UNEC-in bütün fakültələrində, eləcə də Zaqatala filialında 27 sentyabr - Anım Gününə həsr olunan silsilə tədbirlər keçirilib.
Maliyyə və mühasibat, Türki Dünyası İqtisad, İqtisadiyyat və idarəetmə, Mühəndislik, Rəqəmsal iqtisadiyyat, Biznes və menecment fakültəsi, UNEC Dizayn Məktəbi, Ümümi fənlərin təşkili və idarəolunması departamenti, fakültələr üzrə Tələbə Elmi cəmiyyətlərinin və Tələbə Həmkarlar İttifaqı komitələrinin təşkilatçılığı ilə keçirilən anım tədbirlərində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım tədbirlərində UNEC-in Vətən müharibəsində döyüşən məzun və tələbələri, qazilər iştirak ediblər.
Çıxış edənlər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin əhəmiyyətindən danışıblar. Tarixi torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan haqq savaşında şücaət və rəşadət göstərmiş şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyiblər. UNEC-in 23 tələbə və məzununun şəhidlik zirvəsinə ucaldığını bildiriblər.
UNEC-in Zaqatala filialının kollektivi isə Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndindən şəhid olan Əhməd Laçınovun və Yuxarı Tala kəndinin şəhidi Sərxan Ömərovun məzarını ziyarət ediblər.