A

UNEC-in Azərbaycan Xalq Təsərrüfatı İnstitutu adı ilə ilk rəhbəri olmuş Rəşid Əbdül oğlu Qayıbov 1889-cu il fevralın 20- də Qazax qəzasının Salahlı kəndində qulluqçu ailəsində anadan olmuşdur.

Onun atası Qazax qəzası ilə qonşu olan Borçalı qəzasının Daştəpə (sonradan bu kəndin adı dəyişdirilərək Şulaver adlandırılıb, həmin kənd Salahlı kəndindən 30 km məsafədə yerləşir, indi bu kənd inzibati bölgü üzrə Gürcüstan ərazisindədir) kəndində xalq məhkəməsində tərcüməçi vəzifəsində işləmişdir. Həmin dövrdə məhkəmədə tərcüməçi vəzifəsi dövlət məmuru hesab olunurdu. O, 8 yanvar 1936-cı ildə yazdığı tərcümeyi halında qeyd edir ki, 7 yaşında anası, 15 yaşı olanda atası vəfat edəndən sonra 1909-cu ildə Birinci Tiflis Kişi Gimnazsiyasına daxil olmuşdur. Onun bu gimnaziyaya daxil olmasında atasının dövlət məmuru vəzifəsində işləməsinin mühüm rolu olmuşdur. Çünki bu gimnaziya imtiyazlı və maddi imkanları yüksək olan şəxslərin övladları üçün nəzərdə tutulmuşdur. Ona görə də gimnaziyada başlıca olaraq yerli zadəganların və rus məmurlarının uşaqları təhsil alırdılar. Gimnaziyaya qəbul edilənlərdən 60 nəfəri dövlət hesabına, əlavə qəbul olunanlar isə hər il gümüş pulla 200 manat odəməli idilər. Birinci Tiflis Kişi Gimnaziyası həmçinin Birinci Tiflis Zadəgən məktəbi adlandırılırdı. Tiflis şəhərində fəaliyyət göstərən gimnaziya kvotasına görə Rusiya İmperiyasının ali təhsil müəssisələrinə daxil olan məzunlar hazırlayırdı. Gimnaziya Tiflis quberniyasında fəaliyyət göstərən yeganə dünyəvi məktəb idi.

Rəşid Qayıbovun mənsub olduğu Qayıbovlar nəslinin nümayəndələri təhsilə xüsusi önəm verirdilər. Onun nəticəsi idi ki, Qayıbovlar nəsilindən 20 nəfər Qori Müəllimlər Seminariyasını bitirmişdir. Rəşid Qayıbov 1919-cu ildə gimnaziyanı bitirdikdən sonra Qazax Müəllimlər Seminariyasında müəllimlik fəaliyyətinə başlamışdır.

Məlum olduğu kimi, Qori Müəllimlər Seminariyası 1876-cı ildə Gürcüstanın Qori şəhərində Zaqafqaziya üçün  müəllim hazırlayan Seminariya kimi fəaliyyətə başlayıb. Əvvəlcə Seminariyanın üç şöbəsi – rus, gürcü və erməni şöbəsi var idi. 1879-cu ildə isə azərbaycan şöbəsi açılır. Seminariyanın azərbaycan şöbəsi Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 22 iyun 1918-ci il tarixli qərarı ilə  Azərbaycana köçürülür və noyabr ayının 10-dan Qazax rayonunda Qazax Müəllimlər Seminariyası adı ilə fəaliyyətini davam etdirir.

R.Qayıbov Azərbaycanda Sovet hakimiyyəti dövründə Qazax Müəllimlər Seminariyasında işləyərkən, 1920-ci ilin payızında Azərbaycan Maarif İşçilərinin Birinci Qurultayına nümayəndə seçilərək qurultayın işində iştirak edir. Qurultayda fəal iştirakı diqqəti cəlb etdiyinə görə Maarif İşçilərinin Mərkəzi İdarə Heyətinə üzv seçilir və bu idarədə məsul təlimatçı kimi işləməyə başlayır.

