×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Failed deleting index.html


A

xalqqazeti.az

28 aprel akademik Zərifə xanım Əliyevanın doğum günüdür.

“O, xəstəxanada yatanda arzu edirdim ki, heç olmasa ad gününə kimi həyatda qalsın. Amma tale belə gətirdi ki, o, apreldə dünyaya gəldi, apreldə də dünyadan getdi”. Bu sözləri ulu öndər Heydər Əliyev ömür-gün yoldaşı Zərifə xanımın anım mərasimində demişdi. Artıq Zərifə xanımın anadan olmasının 101-ci ildönümünü qeyd edirik. Onun barəsində çox yazılıb, filmlər çəkilib. Amma “sanki nəsə deyilməmiş qaldı” hissi adamı tərk etmir. Bu, belə də olmalıdır. Zərifə xanım tarixin o nadir qadınlarındandır ki, fərqli arxetipləri, fərqli qadınlıq obrazlarını özündə cəm etməyi bacarmışdı. Onun ən böyük nailiyyəti də elə bu idi. Bu həm qadın azadlığının, həm insan iradəsinin təntənəsidir. Qadınlığı və azad seçimi istehlakçı kultu işığında dərk edən gənclərin belə nümunələrə necə də ehtiyacı var! Bu gün də Zərifə xanım Əliyeva haqqında söhbət düşəndə gözümüz önündə işıqlı bir obraz – əsl Azərbaycan qadınının obrazı canlanır. Onun yaşadığı ömür başdan-başa bir nur mücəssəməsidir.

Zərifə xanımın həyatda ən böyük arzusu insan sağlamlığını qorumaq, xəstələrinə işıq, sevinc bəxş etmək idi. O, həmkarları ilə birlikdə ağır faciəyə səbəb olan traxoma xəstəliyinə qarşı mübarizə aparırdı.Ümumdünya Səhiyyə Təşkilatı­nın məlumatına əsasən, XXI əsrdə insan korluğunun əsas səbəbi traxoma xəstə­liyi idi. Baxmayaraq ki, 2 milyona yaxın insan bu keçici xəstəlikdən əziyyət çəkir və 125 milyon insan yoluxma təhlükəsi altında yaşayır, ÜST bu infeksiyanı “unu­dulmuş xəstəliklər” siyahısına daxil edib. Yəni traxoma asanlıqla müalicə olunur və artıq epidemiyaya səbəb ola bilməz. İndi isə qayıdaq bu infeksiyanın effektiv müalicəsi olmadığı, kütləvi korluğa rə­vac verdiyi 60 il öncəyə: tibbi inkişafın ön cəbhəsində duran böyük pionerlərin dövrünə. Məhz, həmin nəhənglərdən, bu gün traxomanın “unudulma” səbəb­karlarından biri və birincisi Zərifə xanım Əliyevadır. 

Zərifə xanımın elmi fəaliyyəti, yaz­dığı monoqrafiyalar, əsərlər barədə çox danışmaq olar. Amma bundan daha mühüm məqamlar var. 60-cı illər iki qüt­bün – kommunist Şərqin və kapitalist Qərbin qarşıdurması ilə səciyyəvi idi. Bi­rinci insan individuallığını və milli kimliyi inkar edərək, hər şeyi partiyaya qurban verirdi, ikincisi isə insanlara xidmət kimi müqəddəs bir amalı karyerizm və mən­fəətpərəstliyin kölgəsində saxlayırdı. Bir sözlə, o zaman böyük alim olmaq, ya totalitar rejimin möhkəmlənməsinə, ya da şəxsi varlanmaya xidmət etmək anla­mına gəlirdi. Üçüncü yolu tutmaq nəinki kiminsə ağlına gəlirdi, heç alternativ kimi mövcud da deyildi. Belə bir şəraitdə Zə­rifə xanım milli oftalmologiyanın əsasını qoyur. Azərbaycanlı kimliyinin kommunist internasionalizmi fonunda sönməsinə im­kan vermir. O, elmi fəaliyyətlə yanaşı mil­li kadrların yetişdirilməsinə, habelə elmi tədbirlərin Azərbaycanda keçirilməsinə böyük önəm verirdi. 

Zərifə xanımın tərcümeyi-halında oxuduğumuz sətirləri məhz bu rakursdan dəyərləndirmək gərəkdir. 1950-ci illərdə traxoma Azərbaycanda tüğyan edərkən, o, həmkarları ilə birlikdə, yoluxmadan qorxmayaraq, ölkəmizin bölgələrinə səfər edir, insanların müalicəsi ilə məşğul olurdu. Nəticədə traxoma Azərbaycanda həyat üçün təhlükəli hesab edilən xəstə­liklər sırasından çıxarıldı. Zərifə Əliyeva sadə insanlara əlindən gələni etməyə çalışırdı. Məhz bu səbəbdəndir ki, onun ikinci mühüm işi kimya sənayesində ça­lışan fəhlələrin göz travmalarına həsr olunmuşdu. 

