XXI-ci əsrin ən çox müzakirə edilən mövzulardan biri də texnogen inkişafın böyük miqyasa çatması və nəticədə təbiətə olan təzyiqlərin yüksək templə artmasının doğurduğu problemlərdir. Bu problemlərdən ən başlıcası da iqlim dəyişiklikləridir.
İqlim dəyişmələri dedikdə həm insan fəaliyyəti nəticəsində yaranan emissiyalardan qaynaqlanan istixana qazlarının yaratdığı qlobal istiləşmə, həm də bu qlobal istiləşmə nəticəsində atmosferdə baş verən digər irimiqyaslı dəyişikliklər nəzərdə tutulur. İqlim dəyişmələri, onun dünya ölkələrinin sosial-iqtisadi inkişafına, habelə adi insanların həyat tərzinə olan təsirləri artıq bəşəriyyətə məlumdur.
Belə ki, bu təsirləri aradan qaldırmaq və ya müəyyən qədər azaltmaq üçün son dövrlərdə bir çox ölkələr birgə müzakirələr aparır, beynəlxalq tədbirlərə ev sahibliyi edirlər. Bu tədbirlərdən ən öndə gedəni isə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişilkliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı və ya qısa şəkildə desək COP-dur. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. COP Konvensiyanın icrasına nəzarət edən ali qərarverici orqandır. Burada tərəflər Konvensiyaya üzv olan 198 ölkədir. Bu beynəlxalq layihə çərçivəsində Paris Sazişinə əsasən bir sıra dünya liderləri iqlim problemlərinin həllində birgə fəaliyyət göstərməyə təşviq olunur. Konfransın əsas prioriteti qlobal istiləşmənin 1,5°C səviyyəsindən yuxarı qalxmamasına nəzarət etmək və hətta bu temperatur artımını aşağı salmaq üçün tullantıların azaldılması istiqamətində bütün tərəflərlə birlikdə əsaslı, davamlı və çevik fəaliyyət göstərməkdir. Həmçinin buraya hökumətlərin növbəti iqlim öhdəliklərində qalıq yanacaqlardan külək və günəş enerjisi kimi bərpa olunan enerji mənbələrinə keçidi sürətləndirməyə çağırış da daxildir. İlk dəfə 1995-ci ilin martında Berlində təşkil olunan, hər il keçirilən COP-un katibliyi Bonn şəhərində yerləşir. Və o gündən etibarən hər il konfransa BMT-nin beş regionu arasında müxtəlif ölkələr sədrlik edir. Sonuncu konfrans və ya aydın şəkildə desək COP28 keçən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutmuştur, adındakı 28 rəqəmi tədbirin sayca 28-ci olduğuna işarə edir. Ölkə mətbuatının elan etdiyi məlumatlara əsasən o zaman konfransda ümumi iştirakçıların sayı təxminən 100 min olmuşdur və bu indiyə qədər keçirilmiş COP tədbirləri içərisində ən çox iştirakçıların qatıldığı tədbir kimi tarixə düşmüşdür. Bu göstərici Misirin ev sahibliyi etdiyi COP27-yə qatılanların iki mislini təşkil etmişdir. Tədbir üçün artan qeydiyyatlar, getdikcə daha çox dövlətlərin, fərdlərin iştirak etməsi qlobal böhranların həllində Tərəflər Konfransının önəmini ictimaiyyətə bir daha sübut edir.
