“UNEC-in Fəxri professoru” adı rəhbər və ya elmi-pedoqoji işçi olan, yüksək ixtisaslı mütəxəssis hazırlığında, universitetin elmi-metodiki, tədris-təlim bazasının inkişaf etdirilməsində, yeni texnologiyaların həyata keçirilməsində xüsusi xidmət göstərən mütəxəssislərə veriləcək. Eyni zamanda, ölkənin digər ali məktəblərinin əməkdaşları, dövlət qurumlarında çalışan görkəmli mütəxəssis və xarici vətəndaşlar da bu ada layiq görülə bilərlər.
“UNEC-in Fəxri professoru” adı elmlər doktoru və ya fəlsəfə doktoru (elmlər namizədi) dərəcəsi, azı 15 il elmi-pedaqoji iş stajı, çap olunmuş elmi və metodiki işləri və yaşı 70-dən yuxarı olan əməkdaşlara da şamil ediləcək.
“UNEC-in Fəxri professoru” adına layiq görülmək üçün ilk olaraq, kafedra vəsatət qaldırır. Vəsatət qaldırılma anına qədər iddiaçı müvafiq ərizə ilə rektora müraciət edir. Ərizə kafedra müdirinə göndərilərək kafedra iclasında müzakirə edilir. Fəxri adın verilməsi haqqında vəsatət qaldırılması barəsində qərar qəbul olunarsa, ərizə kafedra müdiri tərəfindən imzalanaraq, fakültə Elmi Şurasında baxılması üçün fakültə elmi katibinə verilir. Şura müsbət qərar çıxardığı halda, rəy hazırlanaraq dekan tərəfindən imzalanır. İddiaçının “UNEC-in Fəxri professoru” adına layiq olması məsuliyyətini fakültə dekanı daşıyır. İddiaçı sənədlərini rektora təqdim edir və universitetin Elmi Şurasında 2 ay ərzində müzakirə olunur. Sənədlərin tələblərə uyğunluğu yoxlanıldıqdan sonra Elmi Şuranın iclasının gündəliyinə daxil edilir. “UNEC-in Fəxri professoru”nun attestatı rektor və elmi katib tərəfindən imzalanaraq, universitetin Elmi Şurasında iddiaçıya təqdim olunur.
“Universitetin Fəxri professoru” adını alan şəxs bu addan məhrum da ola bilər. Bu halda universitetin Elmi Şurasının qərarına uyğun olaraq, universitetin rektoru tərəfindən əmr verilir və həmin əmr addan məhrum olunmuş şəxsə elan edilir.
Bu günə qədər İqtisad Universitetində 28 nəfər “UNEC-in Fəxri professoru” adına layiq görülüb.