Rəşid Qayıbovda təhsilə maraq, biliyini zənginləşdirmək həvəsi onu bütün ömrü boyu müşayiət etmişdir. Onun biliyi, bacarığı Azərbaycanın o vaxtkı rəhbərliyinin də nəzərindən qaçmamış və o, 1922-ci ildə Azərbyacan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi  və Bakı Komitəsinin qərarı ilə ali təhsil almaq üçün Moskvaya göndərilir. R.Qayıbov Q.V. Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutuna qəbul olunur və 1926-cı ildə institutu iqtisadçı ixtisası üzrə başa vuraraq Bakıya qayıdır. O, bir müddət AK(b)P MK-da təbliğatçı qrupunda işləyir.

Onun karyerasında kommunist partiyasının üzv olması mühüm rol oynamışdır. Rəşid Qayıbov hələ Azərbaycanda bolşevik çevrilişi həyata keçirilməmiş, yəni 1.X.1919-cu ildə bolşevik partiyası sıralarına üzvlüyə namizəd, 1.X.1920-ci ildə isə üzvlüyə qəbul olmuş, 478212 №-li partiya bileti almışdır. Az müddət Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində çalışdıqdan sonra, 1927-1928-ci illərdə Şəki-Zaqatala dairəsində Nuxa (Şəki) və Balakən partiya təşkilatında, 1928/1929-cu illərdə Ağdam rayon partiya komitəsində, 1929/1930-cu illərdə Laçın rayon partiya komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri vəzifələrində işləyir. 1930/1931-ci illərdə isə Kəlbəcər rayon partiya komitəsinin katibi kimi məsul vəzifədə çalışır.

1931-ci ildə ÜİK(b)P Zaqafqaziya Diyar Komitəsi MK-nın qərarı ilə Rəşid Qayıbov Zaqafqaziya Pambıqçılıq İnstitutunun direktoru vəzifəsinə təyin olunur. Rəhbər işlə yanaşı, o, bu institutda pedaqoji fəaliyyət də göstərir. Lakin R.Qayıbov bu vəzifədə az qalır. Azərbaycan Kənd Təsərrüfatı İnstitutu və Zaqafqaziya Pambıqçılıq İnstitutu yeni­dən qurulduqdan sonra o, vəzifəsindən azad olunur və yenidən partiya işinə göndərilir. 1933-cü ildə AK(b)P Şamxor (Şəmkir) rayon partiya komitəsinin 1-ci katibi təyin olunur. O, çox az bir müddətdə bu vəzifədə qalır və elə həmin ilin oktyabr ayında AK(b)P MK-nin mədəniyyət şöbəsində kadrlar üzrə sektor müdiri vəzifəsində işləməyə başlayır. O, bu vəzifədə də az müddət çalışır.

Nəhayət, R.Qayıbov 1934-cü ilin aprel ayında Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutunun direktoru vəzifəsinə təyin olunur.

Azərbaycan Xalq Komissarları Sovetinin 1936-cı il 30 dekabr tarixli 3241 saylı qərarı ilə Sovet Ticarəti İnstitutunun Karl Marks adına Azərbaycan Sosial- İqtisad İnstitutuna birləşdirilməsi ilə geniş profilli iqtisadçı kadrlar hazırlamalı olan Karl Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutu yaradılır. İnstitutun direktorluğu o vaxta qədər Sosial-İqtisad İnstitutuna rəhbərlik etmiş Rəşid Qayıbova həvalə edilir. Beləliklə, o, əslində Azərbaycanda Xalq Təsərrüfatı adı ilə fəaliyyətə başlamış institutun ilk rəhbəri olmuşdur. Bu vəzifədə o, 1937-ci ilin yazına qədər işləmişdir.

Bütün bunlarla yanaşı arxiv sənədləri sübut edir ki, Rəşid Qayıbov çox prinsipial, təəssübkeş azərbaycanlı, qorxmaz və cəsarətli insan olmuşdur. Bu baxımdan onun AK(b)P MK-nın elm və məktəb şöbəsinə ünvanlanmış 1936-cı il 21 oktyabr tarixli təqdimatı diqqəti cəlb edir. Təqdimatda R.Qayıbov Sosial- İqtisad İnstitutunda tədris və elmi işlər üzrə direktor müavini vəzifəsində çalışan İ.H.Haykazov adlı bir erməninin üzərinə düşən işin öhdəsindən gələ bilməməsini, elm və tədris işləri üzrə savadsızlığını, işə biganəliyini, yarıtmaz fəaliyyətini gösətirir. Eyni zamanda, R.Qayıbov, göstərilən şəxsin tutduğu vəzifədən azad olunmasını israr etməklə yanaşı, həmin vəzifəyə institutun professor əvəzi Həsənağa Dadaşovun seçilməsini məsləhət görür, onun savadlı, bacarıqlı, öz işinə məsuliyyətlə yanaşan bir şəxs olduğunu qeyd edir.

Məhz həmin təqdimata əsasən AK(b) P MK bürosunun 1936-cı il 29 noyabr tarixli iclasının qərarı ilə (Protokol № 8, 8-ci bənd) İ.H. Haykazov tutduğu vəzifədən azad edilir və onun yerinə Həsənağa Dadaşov təyin olunur.

Həmin dövrdə ermənilərin dövlət və partiya orqanlarında, xü­susi idarələrdə yüksək vəzifə tutduqlarını, onlarda millətçilik, şovinist hisslərin nə qədər güclü olduğunu, 1934-1938-ci illərdə Azərbaycan Xalq Daxili İşlər Komissarının erməni Yevelian Sumbatov-Topuridze, müavininin isə Markarov olması, Azərbaycanın 51 rayonundan 31 rayon milis şöbəsinin rəisinin də erməni olmasını  nəzərə alsaq, Rəşid Qayıbovun bu cəsarətli addımının hansı səviyyədə olduğunu başa düşmək çətin olmaz. O, bu addımı atarkən sonralar onu hansı bəlaların gözləməsini nəzərə alıb-almamasını indi, üstündən xeyli vaxt keçdikdən sonra demək çox çətindir. Lakin fakt faktlığında qalır. O, heç nədən çəkinmədən belə bir addımı atmışdır.

Rəşid Qayıbovun Sosial-İqtisad İnstitutuna və Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna rəhbərlik etdiyi dövrdə bir təşkilatçı və pedaqoq kimi institutun maddi-texniki bazasının möhkəmləndirilməsi, tədris, elmi-tədqiqat işlərinin günün tələbləri səviyyəsində qurulması ilə yanaşı, professor-müəllim heyəti və tələbə kollektivinin ideya-siyasi tərbiyəsinin yüksəldilməsi üçün bütün bilik və bacarığını əsirgəməmişdir.

Təəssüflər ki, 1937/1938-ci illərin qanlı represiyası bir çox dəyərli azərbaycanlı ziyalılar kimi Rəşid Qayıbovdan da yan keçməmişdir. 1937-ci ilin yazında Rəşid Qayıbov Karl Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun direktoru vəzifəsindən uzaqlaşdırılır. Bundan bir qədər sonra isə bir neçə nəfərin yalan ifadəsi ilə onun haqqında həbs-qəti imkan tədbiri seçilir və o, həbs edilir. Arxiv materiallarıda fiziki işgəncələr görünməsə də, 30-cu illərdə mövcud olmuş repressiya aparatının bütün dəhşətləri əksini tapır. Boris Tixomirov adlı birisi və bir neçə başqa şəxsin Rəşid Qayıbovun guya əksinqilabçı-millətçi təşkilatın fəal üzvü olması haqqında yalan və uydurma ifadəsinə görə o, təqsirli bilinərək haqqında 1937-ci il oktyabrın 28-də həbs-qəti imkan tədbiri seçilmişdir. Bir gün sonra onun üç günlüyə həbs olunması haqqında order verilmiş, noyabrın 3-də isə mənzilində axtarış aparılmışdır. Noyabrın 4-də R.Qayıbova təqsirnamə oxunaraq həbs edilməsi haqqında qərar çıxarılır.

R.Qayıbov Azərbaycan SSR Cinayət Məcəlləsinin o vaxtkı 64, 69, 70, 73 maddələrinə əsasən təqsirli bilinmiş, ona millətçi damğası vurulmuş, əksinqilabçı - millətçi təşkilatın fəal üzvü olmasında müqəssir bilinmişdir.

1937-ci il noyabrın 4-də keçirilmiş birinci dindirilmə zamanı Rəşid Qayıbov ona qarşı irəli sürülmüş ittihamı rədd etmiş, heç bir təqsiri olmadığını, ona böhtan atılmasını söyləmişdir. Lakin buna baxmayaraq, istintaq orqanları ona qarşı müxtəlif şantaj vasitəsindən, yalançı şahidləri üzünə durdurmaq və s. üsullardan istifadə edərək iradəsini sındırmağa çalışmışlar.

1937-ci il dekabrın 1-də R.Qayıbov «xalq düşməni» damğası ilə 1919-cu ildən üzvü olduğu AK (b) P sıralarından xaric olunur. 1937-ci il dekabrın 26-da keçirilən ikinci dindirmə gedişində Rəşid Qayıbov guya əksinqilabiçı - millətçi təşkilatın fəal üzvü olmasını, hələ 1934-cü ildən bu təşkilatla sıx əlaqə saxlamasını "etiraf" edir. Görünür, o vaxtlar dindirilmə prosesində tətbiq olunan təsiretmə formalarının gücü altında bu dəmir iradəli insana da təsir edə bilmiş və o, əslində özünə qarşı iftiralarla dolu böhtanları etiraf etməyə məcbur olmuşdur. Dindirilmə protokolundan məlum olur ki, guya onun daxil olduğu təşkilat Sovet hakimiyyətini devirmək və burjua-millətçi hökumət qurmağı qarşısına məqsəd qoymuşdur. Guya bu təşkilat qarşıya qoyulan məqsədə çatmaq üçün Azərbaycanın xalq təsərrüfatına ziyan vurmalı, AK (b) P və Sovet hökumətinin rəhbərlərinə qarşı terror aktları həyata keçirməli, Sovet quruluşuna qarşı silahlı üsyan hazırlamalı idi. Guya Rəşid Qayıbovu bu təşkilata bəzi hökumət nümayəndələri cəlb etmiş, o isə öz növbəsində rəhbərlik etdiyi institutun müəllim və tələbələrinin bir hissəsini ələ alaraq, onları təşkilatın işində fəal iştirak etməyə sövq etmişdir.

1938-ci il yanvarın 10-da R.Qayıbovun üçüncü dindirilməsi aparılır. Bu dəfə onun əvvəlki təqsirlərinin üstünə yeniləri əlavə olunur: guya o, institutda ziyankar işlərə rəvac vermiş, millətçilik və ayrı-seçkilik üçün şərait yaratmış, Azərbaycan dilində süni ədəbiyyat qıtlığı yaratmaqla narazılığa yol açmış, tələbələrin bilik səviyyəsinin aşağı olmasına çalışmışdır və s.

Nəhayət, 1938-ci il iyulun 3-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasında Rəşid Qayıbovun qapalı məhkəməsi keçirilir. O, Azərbaycan SSR Cinayət Məcəlləsinin o vaxtkı 64, 69, 70, 73-cü maddələri ilə müqəssir bilinərək, güllələnməyə məhkum olunur. Elə həmin gün hökm yerinə yetirilir.

Rəşid Qayıbovun həyat yoldaşı, Azərbaycanın ilk peşəkar qadın piyanoçusu, fortepianoda muğamın ilk ifaçılarından və Bakıda Şərq Konservatoriyasının qurucularından biri, repertuarına qərb və rus bəstəkarlarının əsərləri də daxil olan, incəsənət xadimi Xədicə Qayıbova da Rəşid Qayıbovun həbsindən sonra cəsusluqda təqsirləndirilərək həbs edilir. Ötən əsrin 20-ci illərinin əvvəllərindən açıq konsertlər verən, müəllimlik edən, müsiqi sahəsində böyük təşkilatçılıq işi aparan bu xanıma 30-cu illərin ikinci yarısında elə damğa vurulur ki, biz onu bu gün daha çox represiya qurbanı kimi qeyd edirik.

Xədicə xanım 1893-cü il mayın 24-də Tiflis şəhərində tanınmış din xadimi Osman Müftizadənin ailəsində dünyaya göz açmışdır. Anası Züleyxa xanım tatar əsilli məşhur Terequlovlar nəslindən idi. O, 1911-ci ildə  “Müqəddəs Nina Qızlar” məktəbini bitirdikdən sonra Qafqaz müftisi, Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin açılmasının təşəbbüskarlarından biri, bu seminaryada 43 tələbəni öz hesabına himayəsində oxutduran, Azərbaycan qadınlarının təhsili sahəsində təqdirəlayiq fəaliyyəti ilə məşhur olan Mirzə Hüseyn Əfəndi Qayıbzadənin oğlu, yol mühəndisi Nadir Qayıbovla ailə həyatı qurmuşdu. Mirzə Hüseyn Qayıbzadənin qızı Nigar xanım general Əliağa Şıxlınskinin, digər qızı Cövhər xanım isə general İbrahim Usubovun həyat yoldaşları idi. Hər iki bacı Tiflis Nəcib Qızlar İnstitutunda təhsil  almışdılar. Qayıbzadələrin maarifçilik ənənələri, ailələrin və çevrənin mədəni mühiti Xədicə xanımın dünyagörüşünə və şəxsiyyətinin formalaşmasına böyük təsir göstərmişdir.

Xədicə xanım az vaxtda Bakının mədəni həyatına qatılmağa başlayır, kübar məclislərində və “İsmailiyyə”də təşkil olunan konsertlərdə muğamlarımızı və xalq mahnılarını fortepianoda məharətlə ifa edir və böyük rəğbət qazanır. Azərbaycan milli burjuaziyasının  görkəmli nümayəndəsi Hacı Zeynalabdin Tağıyev ona üstündə öz inisalı olan bahaılı çini çay və yemək dəsti, həmçinin çox qiymətli brilyant qaşlı üzük bağışlamışdı.

Sovet dövründə X.Qayıbova müsiqi mədəniyyətinin inkişafında daha fəal iştirak etməyə başlayır, pedoqoji sahədə bir çox layihələrə imza atır. 1920-ci ildə Xalq Maarif Koissarlığında Şərq müsiqisi şöbəsinin müdiri təyin olunur.

Elə həmin il onun təşəbbüsü ilə qadın müsiqi müəllimləri hazırlamaq üçün “Qısamüddərli Şərq müsiqi kursları” açılır, uşaq xoru yaradılır. O, 1927-ci ildə ali müsuqi təhsili almaq üçün Azərbaycan Dövlət Konservatoriyasının “Nəzəriyyə və kompozisiya” fakultəsində təhsil almağa başlayır. 1931-ci ildə Ali təhsilini başa vurur.

X.Qayıbova Bakıda ilk Türk Konservatoriyasının yaradıcılarından biri olur. Həmin dövrdə qadınlar üçün Müsiqili Dram Teatrının açılması da onun xidmətləri sırasındadır.

Xədicə xanım iki dəfə ailə həyatı qurmuşdur. İstər əvvəlki, istərsə də sonrakı həyat yoldaşı dövrünün ziyalı insanları olmuşlar. Birinci ailəsi tez dağılmış, ikinci həyat yoldaşı – Rəşid Qayıbov da  Qayıbovlar nəslindən olmuşdur.

Azərbaycan Xalq Daxili İşlər Komissarlığının əməkdaşı bolşevik donuna girmiş daşnak Tevosyanın 15 mart 1938-ci il tarixli təqdimatı əsasında 4390 nömrəli orderlə martın 17-də həbs olunur.

X.Qayıbovanin həbs edilməsi haqqında arayışda onun musavat firqəsinin liderlərindən olan Mustafa Vəkilovu evində gizlədərək türkiyəyə qaçmasına şərait yaratması, türk ordusunun zabiti, azərbaycanlı Sultan Hüseynzadəni evində gizlədərək İrana qaçmasına kömək etməsi, qardaşları – 1917-ci ildə Türkiyəyə getmiş Məmməd Müftizadə və 1922-1923-cü illərdə Bakıda İranın konsulu olan Məmmədxan Müflizadə ilə əlaqə saxlaması, represiyaya məruz qalmış Azərbaycan SSR Xalq Komisarları Şurasının keçmiş sədri Dadaş Bünyadzadə, sabiq Xalq Ədliyyə Komissarı Həmid Sultanov, Əliheydər Qarayev, Mirzə Davud Hüseynov və sairələri ilə əlaqələri, Türk qoşunlarının rəhbərləridnən Xəlil paşa, general Əliağa Şıxlınski, general İbrahim Usubov,  Türk konsulu Məmduh Şövkət bəy və İranlılardan Məhəmməd xan, Ramazan xan və İsmayıl xanla münasibətlərində cəsusluq fəaliyyətinin olmasında günahlandırılırdı.