Hər il müxtəlif ölkələrdə baş tutan 29-cu COP tədbirinin Bakıda keçirilməsi həqiqətən də ölkəmiz üçün sevindirici haldır, konfransın 2024-сü ilin noyabr ayının 11-dən 22-dək davam etməsi gözlənilir. Ümumiyyətlə Azərbaycan 2015-ci ildə baş tutmuş Avropa Oyunları sayəsində beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin təcrübəyə malikdir. O zaman ölkəmiz 5 min idmançı və təqribən 3 minə yaxın qonaq qəbul etmişdir. Lakin COP29 Azərbaycanın indiyədək sədrlik etdiyi ən böyük tədbir olduğundan ölkəyə daha çox xarici ölkə nümayəndəsinin gəlməsi gözlənilir. Prezident cənab İlham Əliyev də hökumətin COP29-la bağlı keçirdiyi ilk iclasında Bakının iki həftə ərzində təqribən 70-80 min xarici qonağı qarşılayacağını qeyd etmişdir. Tədbirə hazırlaşan Azərbaycan COP29-a görə müvafiq milli plan hazırlamış və müəyyən vergi güzəştləri etmişdir. Həmçinin COP29-la bağlı sahələrdə xidmət göstərən qeyri-rezident fiziki şəxslərin bu müddət ərzində gəlir vergisindən azad olunması barəsində də qərar qəbul olunmuşdur. COP29-un prezidenti vəzifəsi Azərbaycanın ekologiya naziri olan Muxtar Babayevə həvalə olunmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyindən “yaşıl” iqtisadiyyata keçid və “yaşıl” enerji təchizatçısına çevrilməyin Azərbaycanın iqtisadi siyasətinin əsas prioritetlərindən olduğunu qeyd etmək lazımdır və COP29-un ölkəmizdə keçirilməsi bu sahədə təşəbbüsləri stimullaşdıracaq. Azərbaycan 1990-cı il ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür. Həmçinin respublikamızın işğaldan azad edilmiş torpaqları da “Yaşıl enerji” zonası elan edilib və bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.
COP tədbirlərinin həyata keçirilməsinə sərf edilən xərclər barədə dəqiq rəqəm demək mümkün olmasada, ümumən infrastruktur, nəqliyyat, təhlükəsizlik, inzibati və əmək haqqı kimi istiqamətlərdə böyük miqdarda vəsait tələb etdiyini söyləyə bilərik ki, bu maliyyə yükünün əhəmiyyətli hissəsi də adətən tədbirə ev sahibliyi edən ölkə tərəfindən qarşılanır. Xərclərinin bir qismini azaltmaq məqsədilə hökumətlər müxtəlif beynəlxalq şirkətlər və təşkilatlarla əməkdaşlıq edərək özlərinə investorlar da cəlb edə bilərlər. Həmçinin bu layihə çərçivəsində iqtisadi baxımdan inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin qaçınılmaz təsirlərini nisbətən azaltmaq məqsədilə maliyyə yardımı üçün fond toplayırlar. Bu cür maddi yardımlar olmadan inkişaf etməkdə olan ölkələr karbon qazı və digər zərərli qazların təsirini aradan qaldıra biləcək təmiz enerji mənbələrini əldə edə bilməzlər.
Son olaraq bu cür beynəlxalq əhəmiyyətə malik tədbirlərin ölkəmizin inkişafına olan təsirlərini də vurğulamasaq olmaz. COP29 sayəsində ilk növbədə ölkəmizə geniş miqyaslı turist axını baş verəcək ki, bunun da iqtisadi və sosial inkişafa olan uzunmüddətli təsirləri danılmazdır. Digər tərəfdən isə COP29 qlobal miqyasda ölkə nüfuzunun artmasında da böyük rola malikdir. Əlavə olaraq COP29-un Bakıda keçirilməsi dünya ölkələrinin Azərbaycana olan dərin güvəninin göstəricisidir. Bununla əlaqədar olaraq ölkə prezidenti cənab İlham Əliyev “COP29-a ev sahibliyi etmək üçün seçilməyin böyük şərəf olduğunu və bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, yaşıl enerji sahəsindəki fəaliyyətlərimizə hörmətin əlaməti hesab etdiyini” qeyd etmişdir.
Rüstəmova Fatimə Malik qızı
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)
“Maliyyə və mühasibat” fakültəsinin “Maliyyə” ixtisası IV kurs