UNEC-in 95 illik yubileyi çərçivəsində Rus İqtisad Məktəbinin kollektivi universitetin professoru, tanınmış iqtisadçı alim Aydın Hidayət oğlu Səmədovun məzarını ziyarət edib.
Professor Aydın Səmədov 1951-ci il iyulun 20-də Bakı şəhərində anadan olub. 1968–1972-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (əvvəlki AXTİ) Əmtəəşünaslıq fakültəsində ali təhsil alıb. 1979-cu ildə Kiyev Ticarət-İqtisad İnstitutunda iqtisad elmləri üzrə namizədlik dissertasiyasını, 1992-ci ildə isə Moskva Kommersiya İnstitutunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək iqtisad elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. Professor Səmədov uzun illər universitetdə müəllim, baş müəllim, dosent, fakültə dekanı kimi fəaliyyət göstərib, 1996-cı ildə professor elmi adı alıb. O, həmçinin Rusiya Federasiyası Kommersiya Elmləri Akademiyasının müxbir (1998) və həqiqi (2007) üzvü seçilib.
Aydın Səmədovun xatirəsini anılmasında UNEC-in "Tətbiqi iqtisadiyyat" kafedrasının professor-müəllim heyəti ilə yanaşı, mərhum alimin oğlu – Şuşa Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Hidayət Səmədov və Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov da iştirak ediblər. Eyni zamanda, kafedranın veteran professorları, dosentləri və təqaüdə çıxmış əməkdaşları da mərhum professorun xatirəsini yad etmək üçün ziyarətə qatılıblar.