UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) “ISE Nextgen Innovators” tələbə klubunun təşkilatçılığı ilə Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) nümayəndələri UNEC tələbələri ilə görüş keçiriblər.
Tədbirin məqsədi tələbələrə peşəkar mühasib sertifikatlaşdırma sistemi, beynəlxalq maliyyə-menecment standartları və bu sahədə mövcud karyera imkanları barədə ətraflı məlumat vermək olub.
Görüş zamanı APFM nümayəndələri peşəkar mühasib sertifikatı üzrə mərhələlər, imtahan tələbləri, təlim proqramları və inkişaf imkanları haqqında geniş təqdimat ediblər. Tələbələrə real iş mühiti üçün vacib olan praktiki biliklər - müasir mühasibat uçotu, maliyyə hesabatlarının hazırlanması, audit, risklərin idarə edilməsi və vergi idarəçiliyi - üzrə mövcud yanaşmalar və ən son tələblər izah olunub.
Tədbirdə həmçinin maliyyə və mühasibatlıq sahəsində karyera perspektivləri, əmək bazarının ehtiyacları və APFM-in gənclərin peşəkar inkişafını dəstəkləyən layihələri barədə məlumat verilib.
Sonda tələbələri maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb.