A

UNEC-də qədim  və orta  əsrlər Azərbaycan  ədəbiyyatının  tədqiqi, klassik irsin nəşri, şifahi xalq  yaradıcılığı  və orta əsrlər  ədəbi  əlaqələrin öyrənilməsi sahəsində böyük xidmətləri olmuş akademik Həmid Araslının  110 illiyi münasibətilə  elmi-nəzəri  seminar keçirilib.

Tədbir Maliyyə və mühasibatlıq fakültəsi və “Azərbaycan dili” kafedrasının  birgə təşkilatçılığı ilə keçirilib. Kafedranın müdiri, professor Tofiq Əbdülhəsənov  tədbirin “Akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 fevral tarixli Sərəncamını və Təhsil Nazirliyinin Tədbirlər Planı əsas tutaraq, UNEC rektorunun müvafiq əmrinə əsasən təşkil olunduğunu bildirib.

Tədbirdə görkəmli alim Həmid Araslının çoxcəhətli elmi fəaliyyətindən, Azərbaycan ədəbiyyatı tarixinin formalaşmasında və inkişafındakı misilsiz xidmətlərindən söhbət açılıb. Alimin irsində klassik ədəbiyyat, folklorşünaslıq, mətnşünaslıq, şərq xalqları ədəbiyyatı və müasir ədəbiyyatla bağlı tədqiqatların xüsusi yer tutduğu vurğulanıb.

AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun  aparıcı elmi işçisi, dosent Zəhra Allahverdiyeva görkəmli akademikin ədəbiyyatşünaslıq  sahəsindəki tədqiqatlarından söz açıb. İnstitutun  aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təhminə Bədəlova ədəbiyyatşünas alimin həm də şifahi  xalq ədəbiyyatının ən görkəmli mütəxəssislərindən biri olduğunu, Azərbaycan folklorunun, xüsusilə də “Kitabi-Dədə Qorqud”, “ Koroğlu” dastanları və aşıq yaradıcılığı haqqında  sanballı elmi  əsərlər yazdığını  qeyd edib.

Tədbirdə  Maliyyə və mühasibat fakültəsinin tələbələri Sübhan Niftalıyev və Zərnigar İslamova kafedranın dosenti Gülbəniz İsmayılzadənin rəhbərliyi ilə  hazırladıqları təqdimatı nümayiş etdiriblər.

Akademik Həmid Araslının qızı, AMEAnın müxbir üzvü, N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Nizamişünaslıq” şöbəsinin müdiri Nüşabə Araslı  atası ilə bağlı xatirələrini bölüşüb.

 

TOP XƏBƏRLƏR