Elm də, jurnalistika da axtarış tələb edir.
Elmlə məşğul olanlar da, ömrünü jurnalistikaya həsr edənlər də daim axtarır, tədqiqat aparır, düşünür, çalışır. Çalışır demişkən, jurnalist də, elm adamı da heç vaxt zəhmətdən, çətinlikdən qorxmur. Həm də əməksevərlik, yaxşı mənada inadkarlıq hər ikisinin qanında – canında olmalıdır. Əlbəttə, istedad da gendən gəlir, təbiətin insana bir bəxşişidir. Seçdiyin yol isə böyüdüyün mühitdən, tərbiyə aldığın ailədən istiqamət götürür.
Bir sözlə, əsl elmlə məşğul olmaq büsbütün bir insan ömrünü tələb edir. Jurnalistika da belədir. Gərək bütün varlığınla ona bağlı olasan.
Bir-birindən çətin, mürəkkəb və məsuliyyətli bu sahələrin hər ikisi ilə yanaşı surətdə məşğul olmaq nejə, mümkündürmü? Həyatını eyni zamanda bu sahələrin hər ikisinə ərmağan edənlər var. Amma çox deyil. Onlardan biri də dostumuz filologiya elmləri doktoru, professor Tofiq Əbdülhəsənlidir.
Hər dəfə onunla üz-üzə gələndə, yaxud yoldaşlar arasında haqqında söz düşəndə məhz bir ömürdə iki yolu necə qoşalaşdırdığını özlüyündə araşdırmağa köklənirəm. Tofiq Əbdülhəsənlinin hər iki sahədə əldə etdiyi nailiyyətlərin, qazandığı uğurların səbəbini bilmək, bunlara təəccüblənməmək üçün isə gərək onun özünü yaxından tanıyasan, keçdiyi həyat yoluna bələd olasan. Təbii ki, bu yolun haradan, nejə başlandığını biləsən.
Pirəbbədən başlanıb bu yol. Neftçala rayonunun zəhmətkeş, duz-çörəkli, halal, açıq ürəkli və açıq alınlı Pirəbbə elindən. Burada xanım-xatın Xanımnaz ananın laylarını canına hopdura-hopdura böyüyüb, boy atıb. Burada ailəsini halal çörəklə saxlayan, övladlarına da bu yolu göstərən atası Əbdüləziz kişidən insanlıq və mərdlik dərsi alıb.
Tofiq ilk addımlarını Xəlil Rza Ulutürkün qədəm basdığı yerlərdə atıb. Böyük şair neçə dəfə sağ əli ilə onun başını sığallayıb, sənət yolu, ömür yolu seçəndə isə xeyir-duasını verib.
Tofiq Əbdülhəsənli uşaqlıqdan zəhmətkeş olub. Orta məktəbi bitirəndən sonra istehsalat təyinatlı müəssisədə əmək fəaliyyətinə başlayıb. Bir il sonra müvəffəqiyyətlə imtahan verib Azərbaycan Dövlət Universitetinə (indi Bakı Dövlət Universitetidir) qəbul olandan sonra da istehsalatdan ayrılmayıb. Həm təhsil alıb, həm də işləyib. Bəlkə də vaxtını düzgün bölmək, yanaşı işə məsuliyyətli olaraq peşəkar olmaq vərdişni, səriştəsini elə o illərdə qazanıb?!
Universiteti bitirəndən sonra da bir neçə il istehsalat yönümlü müəssisədə çalışıb. Heç vaxt mənasız tələsməyib, öz məqsədinə, amalına doğru səbrlə, inamla gedib. Bəzi «arxalı» tay-tuşları, yaşıdları sürətlə irəliləyəndə, Tofiq darıxmayıb, öz iradəsinə bel bağlayıb, öz bacarığına güvənib.
1985-ci ildən Tofiq Əbdülhəsənli artıq "Gənclik" nəşriyyatında redaktor vəzifəsində çalışmağa başlayır. Paralel olaraq Azərbaycan Televiziyası və Radiosu üçün silsilə verlişlər hazırlayır və maraqlı reportajlarla çıxış edir. Eyni zamanda əsl telejurnalist və redaktor kimi yetişir.
Nəşriyyatda işləyə-işləyə Bakı Dövlət Universitetində dərs deyir. Görünür, bu iki istiqamətli fəaliyyət onun alın yazısında var…
1987-ci ildə Tofiq Əbdülhəsənlini Moskvaya, Ali Mətbuat İnstitutunda mətbuat kursları keçməyə göndərirlər. Burada da o, keçmiş SSRİ-nin "Pravda", "İzvestiya", "Trud", "Sosialistiçeskaya industriya" kimi mərkəzi qəzetlərinin, eləcə də müttəfiq respublikalarda çıxan aparıcı mətbuat orqanlarının təcrübəsindən bəhrələnir.
