“UNEC-100” İnkişaf Strategiyasını əsas götürməklə universitetin strateji inkişafının müasir dövrün tələbləri baxımından yenilənməsi, bu istiqamətdə məqsəd, hədəf və fəaliyyətlərin icrasını daha çevik və səmərəli həyata keçirmək məqsədilə UNEC-də İşçi qrupu yaradılıb.
UNEC rektorunun əmri ilə təsdiqlənən İşçi qrupunun rəhbəri Strateji məsələlər üzrə prorektor, professor Mirdaməd Sadıqov təyin olunub.
Professor Mirdaməd Sadıqov Strateji İnkişaf Planının müddəalarının vaxtında və səmərəli icrasını təmin etmək məqsədilə UNEC-in müvafiq struktur bölmə rəhbərlərinin təmsil olunduğu işçi qrupunun üzvləri ilə onlayn görüş keçirib.
Görüşdə bildirilib ki, dünyanın ən yaxşı 500 universitetindən birinə çevrilməyi hədəfləyən UNEC 2030-cu ilə qədər reallaşdırılması nəzərdə tutulan “UNEC-100” İnkişaf Strategiyasını təsdiq edib. 7 strateji məqsəd və 31 strateji hədəfi özündə ehtiva edən İnkişaf strategiyasında konkret fəaliyyət istiqamətləri də təsbit edilib.
Mirdaməd Sadıqov strateji məqsədlərin həyata keçirilməsi istiqamətində İşçi qrupunun səmərəli fəaliyyəti üçün universitetdə lazımi şərait yaradıldığını diqqətə çatdırıb. Bildirib ki, müvafiq strukturların mütəxəssisləri, ekspertləri layihələrin hazırlanması işinə cəlb oluna bilərlər. İşçi qrupu universitetin bütün struktur bölmələri üzrə beynəlxalq təcrübə nəzərə alınmaqla strateji inkişaf planlarının layihələrini hazırlamalı, qısa və uzunmüddətli dövr üçün məqsəd və vəzifələrini müəyyən etməlidir.
Qeyd edilib ki, UNEC-in Zaqatala və Dərbənd filialları, eləcə də UNEC-in nəzdində fəaliyyət göstərən kolleclər də İnkşaf strategiyasında təsbit olunan strateji məqsədlərin icrası istiqamətində layihə və təkliflərini təqdim etməlidirlər.
Görüşdə strateji inkşafın planlaşdırılması, qiymətləndirilməsi və onun idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb, təkliflər səsləndirilib.
Sonra İnkişaf Strategiyasının 7 strateji məqsədinin həyata keçirilməsi üzrə İşçi qrupunun üzvləri müəyyən edilib.
UNEC-in yüksək keyfiyyətli ali təhsil ocağına çevrilməsi istiqamətində strateji məqsəd üzrə professor Qabil Manafov və dosent Gəray Musayev, Tədqiqat universitetinə çevrilməsi istiqaməti üzrə professorlar Rövşən Quliyev və Rövnəq Rzayev, sahibkar universitetə çevrilməsi istiqaməti üzrə UNEC Biznes Mərkəzinin direktoru Asəf Əsədov, sosial xidmətlərdə aparıcı universitetə çevrilmək istiqaməti üzrə dosent Oqtay Quliyev, beynəlmiləl universitetə çevrilmək istiqaməti üzrə dosent Aida Quliyeva və Sənnur Əliyev, daha çevik və yüksək səmərəliliyə malik universitet idarəetməsi istiqaməti üzrə dosent Raqif Qasımov və Səbuhi Tanrıverdiyev, beynəlxalq reytinqli universitetə çevrilmək istiqaməti üzrə isə professor Rövnəq Rzayev və Sənnur Əliyev işçi qrupunun üzvləri seçiliblər.