A

azedu.az

Araşdırmalar göstərir ki, iqtisadi təfəkkür, iqtisadi maariflənmə ölkənin iqtisadi gücünün artmasına səbəb olur.

Bəs, görəsən, iqtisadi cəhətdən güclü dövlətlərin təhsil sistemi necədir?

Mövzu ilə əlaqədar Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov AzEdu.az-a danışıb.

Professor qeyd edib ki, tədqiqatlar göstərir ki, iqtisadi cəhətdən güclü dövlətlərin də iqtisadi maarifləndirilmədə problemləri var:

“Biz fikirləşirik ki, iqtisadi təfəkkür, akademik düşüncə ilə bağlı bizim ölkədə problemlər var, ancaq tədqiqatlara əsasən məlum olur ki, ABŞ, İsveç və Finlandiyada da iqtisadi təfəkkür, iqtisadi təhsil, iqtisadi maarifləndirmə sahəsində böyük problemlər var. Buna görə də dövlət qərar verib ki, hansı ixtisasa sahib olmasından asılı olmayaraq hər kəs iqtisadi cəhətdən maarifləndirilməlidir.  Çünki hər kəs üçün gəlir və xərclərin idarə edilməsi vacibdir. Ən birinci məsələ təkcə dövlət və cəmiyyətin deyil, ailə fərdlərinin büdcəni idarə etməyini bilməsidir. Bu səbəbdən özəl kurslar, ictimai proqramlar təşkil olunur.

İqtisadi təfəkkürə, humanitar və ekoloji dəyərlərə sahib olmadan ali təhsilli məzun olmağın faydası yoxdur. Ali təhsildən məzun olanlar çox güclü iqtisadi təfəkkürə, ekoloji və humanitar dəyərlərə sahib olmalıdır.

Humanitar dəyərlərlə bağlı ABŞ-dən əlavə Sankt- Peterburqda, Moskvada insanların əqli, mənəvi, mülkiyyət, intellektual zənginliyini artırmaq üçün ciddi işlər görülür. “Социальные и гуманитарные науки сер 8 науковедение 2022 / 2” jurnalında  ABŞ, İsveç və Türkiyədə aparlan tədqiqatla bağlı qeyd olunub ki, bu ölkələrdə iqtisadi tədrislə bağlı çox ciddi problemlər var, hətta fənni tədris edən müəllimlərin özləri belə iqtisadi kateqoriyaları və anlayışları təqdim edə bilmirlər. Maraqlısı budur ki, iqtisadi cəhətdən bu qədər inkişaf etmiş, dünya üzrə ilk 10-luğa girən ölkələrdə iqtisadi maarifləndirmədə problemlər mövcuddur.

Finlandiyada müəllimlərdən tələb olunur ki, iqtisadiyyat üzrə əlavə kurslardan keçsinlər. İqtisadi təhsilin verilməsi sadəcə iqtisadçılar üçün deyil, cəmiyyətdəki bütün vətəndaşlar üçün olmalıdır”.

Z.Məmmədov bildirib ki, iqtisadi maarifləndirməni məktəbdən başlamaq lazımdır:

“Bizdə belə bir düşüncə var ki, texniki yaxud pedaqoji, eləcə də humanitar fakültədə oxuyanların iqtisadi biliyə ehtiyacı yoxdur. Xeyr, bu yalnış fikirdir. İqtisadiyyat elə bir sahədir ki, bunu jurnalistikadan tutmuş bütün ixtisaslara qədər hər kəs bilməlidir. İqtisadiyyat hələ hər şeydən əvvəl gündəlik həyatımızda gərəklidir.

Tədqiqatlarda göstərilir ki, insanlar hökümətin verdiyi proqramları anlamalıdırlar. Fevralın 14-ü Prezident İlham Əliyev andiçmə zamanı xüsusi ilə qeyd etdi ki, biz texnoloji dövlət, yüksək iqtisadi gücə sahib ölkə olaraq güclənməyə doğru getməliyik. Bu bizim üçün yeni çağırışdır. Buna görə də bu gün bütün əhalinin iqtisadi cəhətdən maariflənməsini təmin etmək üçün xüsusi konsepsiya hazırlamaq lazımdır. Bəzən eşidirəm ki, “hüquqşünasam və s. ixtisas sahibiyəm mənim iqtisadiyyata nə ehtiyacım var?” deyirlər. Ancaq iqtisadiyyat hamıya aiddir. Adicə bir dərmanın 4 cür qiyməti ola bilər. İnsanın öz iqtisadi gücünü dəyərləndirib, qərar verməsi lazım deyilmi? Axı biz evdə hər birimiz təsərrüfatçıyıq. Bir qrup universitetlər düşünür ki, pedaqoji, texniki sahələrin tədris olunduğu yerdə iqtisadiyyata ehtiyac yoxdur. Düşünürəm ki, bu universitetlərdə iqtisadi portreti gücləndirməık lazımdır. Müəllimlər şagirdlərə, tələbələrə dərs keçərkən iqtisadiyyatı bilməlidirlər. Bu gün bizim problemlərimiz iqtisadiyyatdan qaynaqlanır. Buna görə də bununla bağlı dəyişiklik mütləqdir. Cənab Prezidentin çıxışında “güclü Azərbaycan üçün güclü iqtisadiyyat” məsələsi qoydu. Bunun üçün də ən birinci addım əhalinin iqtisadi cəhətdən maarifləndirilməsidir.

Mənə elə gəlir ki, bu yeni çağırış olmalıdır və müvafiq qurumlar həm cənab Prezidentin qoyduğu məsələyə, həm də bugünkü tədqiqatların nəticələrinə baxaraq addım atmalıdırlar”.

TOP XƏBƏRLƏR