1990-cı ildə Tofiq Əbdülhəsənli rəsmi dövlət qəzeti, Milli Məclisin orqanı olan "Azərbaycan" qəzetinə şöbə müdiri təyin olunur.
Çətin dövr idi, çox çətin... Azərbaycan iqtisadiyyatı tənəzzül dövrünü yaşayırdı. Müəssisələrin çoxunda iş dayanmışdı. Kənd təsərrüfatında məhsul istehsalı aşağı səviyyəyə enmişdi. Fəhlələr, sadə zəhmətkeşlər aylarla öz halal əməkhaqlarını ala bilmirdilər.
Bölgələrdən insanlar iş, dolanışıq axtarışı ilə yad məmləkətlərə üz tuturdular. Kəndlərdə qaz, işıq qeybə çəkilmişdi. Miqrasiya, kənddən şəhərə axın vardı.
1993-cü ilin ortalarında xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi. 1994-cü il senityabrın 20-də dünyanın tanınmış şirkətləri ilə Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarının birgə işlənməsi barədə hasilatın pay Bölgüsü Sazişi – "Əsrin müqaviləsi" imzalandı. İqtisadiyyatın bütün sahələrində islahatlar aparılmağa başladı. Ölkə yavaş-yavaş qəddini düzəltdi, yüksəlişə doğlu addımladı. Bütün bunlar "Azərbaycan" qəzetində Tofiq Əbdülhəsənlinin rəhbərlik etdiyi iqtisadiyyat şöbəsi tərəfindən işıqlandırılırdı. Bir çox məqalələr, şərhlər, iqtisadi icmallar Tofiq Əbdülhəsənlinin öz qələmindən çıxırdı. Yeni Azərbaycan partiyasının üzv kimi əlində qələm müstəqilliyə qovuşmuş ölkənin möhkəmlənməsinə, inkişafına, güclü, qüdrətli Azərbaycan quruculuğuna öz töhfəsini verirdi.
1990-cı illərin ortalarında iqtisadi biliklərə yiyələnmək həvəsi ilə o, Azərbaycan Dövlət İqtisad Universitetinə daxil oldu və 2000-ci ildə oranı fərqlənmə diplomu ilə bitirdi.
Beləcə, Tofiq müəllim "Azərbaycan" qəzetində aparıcı şöbələrdən birinə rəhbərlik edə-edə və İqtisad Universitetində ikinci ali təhsil ala-ala 1998-ci ildə filologiya üzrə namizədlik dissertasiyası da müdafiə etdi.
Yeri gəlmişkən: Tofiq Əbdülhəsənli harada işləyirsə işləsin vətəndaşlıq, azərbayjançılıq ideyasından çıxış edir, nədən yazırsa yazsın məqaləsinin, əsərinin mayasını ölkəsinin, dövlətinin azadlığı, müstəqilliyi, inkişafı mövzusu təşkil edir.
Elə namizədlik dissertasiyasının mövzusu da Azərbaycan şairlərinin əsərlərindəki siyasi lirika idi. Bu mövzuda tədqiqatlarını davam etdirən, başqa sözlə, mövzusuna sadiq qalan filoloq-alim 15 ildən çox vaxt ərzində doktorluq işi üzərində çalışdı. 2014-cü ildə müdafiə etdiyi doktorluq dissertasiyası da Azərbaycanın istiqlal mövzusuna həsr olunub.
Tofiq Əbdülhəsənli uzun illərdən bəri bir alim-pedaqoq kimi öz bilgilərini sevimli tələbələri ilə bölüşür. O, Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiridir. İstər Universitetin professor-müəllim heyəti, istərsə də tələbələri arasında hörmət, nüfuz sahibidir. Çalışdığı kollektiv, iş yoldaşları, həmkarları onu səmimiyyətinə, mehribanlığına, hər an köməyə hazır olduğuna, sözübütövlüyünə görə sevirlər.
Tələbələri üçün isə həm ciddi, həm də qayğıkeş müəllimdir. Çalışır ki, onların hamısı dərin biliyə yiyələnsin, Azərbaycan dilini və ədəbiyyatını, başlıcası, Vətənini sevsin. Amma yeri gələndə Tofiq müəllimin hər tələbəyə fərdi yanaşmaq, ona məsləhət vermək, kömək etmək kimi gözəl xüsusiyyətləri də var.
