsü ilə keçirilən aksiyalarda cəmiyyətin diqqətini sağlam ekoloji mühitin yaradılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltməklə, təbiətin sağlamlaşdırılmasına töhfə verməkdir.

Şəfiqə QURBANOVA,
UNEC Qiyabi və Əlavə Təhsil Mərkəzi Maliyyə ixtisası 

TOP XƏBƏRLƏR