UNEC-in ev sahibliyi ilə COP 29-a həsr olunan Beynəlxalq Multidissiplinar Simpozium keçirilib.
“BMT-COP29: Müasir sivilizasiyanın aktual problemlərinin həllində dünya alimlərinin rolunun gücləndirilməsi. Ətraf mühitin mühafizəsi və yaşıl gündəm” mövzusunda keçirilən beynəlxalq simpoziumda Azərbaycan, Çin, Qazaxıstan, Hindistan, Gürcüstan, Rusiya, Moldovadan olan alimlər mövzu ilə bağlı təqdimatlarla çıxış ediblər.
UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri professor Rövnəq Rzayevin moderatorluğu ilə keçirilən simpoziumda milli iqtisadiyyatın enerji tutumu, ekoloji strategiyalar, karbon neytrallığı, yeni çirkləndiricilərə nəzarət, istixana qazlarının emissiyaları, rəqəmsallaşmanın qlobal problemlərin həllində rolu, Xəzər dənizinin, göllərin, eləcə də təbii və təmizlənmiş tullantı sularının toksikliyinin monitorinqi, ekoloji təmiz təbiət, Azərbaycanda ekoəczaçılıq vasitələrinin inkişafı və yaradılması, iqlim dəyişikliyi geosiyasətində qloballaşma faktoru, sosial problemlərin həllində elmin rolu, ətraf mühitin mühafizəsində beynəlxalq ənənələr və digər mövzularda müxtəlif ölkələrin alimlərinin bir-birindən maraqlı təqdimatları dinlənilib. Təqdimatlardan sonra mövzu ilə bağlı müzakirələr aparılıb.
Simpozium növbəti gün vorkşopla davam edib. Vorkşopda Rusiya Ekologiya Akademiyasının rəhbəri Sergey Xolodkeviç, Başqırdıstan Respublikası Elmlər Akademiyasının akademiki Ramil Baxtizin, Çin Elmlər Akademiyasının Eko-Ətraf Mühit Elmləri üzrə Tədqiqat Mərkəzinin professorları Ming Xu, Yongguang Yin, UNEC-in professorları Əli Xəlilov və Ramil Sadıqov mövzu ilə bağlı məruzələrlə çıxış ediblər. Çıxışlardan sonra beynəlxalq qrant layihələrində birgə iştirak etmək barədə razılıq əldə olunub.