A

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnzibati və təşkilati məsələlər üzrə prorektoru, dosent Şaiq Əsgərovun 60 illik yubileyi qeyd olunur.

UNEC ailəsi adından Şaiq müəllimi bu əlamətdar yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq!

Şaiq Əsgərov 10 yanvar 1966-cı ildə Ağsu rayonunun 1-ci Qaraqaşlı kəndində anadan olub. 1983-cü ildə şəhər 2 saylı orta məktəbi bitirib, 1984–1986-cı illərdə Uzaq Şərqdə hərbi xidmətdə olub.

O, 1992-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika, 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Xarici iqtisadi əlaqələrin təşkili və dövlət tənzimlənməsi”, 2002-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisaslarını müvəffəqiyyətlə bitirib. Təhsil Nazirliyinin göndərişi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında Strateji Tədqiqatlar və Dövlət Müdafiəsinin İdarəedilməsi üzrə akademik kursu uğurla başa vurub.

2007-ci ildə “Elektron informasiya vasitələrində reklam bazarının marketinq tədqiqi və onun təkmilləşdirilməsi istiqamətləri” mövzusunda dissertasiya müdafiə edib və Ali Attestasiya Komissiyasının müvafiq qərarı ilə iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb, 2013-cü ildə isə dosent elmi adına layiq görülüb. Dissertasiya mövzusu üzrə 16 elmi əsəri, o cümlədən 14 məqaləsi, 1 dərslik fəsli və 1 metodiki vəsaiti çap olunub.

Elmi-pedaqoji fəaliyyəti dövründə Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb. 2001–2006-cı illərdə universitetin tərbiyə işləri üzrə prorektoru vəzifəsində işləyib.

2006–2015-ci illərdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini olub. 2007-ci ildən Respublika Təhsil Şurası İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərib.

İqtisadi biliklərin təbliği və sosial-ictimai sahədə göstərdiyi xidmətlərə görə “Azərbaycan bayrağı” diplomuna, “Nurlu qələm ustası” mükafatına layiq görülüb, Təhsil Nazirliyinin və AHİK-in Fəxri Fərmanları, “Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 4 fevral 2013-cü il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı alıb.

2015-ci ilin sentyabr ayında UNEC-in İnzibati və təşkilati məsələlər üzrə prorektoru vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamına əsasən universitetin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.

TOP XƏBƏRLƏR