Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri, UNEC-in Fəxri məzunu Natiq Əmirov 95 illik yubiley münasibətilə UNEC-in kollektivini təbrik edib:
Hörmətli professor-müəllim heyəti, əziz tələbələr və məzunlar,
Azərbaycan Dövlət İqtisad Universitetinin 95 illik yubileyi münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, bu əlamətdar günün UNEC ailəsinin hər bir üzvü üçün sevinc və qürur hissi bəxş etdiyini böyük məmnuniyyətlə vurğulamaq istəyirəm.
UNEC artıq bir əsrə yaxın müddətdir ki, Azərbaycan cəmiyyətinə savadlı müasir düşüncəli və vətənpərvər iqtisadçılar, idarəçilər və alimlər bəxş edən nüfuzlu təhsil və elm mərkəzi kimi fəaliyyət göstərir. Universitetin zəngin tarixi, milli təhsil sistemimizə verdiyi töhfələr və müasir tələblərə uyğun inkişaf strategiyası UNEC-i ölkənin aparıcı ali təhsil müəssisələrindən birinə çevirmişdir. Bu ali məktəbin divarları arasında yetişən nəsillər təkcə iqtisadi biliklərlə deyil, həm də milli kimlik dövlətə sədaqət və ictimai məsuliyyət duyğusu ilə formalaşmışdır. UNEC təkcə elm və tədrisin deyil, həm də şəxsiyyətin yetişdiyi bir məkandır. Bu universitetin məzunu kimi deyə bilərəm ki, burada aldığım təhsil, qazandığım düşüncə tərzi və öyrəndiyim dəyərlər peşəkar fəaliyyətimdə mühüm pol oynamışdır. Bu gün UNEC təkcə ölkə daxilində deyil, beynəlxalq təhsil məkanında da öz sözünü deməyi bacaran, yeniliyə açıq, rəqəmsal texnologiyaları, tətbiq edən əmək bazarının tələblərinə uyğun kadrlar hazırlayan qabaqcıl ali təhsil məktəblərindən biridir. İnanıram ki, bu yüksəliş tempi davamlı olacaq və universitet qarşıdakı onilliklərdə də strateji əhəmiyyətli insan kapitalının formalaşmasında həlledici rol oynamağa davam edəcəkdir. Bu möhtəşəm yubiley münasibətilə universitetin rəhbərliyini, professor-müəllim heyətini, tələbələri və bütün məzunlarını bir daha ürəkdən təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, yeni nailiyyətlər və davamlı uğurlar arzulayıram. UNEC-ə isə daha böyük zirvələr, dünya elm və təhsil arenasında davamlı uğurlar diləyirəm.
Yubileyiniz mübarək, əziz UNEC ailəsi!