1967-ci ildə Azərbaycan Dövlət Hə­kimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasının dosenti, 1983-cü ildə isə kafedra müdiri vəzifəsinə kimi yüksələn Zərifə xanım qarşısına alim yetişdirmək kimi böyük bir hədəf qoy­muşdu. Xalq üçün alim olmaq azdır, alim yetişdirmək və alim yetişdirən bir sistem qurmaq gərəkdir. 

1977-ci ildə məhz Zərifə xanımın təşəbbüsü ilə Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumunun Bakıda keçirilməsi Azərbaycanın elmi mərkəz kimi tanınmasında atılan düşü­nülmüş bir addım idi. Azərbaycan Mil­li Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü və digər mühüm vəzifələrə seçilməsi Zərifə xanım üçün bir imtiyaz deyildi, ona öz missiyasını yerinə yetirmək üçün yeni imkanlar yaradırdı. 

Adətən, alimlərin, xüsusilə qadın elm xadimlərinin həyatı çox da dolğun olmur. Onların şəxsi həyatları elmi fəa­liyyətin kölgəsində qalır. Buna görə də onlar barədə yazmaq o qədər də çətin deyil. Kanadanın ilk nüvə fiziki Harriet Bruks ailə ilə elm arasında seçim etməli olduqda, ailəni seçir. Beləcə, elm böyük bir alimdən məhrum olur. Amerikalı bio­loq Elis Evans südün pasterizə yolunu kəşf etsə də, insanlarla ünsiyyətdə o qədər maraqsız idi ki, ona “uzunçu” aya­ması verilmişdi. İtaliyalı pedaqoq Mariya Montessori başqalarının övladlarına xoş­bəxtlik bəxş etmək üçün öz doğma öv­ladından imtina etmişdi... Belə misallar, həqiqətən də, müasir dünyada alim qadı­nın acı taleyinə inamı artıra və gənc qız­ların özünü elmə həsr etməyinə mane ola bilər. Qızlarımızın şəxsi inkişafla yanaşı, qlobal meydana daxil olması, bəşəriyyət üçün faydalı şəxsiyyətə çevrilməsi üçün nümunələrə ehtiyac var. Gənc xanımlara ailəni də, işi də, dostluğu da, ictimai fəa­liyyəti də bir araya gətirən uğurlu qadın obrazı gərəkdir. Şübhəsiz ki, belə obraz­lardan biri məhz Zərifə xanım Əliyevadır. 

Elmin və ictimai həyatın yüksəkliyinə ucalıb sadəliyini qorumaq çətin bir işdir. Qədim hikmət sahibləri deyərdilər ki, in­san ruhu genişlənmək və əhatəli olmaqla yüksəlir. Zərifə xanımın həyatının xırda, bəzən gözdənqaçan nüansları, əslində, onun kimliyindən ən gözəl şəkildə xəbər verir. Tələbə yoldaşı danışırdı ki, müəlli­mi Ümmülnisə xanım ayağını sındıranda Zərifə xanım onun qayğısını elə çəkirdi, sanki öz doğma anasıdır. İş yoldaşları ilə elə səmimi münasibət yaratmışdı ki, illər sonra “biz onu həmişə sevəcəyik”, “o bizə insanlıq dərsi verirdi”, “hamımız onun tələbəsi sayıla bilərik”, “ən çətin anda ilk yardıma gələn o idi” deyə xa­tırlayırdılar. Rusiyanın məşhur oftalmo­loqu akademik A.Nesterov Zərifə xanım Əliyeva haqqında yüksək fikirlər söy­ləyərək qeyd edirdi ki, “Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada, o, bir nömrəli idi”. Akademik N.Puçkovskaya “xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi” deyərək, alimin yüksək insani keyfiyyət­lərə malik olduğunu söyləmişdi. 

Zərifə xanımın ən ağır şəraitdə zərərli istehsalatda tədqiqatlar aparması hamı­nı təəccübləndirirdi. O, sənaye obyekt­lərində laboratoriyalar açırdı ki, işçilərin göz səhhətini nəzarətdə saxlaya bilsin. Şirvan (o zamankı Əlibayramlı) şəhəri­nin məktəblərində çalışırdı ki, uşaqların göz problemlərinin həlli yollarını tapsın. Bütün bunları SSRİ-də ən yüksək rüt­bələrdə çalışan bir insanın həyat yoldaşı edirdi. 

Sovet rəhbərliyinin bir çox nümayən­dələrindən fərqli olaraq, bu ailəni imtiyaz­lar deyil, məhz xalqa xidmət maraqlandı­rırdı. Ola bilsin ki, məhz, ziyanlı sənaye obyektlərində uzun illər işləməsi, onun gələcəkdə ciddi xəstəliyinə səbəb olmuş­du. Fədakar insan hər sahədə fədakar olmağı bacarır. Ona görə də, dostluqda və işində olduğu kimi, ailəsində də Zərifə xanım xüsusi seçilirdi. 

Əliyevlər ailəsinin xeyir-bərəkət sim­volu olan, azərbaycanlı qadınına, anala­ra məxsus müqəddəs duyğuları şəxsiy­yətində, simasında formalaşdıran Zərifə xanım həyat yoldaşı, dünya şöhrətli döv­lət xadimi Heydər Əliyev kimi müdrik, dahi bir insana, sözün həqiqi mənasında, əsl dost, yaxın silahdaş və mənəvi dayaq olmuşdu. Ulu öndərin Zərifə xanım barə­sindəki bir sözü burada yerinə düşür: “O, mənə görə canını da verməyə hazır idi”. Zərifə xanımın gərgin iş qrafiki heç zaman həyat yoldaşının və övladlarının qayğısını çəkməsinə mane olmurdu. Heydər Əliyevin pəhrizi, qidalanması, sağlamlığı ilə birbaşa özü məşğul olur­du. Ulu öndər deyirdi: “Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam... Həyatımın bütün dövrlərində işlə məşğul olduğu­ma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üstünə düşüb və o, bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”. 

Zərifə xanım yüksək vəzifədə çalışan həyat yoldaşını məişət qayğılarından azad etmişdi, ailədə ona tam rahat və doğma bir mühit yaratmışdı. Bu isti ailə mühitini formalaşdıran xanım paralel ola­raq elmin zirvələrini fəth edir. Zərifə xa­nım doktorluq dissertasiyasını dünyanın ən öncül elmi mərkəzlərindən olan Mosk­va Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitu­tunda müdafiə edir. Averbax mükafatına layiq görülən ilk qadın da məhz Zərifə xanım oldu. Bu mükafat dünya oftalmo­logiyasında ən mötəbər mükafat sayılır və SSRİ Elmlər Akademiyası tərəfindən dünyanın ən görkəmli oftalmoloqlarına verilirdi. Alimlər cameəsi etiraf edirdi ki, Zərifə xanımın həkimlərin uzaq durduğu zərərli obyektlərə can atıb birbaşa fəh­lələrin səhhəti ilə məşğul olması fəda­karlıqdan başqa bir şey deyil. Ona görə yüksək elmi tribunalarda çıxış edərkən, dünya oftalmoloqları onu diqqətlə dinlə­yirdi. Bütün bunlar Azərbaycanın nailiy­yətləri idi. 

Zərifə xanım qayğıkeş insan, gözəl qadın, böyük alim, öz işini sevən peşəkar həkim olması ilə yanaşı, analıq missiya­sının da öhdəsindən yüksək səviyyədə gəlirdi. Zərif bir ana necə böyük bir qüdrət daşıya bilər, dünyaya necə böyük insan­lar bəxş edə bilər, xalqın taleyində necə misilsiz iz qoya bilər. Analıq, doğrudan da, təbiətin ən böyük möcüzəsidir! Analar həyatda ən çətin olan iki şeyə qadirdirlər: həm böyük tale, həm də böyük xoşbəxtlik bəxş edə bilmək qüdrətinə. Bu cəhətdən də Zərifə xanım unikal bir qadın idi.

Azərbaycanın müzəffər Ali Baş Komandanı, ölkəmizi dünyanın strateji əhəmiyyətli dövlətinə çevirən, milli ma­raqları hər şeydən üstün tutan, qətiyyətli və əzmkar lider olan İlham Əliyev məhz belə bir ananın tərbiyəsini almalı idi. Tə­sadüfi deyil ki, Ulu öndər öz xatirələrində Zərifə xanımın məhz analıq cəhətini xü­susi vurğulayırdı: “Mənim üçün o, birinci növbədə böyük insan idi. Sədaqətli həyat yoldaşı. Çox mehriban, sədaqətli ana. Mənim ailəmi, uşaqlarımı, nəvələrimi ya­şadan və böyüdən fədakar bir insan”. 

Xalqa xidmət amalını bir ailə ənənəsi kimi yaşadan Prezident İlham Əliyev Zə­rifə xanımı dərin ehtiramla xatırlayaraq demişdir: “Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çün­ki o həm peşəkar həkim, eyni zamanda çox xeyirxah insan idi. Böyük lider, ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım bütün işlərdə ona da­yaq olur, onu dəstəkləyirdi. Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur”. Böyük Zəfərdən sonra Ali Baş Komandanın anasının məzarını ziyarət etməsi, bu zəfərdə ana tərbiyəsi­nin payından xəbər verirdi. 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva qayınanasının son aylarını xatırlayarkən çox maraqlı bir məqama toxunur: “Ölümündən bir ay öncə mənə dedi ki, vəziyyətim çox pis­di. Amma bunu hamıdan gizlədirdi. İndi başa düşürük ki, həmin xəstəliyin ağ­rılarına dözmək və gizlətmək mümkün deyildi. Amma Zərifə xanım bunu da ba­carırdı”. 

Ürəyində və əməllərində işıqlı amal­ları, nəcib duyğuları yaşadan, özündən sonra zəngin elmi irs, o cümlədən gözəl ailə nümunəsi qoyub gedən Zərifə xanım Əliyeva əfsanəyə çevrilərək xalqımızın qəlbində və yaddaşında yaşamaqda da­vam edir.

Gülnarə RZAYEVA,
Azərbaycan Dövlət İqtisad Universiteti
Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentinin direktoru, dosent

TOP XƏBƏRLƏR