A

"Xalq qəzeti"

Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında münasibətlərin gələcəyini müəyyən edən yol xəritəsi kimi diqqət çəkir.

Şübhəsiz ki, tarixə əsaslanan bu mü­hüm sənədin imzalanması ilə Azərbaycan ilə Türkiyə arasında siyasi, sosial-iqtisadi əməkdaşlıq özünün yeni mərhələsinə daxil olur. Bəyannamədə böyük lider və öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamlarının öz əksini tapması isə XXI əsrdə bu qardaşlığın əbədi və dönməz olmasından, strateji müttəfiqlik münasibətlərinə xüsusi əhəmiyyət verilməsindən xəbər verir. Bu Bəyannamə, eyni za­manda, 44 günlük müharibədən sonra bölgədə yaranan yeni əməkdaşlıq imkanlarını re­allaşdırmaq istiqamətində önəmli addımlar atan iki qardaş ölkənin sülhə, əmin-amanlığa sadiq qaldığını göstərir. Başqa sözlə, Azərbaycan və Türkiyə bütün potensial gücünü Bəyannamədən irəli gələn vəzifələrin icrasına yönəltməklə, Cənubi Qafqazı sülh regionu­na çevirmək məqsədini qarşıya əsas vəzifə kimi qoyur.

Türkiyənin qısa vaxtda Şuşada Baş konsulluğunu açmaq istəyi də qardaş ölkənin bu bölgədə mövqe­yinin və gücünün möhkəmlənməsi kimi dəyərləndirilməlidir. Bu, həm də Azərbaycanın daha da güclü-qüdrətli bir dövlət kimi dünyada nüfuzlunun daha da artmasını, beynəlxalq aləmdə söz sahiblərindən biri kimi tanınmasını şərtləndirir.

Şuşa Bəyannaməsindən danışarkən, bir məqama da xüsusi toxunmaq istərdim. Vətən müharibəsindəki parlaq qələbəmizin əsasında bir sıra amillərlə yanaşı, son illərdə ordu quruculuğunun inkişafı istiqamətində gerçəkləşdirilən layihələr də xüsusi yer tutub. Silahlı Qüvvələrimiz inkişaf etmiş texnologiyalardan peşəkar şəkildə istifadə edib. Bununla da Azərbaycan Vətən müharibəsində müasir döyüş tarixinin tamamilə yeni bir parlaq səhifəsini yazıb. Əməliyyatların zirvəsində isə Şuşa savaşı xüsusi yer tutub.

Bu sözləri ona görə deyirəm ki, Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Bu, eyni zamanda, bir daha göstərir ki, Azərbaycan və Türkiyə indiyədək olduğu kimi, bundan sonra da hər zaman bir-birinin yanında olacaq, bir-birinin təhlükəsizliyini təmin edəcək.

Şuşa Bəyannaməsində Silahlı Qüvvələrimizin yeni çağırışlara uyğun olaraq yenidən forma­laşdırılması, modernləşdirilməsi və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi bu baxımdan xüsusi diqqət çəkir. İki qardaş ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyala­ra əsaslanan silah və sursatların idarə olunması istiqamətində sıx əməkdaşlığı da nəzərdə tutulur. Eyni zamanda, Bəyannamədə bu məqsədlə səlahiyyətli struktur və qurumların qarşılıqlı əlaqəli fəaliyyətinin təmin edilməsi də vurğulanır.

Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsini parlaq qələbə ilə başa çatdırmasını şərtləndirən bir neçə amilə nəzər salsaq, bunu aydın görə bilərik. Həmin amillərə döyüş hazırlığının bütün tələblərini yerinə yetirmək üçün şərait yaradılması, irimiqyaslı təlimlərin keçirilməsi, ordunun Ali Baş Komandanın diqqəti və səyi nəticəsində müasir silahlarla silahlandırılması, artilleriya və avi­asiyanın, eləcə də digər sahələrin inkişaf etdirilməsi daxil edilə bilər.

Qeyd etmək lazımdır ki, beynəlxalq müstəvidə birgə əməkdaşlığımız siyasi, iqtisadi-ticarət, humanitar əlaqələrin genişlənməsinə səbəb olacaq. Enerji təhlükəsizliyinin, Cənub Qaz Dəhlizinin önəmi Türkiyə, Azərbaycan və Avropa üçün çox faydalıdır. Bundan başqa ölkələrin təhlükəsizliyi təmin ediləcək. Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdə çıxış edəcəklər.

Xüsusi olaraq hazırkı şəraitdə ticarət sahəsindəki əlaqələrin daha da genişlənməsinə önəm verilir. Bu il martın 1-dən Azərbaycan ilə Türkiyə arasında Preferensial Ticarət Sazişi qüvvəyə minib. Saziş 15 mal qrupunu əhatə edir. Bu saziş iki qardaş ölkə arasın­da ticarət dövriyyəsinin sürətlə artmasına imkan yaradacaq. Belə ki, növbəti 3 il ərzində ticarət dövriyyəsinin 15 milyard dollara çatacağı gözlənilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada vurğuladı ki, “Türkiyə Petrolları” başda olmaqla, bir çox şirkətlərimizin Azərbaycanda mühüm investisiyaları var və eyni qaydada, SOCAR da başda olmaqla Azərbaycan şirkətlərinin də Türkiyədəki sərmayələri bizi məmun edir. Ümumiyyətlə, enerji sektorunda əməkdaşlıq və qarşılıqlı sərmayə qoyuluşu çoxdan mövcuddur.

Belə bir faktı da göstərmək lazımdır ki, Türkiyə dünya ölkələri sırasında qeyri-neft və qaz sektoru sahəsində ən çox inkişaf etmiş ölkələr sırasına daxildir. Hazırda Türkiyədə qaz yataqları aşkar olunur.

Bəyannamədə Cənub Qaz Dəhlizinin gerçəkləşdirilməsində Türkiyə və Azərbaycanın qabaqcıl roluna xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Bununla bağlı bəzi məqamları xatırlatmaq istərdik. Belə ki, son 18 ildə “Əsrin müqaviləsi” sayəsində ölkəmizin imkanları ardıcıl şəkildə genişlənib. Qaz ehtiyatları 1 trilyon kubmetrdən çox olan “Şahdəniz” qaz kontraktı üzrə saziş bağlanılıb. Xəzər dənizini Qara dənizlə birləşdirən yeni bir ixrac marşrutu–Bakı-Supsa neft kəməri tikilib. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşası Azərbaycanı dünyada, həm də qaz ölkəsi kimi tanıdıb. Bütün bunlarla bərabər, 2007-ci il iyulun 3-də Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından hasil edilən təbii yanacaq Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil olub. 2011-ci ildə isə Avropa İttifaqı ilə Azərbaycan arasında Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən strateji enerji əməkdaşlığına dair memorandum imzalanıb və bununla da Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması istiqamətində tarixi addım atılıb.

Azərbaycanın təşəbbüskarı və müəllifi olduğu nəhəng enerji infrastrukturu layihəsi olan Cənub Qaz Dəhlizi hazırda dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişdirir. Bu baxımdan adı çəkilən dəhliz dünya neft-qaz sənayesində ən mühüm və iddialı layihələrdən biridir.

Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir.

Şuşa Bəyannaməsində, yuxarıda qeyd edilənlərlə bərabər, diqqətə çatdırılır ki, tərəflər iki ölkənin ərazisindən keçən Şərq-Qərb/Orta beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılması məqsədilə qarşılıqlı əməkdaşlığı möhkəmləndirəcəklər. Qardaş ölkələr, eyni zamanda, intellektual nəqliyyat sistemləri texnologiyalarından yararlanmaqla beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialını daha da inkişaf etdirəcəklər.

Göründüyü kimi, artıq bölgədə yeni nəqliyyat və infrastruktur xəritəsi formalaşmasına başlanılıb. Təsadüfi deyil ki, Azərbaycan müstəqillik əldə etdikdən indiyədək Asiya və Avropanı birləşdirən yüksək əhəmiyyətli nəqliyyat dəhlizləri yaradıb. Məhz ölkəmizin təşəbbüsü ilə reallaşdırılan Şimal-Cənub, Şərq-Qərb və Cənub-Şimal nəqliyyat dəhlizləri qitələrarası daşınmaların həyata keçirilməsini gerçəkləşdirib. Bu nəqliyyat dəhlizləri istifadəyə verildiyi vaxtdan tarixi İpək yolunun bərpasında mühüm önəm daşıyıb.

Tərəflər Bəyannamədə Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyini də bildirirlər.

Sonda onu bildirmək istəyirəm ki, Şuşa Bəyannaməsində öz əksini tapmış müddəalar regi­onda əmin-amanlığın bərpası, təhlükəsizliyin təmin edilməsi, iqtisadi əlaqələrin genişlənməsi sahəsində müstəsna rol oy­nayacaq. Bu isə Türkiyə və Azərbaycanla yanaşı, qonşu dövlətlərin xalqlarına da fayda verəcək.

Arif ŞƏKƏRƏLİYEV,
Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri,
Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor

TOP XƏBƏRLƏR