Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Yunanıstan Respublikasının Qərbi Makedoniya Texniki Təhsil İnstitutu arasında bağlanan əməkdaşlıq memorandumuna əsasən “Neft və qazın idarəedilməsi və daşınması” (MOGMAT) üzrə magistr proqramı fəaliyyətə başlayıb.
Proqrama əsasən UNEC-in “Beynəlxalq İqtisadiyyat” (ingilis dilli) kafedrasının müəllimi Fariz Quliyev Yunanıstanın Qərbi Makedoniya Texniki Təhsil İnstitutunda Avropa Kredit Transferi Sisteminə əsasən akademik yükü 7.5 kreditə bərabər olan “Neft və qaz sənayesinin iqtisadiyyatı” fənnini müvəffəqiyyətlə tədris edib və bununla da UNEC proqram çərçivəsində bir ilkə imza atıb.
Magistrantlar “Neft və qaz sənayesinin iqtisadiyyatı” fənnini maraqla dinləyiblər. Magistrantlara enerji resurslarının idarəedilməsi, istehsalı, daşınması, enerji resurları ilə ticarət, neft və qaz bazarları, neft-qaz məhsullarının maliyyə qiymətləndirilməsi, enerji resursları üzrə investisiya qərarlarının verilməsi, neft və qaz sənayesində qanunvericilik, vergiqoyma və enerji resurslarının ətraf mühitə təsirinin iqtisadiyyatı mövzuları tədris edilib. Magistrantlara Avropa Birliyi ölkələri, Amerika və Kanadada enerji resurslarından asılılıq problemlərinin iqtisadi, siyasi və ekoloji əsasları, o cümlədən enerji resurlarının problemlərinə Amerika və Kanada yanaşması və nəhayət hər bir vətəndaşın cəmiyyət quruculuğunda səsinin eşidilməsi və sosial lisenziyanın formalaşması istiqamətində nəzəri və praktik məlumatlar verilib, müzakirələr aparılıb.
Həmçinin, UNEC ilk dəfə olaraq Avropa Birliyinin üzv ölkəsi olan Yunanıstan Respublikasının təhsil nazirliyinin “Akademik ad və məlumatların tanınması üzrə təşkilatı” tərəfindən Yunan ali təhsil müəssisələrinə ekvivalent universitet statusu alıb. Bununla da, UNEC-dən müvəffəqiyyətlə məzun olan tələbələr Avropa Birliyinin üzv ölkəsi olan Yunanıstan Respublikasında əmək və akademik fəaliyyət göstərdikləri zaman UNEC-in Yunanıstan ali təhsil müəssisələrinə ekvivalentlik statusundan yararlanması mümkün olub. Qeyd edək ki, təhsil qaydalarına uyğun olaraq bu ekvivalentlik statusu UNEC tələbələrin akademik proqramlarının və ya ixtisaslarının adının ekvivalentliyi demək deyil.
Qeyd edək ki, UNEC və Yunanıstan Respublikasının Qərbi Makedoniya Texniki Təhsil İnstitutu arasında bağlanan beynəlxalq akademik əməkdaşlıq memorandumuna əsasən hər iki təhsil müəssisəsi arasında akademik heyətin mübadiləsi, elmi tədqiqatların aparılması və təhsilin digər istiqamətlərində əməkdaşlığın davam etdirilməsi gələcəkdə də həyata keçiriləcək.