A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Səbail Rayon Polis İdarəsi və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Maliyyə və mühasibat” fakültəsinin tələbələri üçün “Narkotik əsrin bəlasıdır, zərərli vərdişlərə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, narkotik vasitələrin cəmiyyətə və xüsusilə gənclərə mənfi təsirlərindən danışıb, zərərli vərdişlərin yalnız fərdi sağlamlığa deyil, həm də ölkənin sosial-iqtisadi inkişafına ciddi zərər vurduğunu qeyd edib, tələbələri bu kimi maarifləndirici tədbirlərdə fəal iştirak etməyə və sağlam həyat tərzini seçməyə çağırıb.

Səbail Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki işin Təşkili Bölməsinin rəisi, polis mayoru Aqil Xudiyev və əməkdaşı, polis leytenantı Aysel Əsgərzadə çıxış edərək, gənclərin narkotik vasitələrin təhlükələrindən qorunması istiqamətində aparılan profilaktik tədbirlər barədə geniş məlumat veriblər, narkotiklərin cəmiyyət və fərdi sağlamlıq üçün yaratdığı ciddi fəsadları vurğulayaraq, erkən maarifləndirmənin və sosial dəstəyin bu mübarizədə əsas amillər olduğunu bildiriblər. Polis mayoru Aqil Xudiyev qanunvericilikdə narkotiklərlə bağlı tətbiq olunan sərt cəzalar və hüquq-mühafizə orqanlarının bu sahədə apardığı əməliyyatlar barədə məlumat verib, polis leytenantı Aysel Əsgərzadə isə gənclərin psixoloji sağlamlığına diqqət çəkərək, stressin düzgün idarə olunması və ailə-məktəb mühitinin rolunun vacibliyini qeyd edib. Həmçinin, tələbələrə zərərli vərdişlərdən uzaq durmaq, şübhəli hallarda müvafiq qurumlara məlumat vermək və sağlam həyat tərzi seçmək çağırışı edilib.

Səbail Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələləri şöbəsinin müdiri Leyli Mirzəyeva isə çıxışında rayon rəhbərliyinin gənclərin sağlam həyat tərzini təşviq etmək və zərərli vərdişlərin qarşısını almaq məqsədilə təhsil müəssisələri ilə sıx əməkdaşlıq etdiyini, maarifləndirici tədbirlər, idman və mədəni-kütləvi layihələr həyata keçirdiyini, psixoloji dəstək və reabilitasiya xidmətlərinin inkişafına xüsusi önəm verdiyini bildirib. Gələcəkdə də bu istiqamətdə işlərin davam etdirilərək gənclərin təhlükəsiz və sağlam mühitdə yetişməsi üçün bütün imkanların səfərbər olunacağını vurğulayıb.

Sonda narkomaniyanın fəsadlarını və ondan xilas olmanın yollarını əks etdirən videoçarx nümayiş olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay