Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə “Baker Tilly Audit Azərbaycan” QSC arasında birgə elmi-praktiki fəaliyyətin təşkili və təcrübə mübadiləsinin həyata keçirilməsi sahəsində əməkdaşlıq haqqında 05 noyabr 2025-ci il tarixində imzalanmış Anlaşma Memorandumu çərçivəsində Maliyyə və mühasibat fakültəsində “Biznes və maliyyə məsləhətləri günü” keçirilib.
Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, “Baker Tilly Audit Azərbaycan” QSC ilə qurulan strateji tərəfdaşlığın tələbələr üçün geniş təcrübə imkanları yaratdığını qeyd edib və bu formatda keçirilən “Biznes və maliyyə məsləhətləri günü”nün gənclərin peşəkar vərdişlərə yiyələnməsində, audit və maliyyə sektorundakı praktiki yeniliklərlə tanış olmasında, habelə Universitetdə alınan nəzəri hazırlığın real biznes keysləri ilə möhkəmləndirilməsində əvəzsiz rol oynadığını xüsusi vurğulayıb.
“Baker Tilly Audit Azərbaycan” şirkətinin maliyyə və biznes məsləhət xidmətləri üzrə məsləhətçiləri Mövsüm Əhmədov və Fidan Həsənzadə çıxış edərək, müasir maliyyə menecmentinin fundamental prinsipləri, investisiya mühitinin analitik təhlili və biznes proseslərinin optimallaşdırılması strategiyaları barədə ətraflı məlumat veriblər, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (MHBS) tətbiqi və audit yoxlamaları zamanı qarşıya çıxan mürəkkəb keyslərin praktiki həll yolları üzrə öz zəngin təcrübələrini bölüşüblər, həmçinin tələbələrin gələcək peşəkar fəaliyyətlərində rəqabət üstünlüyü qazanmaları üçün zəruri olan praktiki biliklərin mənimsənilməsi məqsədilə interaktiv müzakirələr aparıblar.
Sonda mövzu ilə əlaqədar müzakirələr aparılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Baker Tilly Azərbaycan dünya üzrə 147 ölkə və ərazidə təxminən 754 ofisdə fəaliyyət göstərən, 50400 peşəkarı birləşdirən və ümumi illik gəliri 5,6 milyard ABŞ dolları olan Baker Tilly International şəbəkəsinin müstəqil üzvüdür. 2007-ci ilin aprelində 3 partnyor və 12 peşəkar əməkdaş tərəfindən əsası qoyulan Baker Tilly Azərbaycan qısa zaman ərzində Azərbaycanda etibarlı və uğurlu konsaltinq brendi kimi mövqelənmişdir. Bu gün Baker Tilly Azərbaycan 160-dan artıq peşəkar əməkdaşın dəstəyi ilə müştərilərinə yüksək keyfiyyətli xidmətlər təqdim edir. Gəlirlərinə və bağlanmış müqavilələrin sayına görə ölkənin 5 qabaqcıl audit və konsaltinq xidməti göstərən şirkəti sırasında yer alır.