UNEC-də rektor professor Ədalət Muradovun sədrliyi ilə Elmi Şuranın iclası keçirilmişdir.
İlk olaraq UNEC "Humanitar fənlər" kafedrasının professoru Abbas Seyidov Avstriyanın İnnsbruk şəhərində yerləşən Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan bölməsinin akademiki seçilməsi münasibəti ilə döş nişanı ilə təltif edilmişdir. Həmçinin, UNEC Biznes Məktəbinin direktoru, dosent Nazim Hacıyev Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.
İclas zamanı Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarəedilməsi mərkəzinin direktor müavini Söhrab İsayev çıxış edərək 2018/19-сu tədris ilinin qış imtahan sessiyasına hazırlığın vəziyyəti barədə məlumat vermişdir. İmtahanın təhsil prosesinin olduqca məsuliyyətli bir mərhələsi olduğunu qeyd edən məruzəçi sessiyanın zəruri səviyyədə keçirilməsi məqsədi ilə rektorun tapşırığı ilə hazırlıq tədbirlərinin icrasının yekunlaşdırıldığını bildirdi.
İclas zamanı qeyd edilmişdir ki, tələbə biliyinin qiymətləndirilməsində obyektivliyinin təmin olunması, şəffaflığın qorunması məqsədi ilə ictimaiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin imtahan prosesində iştirakı təmin ediləcək. Bu il də əvvəlki illərdə olduğu kimi qış imtahan sessiyasının monitorinqi və nəzarət səlahiyyətləri təhsil ictimaiyyətinin və medianın nümayəndələrinin yer aldığı UNEC İctimai Nəzarət Şurasına həvalə ediləcək.
Şura üzvləri sessiya dövründə UNEC-in rəhbərliyinin iştirakı olmadan “Açıq qapı”lar keçirərək, tələbə və valideynlərin müraciətlərini dinləyəcək. Eyni zamanda, Şura üzvləri sessiyanın yekunlarına dair müzakirələr aparacaqlar.
Bundan başqa, bütün fakültələrdə dekanların sədrliyi ilə yaradılmış imtahan komissiyaları tələbələrin müracitələrini qəbul etməyə hazır olacaq. Komissiya sessiya müddətində yarana biləcək sual və müraciətlərin həlli istiqamətində müvafiq qərarlar qəbul edəcək, əsaslı apellyasiya ərizələri ilə əlaqədar tabeli kafedralarda mümkün nöqsanların aradan qaldırılması sahəsində zəruri addımlar atacaqlar.
Tələbələrin imtahanlara daha rahat hazırlaşması üçün tədris binalarını kitabxanaları, həmçinin UNEC 24/7 Kitabxanası gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.
Tələbələrin sorğuları qeyd edilən kanallarla yanaşı 18 46 nömrəsində operativ fəaliyyət göstərən UNEC-in “Qaynar Xətt”i tərəfindən, Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC rəsmi Facebook kanalından və hər bir tədris binasında çalışan qərargahlar tərəfindən cavablandırılacaq.
Sessiya dövründə tələbə və valideynlərin imtahanların gedişi ilə məlumatlandırılması, sualların cavablandırılması məqsədi ilə UNEC saytında mütəmadi olaraq xəbərlər yerləşdiriləcək, Radio UNEC-də rəhbər şəxslər çıxışlar edəcəklər.
Bütün tələbələrə imtahan sessiyasında uğurlar arzu edirik!