Tofiq müəllimin üzündə həmişə xoş bir ifadə görünür. Sanki bu ifadə də onunla qoşa doğulub. Ən çətin anlarında belə o işıqlı ifadə onunla birlikdədir. Başqa sözlə, Tofiq müəllim sevincini insanlarla paylaşmağa, kədərini isə heç kəslə bölüşməməyə çalışır. Hərçənd ömür yollarında dərdi, çətinliyi də az olmayıb. Gənc qardaşının faciəli ölümünün, vaxtsız ana itkisinin kədərini yaşayıb. 1990-cı ilin 20 Yanvarından üzübəri şəhid verdiyimiz oğulların itkisindən doğan qəm də bir vətəndaş və insan kimi Tofiq müəllimin qəlbindən keçib.
Onun üçün həyatda heç nə "göydən zənbildə düşməyib". Nəyi varsa, hamısına zəhməti, alın təri ilə nail olub. Ömür-gün yoldaşı ilə əl-ələ verib ev-ocaq qurub, üç övlad böyüdüb, onların necə deyərlər, əlini çörəyə çatdırıblar.
Tofiq Əbdülhəsənli bu gün də yorulmadan çalışır. Alim, jurnalist, publisist qələmi daim əlindədir. Ölkənin iqtisadi həyatının elə bir sahəsi yoxdur ki, onun hazırladığı materiallarda öz əksini tapmasın. Tofiq Əbdülhəsənli mütəmadi olaraq ölkənin iqtisadi inkişafı, qarşıdakı hədəfləri, həlli vacib məsələləri, neft strategiyası barədə oçerk, şərh, icmal, məqalələrlə çıxış edib.
Tofiq müəllim elm sahəsində də yorulmadan tədqiqatlarını davam etdirir. Azərbaycanda, eləcə də xaricdə nəşr olunan nüfuzlu elmi jurnallarda sanballı məqalələrlə çıxış edir. İndiyədək ölkədə 150-dən çox, onun hüdudlarından kənarda isə 25 elmi məqaləsi dərc olunub. 10 beynəlxalq elmi konfransda iştirak edib, onların çoxunda həm də çıxış edib. Bir sıra konfransların və bölmə iclaslarının moderatoru olub.
Və hələ bunlar da Tofiq Əbdülhəsənlinin yaradıcılığı haqqında tam məlumat deyil. Belə ki, onun yazdığı bir sıra dərsliklər və dərs vəsaitləri, metodik göstərişlər və proqramlar, monoqrafiyalar var. "Azərbaycan dili və nitq mədəniyyəti", "İşgüzar yazışmalar", "Azərbaycan dili və ədəbiyyatı", "İşgüzar Azərbaycan dili" kimi dərsliklər, "Dilimiz – varlığımız", "Azərbaycan dili" kimi dərs vəsaitləri, "Azərbaycan dili və nitq mədəniyyəti", "İşgüzar yazışmalar" kimi proqramları və bu qəbildən olan neçə-neçə digər əsəri müəllifin təkcə bir alim kimi bilgilərini deyil, həm də onları tələbələrə necə çatdırmağın münasib yolunu seçən, tədris prosesinə dərindən bələd olan müəllim, pedaqoq olduğunu təsdiqləyir.
Qaldı ki, monoqrafiyalarına, bu janrda olan "Poetik sözün vüsəti", "Vətəndaş yanğısı", "İstiqlal işığında" və digər yazıları bir ədəbiyyat bilicisinin, filoloq-alimin qələminin məhsuludur.
Əsərləri Həsənbəy Zərdabi mükafatına layiq görülmüş dostumuz bir-birinə ideya və məzmunja yaxın olan iki yaradıcılıq təşkilatının – Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvüdür.
2020-ci il onun üçün düşərli il olub. Qoşa sevinc gətirib. Ömrünün 65-ci pilləsinə qədəm qoyan dostumuzun, qələm yoldaşımızın həm yubileyini qeyd edirik, həm də bu il o, ölkə Prezidentinin möhtərəm İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub . Tofiq müəllim həm də Respublikanın “Əməkdar Mədəniyyət İşçisi”dir.
Professor Tofiq Əbdülhəsənliyə bol-bol belə sevincli günlər, xoşbəxtlik arzulayır, elmi-pedaqoji və publisistik fəaliyyətində yeni-yeni uğurlara imza atmasını gözləyirik.
Fazil Novruzov
Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri