A

1918-ci ildə Azərbaycan  Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və digər ziyalılarımızın böyük xidmətləri olub.

Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunub. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi: Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, təhsilin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanı xalqının sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

Azərbaycan Xalq Cümhuriyyəti xüsusən təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində fəaliyyəti ilə yadda qaldı. Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərdən biri tədris müəssisələrinin milliləşdirilməsi oldu. 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti Dövlət Universitetinin təşkili haqqında qanun qəbul etdi və bununla milli təhsil ocağının əsası qoyuldu. Demokratik respublika dövründə kitabxana və muzey işinin quruluşunda böyük yeniliklər edildi. Azərbaycan hökuməti geniş oxucu kütləsinin ehtiyaclarını ödəmək üçün Bakıda ümumi kitabxana təşkil etmək məsələsini qaldırdı. Artıq 1920-ci ilin aprelinə qədər Azərbaycanda 95 min nüsxə kitab fondu olan 11 kitabxana var idi.

1991-ci ildə də ikinci dəfə müstəqillik əldə edəndə ölkəmiz yenidən çətinliklərlə qarşılaşdı. Sovet imperiyasının dağılmasından sonra yenidən müstəqilliyə qovuşan Azərbaycan bu dəfə  də ayaqda durmağı bacardı, müstəqilliyini qoruyaraq Cənubi Qafqaz regionununda lider dövlətə çevrildi. Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.

Ulu öndərimiz dəfələrlə qeyd etmişdir ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.

Ümummilli liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısının sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi.

Dövlət müstəqilliyinin bərpasının 30-cu ilini yaşayan Azərbaycanın əldə etdiyi dövlət müstəqilliyinin möhkəmlənməsi, beynəlxalq nüfuzunun artması, respublika iqtisadiyyatının dayanıqlı inkişafının təmin olunması, xalqın rifah halının mütəmadi olaraq yüksəlməsi və digər tarixi nailiyyətlər silsiləsi məhz ümummilli lider Heydər Əliyevin xalqın çağırışı ilə Azərbaycana rəhbərliyə qayıdışından başlanır. Bu qaydış bizə çox naliyyətlər yaşatdı. 2020-ci ilin sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsinin təməli də məhz o qayıdışla qoyuldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə igid, cəsur və Vətəni üçün hər an canından keçməyə hazır olan müzəffər ordumuzun qazandığı Zəfər müstəqilliyimizin 30 illiyinə an ali hədiyyədir.

Zaur Vəliyev,
UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin tərbiyə işləri üzrə direktor müavini

TOP XƏBƏRLƏR