Dövlət Turizm Agentliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və Milli Kulinariya Mərkəzinin birgə təşkilatçılığı ilə Şuşa şəhərində beynəlxalq qastronomiya günü keçirilib.
Beynəlxalq qastronomiya günündə Azərbaycanla birlikdə İslam ölkələri arasında əsas hədəf turizm bazarları hesab olunan Türkiyə, Özbəkistan, Pakistan, Səudiyyə Ərəbistanı və İran kimi ölkələrdən olan kulinariya nümayəndələri təmsil olunublar. Tədbir çərçivəsində iştirakçı ölkələrin ekspertlərinin iştirakı ilə keçirilən dəyirmi masada dünyada halal qida üzrə ixtisaslaşmış destinasiyaların təcrübəsinin öyrənilməsi, İslam dininin qastronomiya mədəniyyətində rolu və perspektivlərin müzakirəsi üzrə təqdimatlar nümayiş etdirilib və fikir mübadiləsi aparılıb. Qastronomiya gününün ikinci hissəsində açıq hava altında yaradılan çadır stendlərində Azərbaycan, İran, Türkiyə və Özbəkistanın birgə “İftar və onunla bağlı sosial-mədəni ənənələr” adlı UNESCO-nun Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilən çoxmillətli nominasiyasına uyğun olaraq ortaq iftar süfrəsini əks etdirən yeməklər əsasında dequstasiya keçirilib.
Sözü gedən tədbirdə UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosentləri Mehriban Məhərrəmova və Günəş Nəsrullayeva konfransda panel müzakirələrində çıxış ediblər.