UNEC-in Rus İqtisad Məktəbində (RİM) yerli, xarici birja və investisiya bazarının aparıcı nümayəndələrinin bir qrupu ilə görüş baş tutub.
Görüşdə Rusiya Federasiyasının aparıcı maliyyə təşkilatlarından olan “ALOR” kompaniyalar qrupunun rəhbəri Anatoli Qavrilenko və Rusiya Federasiyasının nüfuzlu TKB İnvestment Partners şirkətinin baş direktoru Dmitri Timofeyev tərəfindən tələbələrə “Maliyyə bazarlarının infrastrukturu” mövzusunda seminar keçirilib. Seminarda Maliyyə bazarının infrastruktur təşkilatlarını təmin edən təşkilatlar haqqında,onun rolundan, maliyyə bazarının dinamikasından, ona təsir edən amillər haqqında ətraflı danışılıb.
Tədbirdə həmçinin Bakı Fond Birjasının Müşahidə Şurasının sədri Fərid Axundov və Bakı Fond Birjasının İdarə heyətinin sədri Ruslan Xəlilov iştirak edərək, bu cür fürsətlərdən gəncləri yararlanmağa səsləyiblər.
Görüşdə Ruslan Xəlilov UNEC-in məzunu olduğunu bildirərək, tələbəlik dövründən danışıb, onlara öz üzərlərində çalışmağı tövsiyə edib.
Sonda tələbələrin sualları cavablandırılıb.