X.Qayıbova həbsdə olduğu müddətdə 1938-ci ilin may ayına qədər qeyd olunan məsələlərlə əlaqədar 9 dəfə dindirilib. Aprel ayının 12-də keçirilən 7-ci dindirilmədə həyat yoldaşı Rəşid Qayıbovun “əksinqilabi fəlaiyyəti” ilə əlaqədar suallara cavab verib. Bu cəsur qadın həyat yoldaşı Rəşid Qayıbovun əksinqilabiçı – millətçi fəaliyyətinin olmasını qətiyyətlə rədd etmişdir.

Diqqəti çəkən məqam odur ki, möhkəm iradəli xanım istintaq zamanı ona qarşı atılan böhtanları boynuna almamış, həmin şəxslərlə iş fəaliyyəti və qohumluq əlaqələri baxımından münasibətlərinin olmasını olduğu kimi cavablandırıb və heç bir cəsusluq və əksinqilabi fəaliyyətlə məşğul olmadığını, ona görə də özünü müqəssir bilmədiyini israrla bildirib.

Qeyd olunanlara baxmayaraq may ayının 8-də müstəntiq Tevosyanın 23311 nömrəli istintaq işi üzrə Xədicə xanım Qayıbova Azərbaycan SSR CM-nin 68-ci maddəsi ilə müqaəssir bilinir, 1938-ci il oktyabrın 19-u tarixdə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının  üçlüyü onun güllələnməsi haqqında qərar verir.

Azərbaycan Xalq Daxili İşlər Komissarlığı Siyasi İdarəsinin Birinci Xüsusi Şöbəsinin rəisi leytenant Şevçenkonun imzası ilə 27 oktyabr 1938-ci ildə güllələnir.

Rəşid Qayıbovun və Xədicə xanım Qayıbovanın represiya qurbanına çevrilməsi bir ailəyə, bir nəslə deyil, təhsilimizə, incəsənətimizə, təhsil və musiqi tariximizə, Azərbaycanın ziyalı nəslinə vurulan zərbə idi.

Nizami Məmməd oğlu Süleymanov
UNEC “Humanitar fənlər” kafedrasının professoru, tarix elmləri doktoru

RƏŞİD QAYIBOV
(20.02.1889 –03.07.1938)

  • 1909-1919-cu illərdə Birinci Tiflis Gimnaziyasında təhsil alıb.
  • 1919-1920-ci illərdə Qazax Müəllimlər Seminariyasında müəllim işləyib.
  • 1920-ci ildə Azərbaycan Respublikasının Maarif İşçilərinin Qurultayına nümayəndə seçilib.
  • 1920-1922-ci illərdə Azərbaycan Maarif İşçilərinin mərkəzi aparatında məsul vəzifədə çalışıb.
  • 1922-1926-cı illərdə Plexanov adına Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb.
  • 1927-1928-ci illərdə Şəki Zaqatala dairəsinin Nuxa (Şəki) və Zaqatala partiya təşkilatında, 1928-1929-cu illərdə Ağdam rayon Partiya Komitəsində, 1929-1930-cu illərdə Laçın rayon Partiya Komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri vəzifələrində işləyib.
  • 1930-1931-ci illərdə Kəlbəcər rayon Partiya Komitəsinin katibi vəzifəsində işləyib.
  • 1931-ci ildə Zaqafqaziya Pambıqçılıq İnstitutunun direktoru təyin olunub.
  • 1933-cü ildə Şamxor rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışıb.
  • 1934-cü ildə Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutunun direktoru.
  • 1936-cı ilin sonu – 1937-ci ilin əvvəli Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun direktoru vəzifələrində işləyib.
  • 1938-ci ildə represiya qurbanı olub.

 XƏDİCƏ XANIM QAYIBOVA
(24.05.1893 – 27.10.1938)

  • “Müqəddəs Nina Qızlar” məktəbində təhsil alıb
  • 1920-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığında Şərq musiqisi şöbəsinin müdiri vəzifəsində işləyib
  • Onun dövründə qadınlar üçün “Qısamüddətli Şərq müsiqi” kursları açılıb, uşaq xoru yaradılıb
  • 1927-1931-ci illərdə Azərbaycan Dövlət Konsevatoriyasının “Nəzəriyyə və kompozisiya” fakültəsində ali təhsil alıb
  • Bakıda Türk Konservatoriyasının yaradıcılarından biri olub.
  • Qadınlar üçün Musiqili Dram Teatrının açılmasında xidmətləri olub.
  • 1938-ci ildə represiya qurbanı olub.

TOP XƏBƏRLƏR