Almaniyanın tanınmış “Carl Zeiss” şirkətinin Azərbaycandakı rəsmi nümayəndələri olan “AMK Medical & Science” və “Medeks” şirkətləri tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) Zeiss Primotech mikroskopu hədiyyə edilib.
Bu münasibətlə UNEC-də keçirilən təqdimat mərasimində Elm və innovasiya məsələləri üzrə prorektor, professor Rövnəq Rzayev, “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri, dosent Tural Nağıyev və Laboratoriyaların işinin təşkili mərkəzinin direktoru, dosent Ramil Sadıqov iştirak ediblər. Tədbirdə hədiyyə olunan mikroskopun rəsmi təqdimatı keçirilib.
Zeiss Primotech mikroskopu “Medeks” şirkətinin mütəxəssisləri tərəfindən UNEC-in Kompozit Materiallar Elmi Tədqiqat Mərkəzinin laboratoriyasında quraşdırılıb və istifadəyə hazır vəziyyətdə təhvil verilib.
Professor Rövnəq Rzayev UNEC adından hər iki şirkətin rəhbərliyinə universitetə göstərdikləri diqqət və dəstəyə görə təşəkkürünü bildirib.
Şirkət nümayəndələri UNEC-in III tədris binasında yaradılmış laboratoriya infrastrukturu ilə də tanış olublar. Görüş zamanı gələcəkdə laborator avadanlıqlarının servis xidmətləri və yeni avadanlıqların alınması ilə bağlı əməkdaşlıq imkanları müzakirə olunub.